Güclü dövlətə, işıqlı gələcəyə, sürətli inkişafa səs verdik

 

Seçmək və seçilmək haqqı, hüququ hər bir millətin, xalqın inkişafının əsasıdır. Prezident seçkiləri isə, ümumiyyətlə, hər bir ölkənin, xalqın siyasi həyatında mühüm hadisədir. Həmişə olduğu kimi, bu dəfə də prezident seçkilərinin şəffaf, demokratik və azad keçirilməsi, vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələri üçün Azərbaycan dövləti bütün lazımi şərait yaratmışdı. Bunu seşkilərin gedişi, ayrı-ayrı tanınmış insanların, görkəmli mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin seçkidəki fəallığı bir daha sübut etdi. Hamı kimi onlar da öz vətəndaşlıq iradələrini ifadə etməkdən qürur duyduqlarını söylədilər.

 

Mən yenidən

 

İlham Əliyevə səs verdim

 

Arif BABAYEV,

"İstiqlal" ordenli xalq artisti:

 

- Allaha şükür edirəm ki, bu möhləti mənə verdi. Mən yenidən inandığım, Azərbaycanı işıqlı gələcəyə aparan bir şəxsiyyətə - İlham Əliyevə səs verdim! Açıq deyəcəyəm: cənab İlham Əliyevin heç bir müdafiəyə, vəkilə ehtiyacı yoxdur. Gördüyü işlər göz qarşısındadır. Azərbaycan muğamlarını, musiqisini, mədəniyyətini nəinki inkişaf etdirdi, onu xilas etdi, tərəqqisi üçün yeni mərhələnin əsasını qoydu. Bir xanəndə, sənətkar kimi özümü xoşbəxt sanıram ki, İlham Əliyevin rəhbərlik etdiyi dövrü gördüm, Azərbaycanın bölgədə seçilən bir dövlət, ölkə kimi necə çiçəkləndiyinin şahidi oldum. İlham Əliyevə səs vermək xoş gələcəyə, sabitliyə, sülhə səs verməkdir! Əmin-amanlıq olan yerdə isə yaşayış və həyat var!..

 

 

Azərbaycanın uğurlu gələcəyinə səs verdik

 

Fikrət Qoca,

"Şöhrət" ordenli xalq şairi:

 

- Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə respublikaya rəhbərliyinin birinci dövründə qoymuşdur. Sovetlərin tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı məqsədilə hərbi məktəblərin açılması, ölkəmiz üçün zəruri sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün keçmiş İttifaqın ali məktəblərinə gənclərin göndərilməsi, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Gəlin, bugünkü Azərbaycanı 10 il əvvəlki illə müqayisə edək. Hər gün Azərbaycanın həyatında mühüm hadisə ilə yadda qalır. Artıq ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki illərdə ölkə reallıqlarını təbliğ etmək üçün bu və ya digər ölkəyə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan gündəlik belə təqdimatlarını edir. Hər həftə ölkəmizdə belə mühüm tədbirlər keçirilir.

Heydər Əliyev məktəbindən dərs alan cənab İlham Əliyev müxtəlif xarici dilləri öyrənməyə maraq göstərməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırılması üçün bir imkan əldə etdi.

Dövlət başçısı İlham Əliyev daim bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görə bilərik. Gerçəklikləri düzgün dəyərləndirmək lazımdır. Bu günümüz sabahımıza, sabahımız gələcəyimizə stimul olmalıdır.

Cənab İlham Əliyevin son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı zirvələrə yüksəltməsindən qürur duyuram. Bu gün prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olduq!

 

Bu, Heydər Əliyev siyasətinin təntənəsidir

 

Əlibaba MƏMMƏDOV,

"İstiqlal" ordenli xalq artisti:

 

- Dünyanın elə bir ölkəsi yoxdur ki, orada mədəniyyət işçisinə bizim ölkədəki qədər diqqət göstərilsin. Bu gün gerçəyə çevrilən, ümummilli liderin tərəfindən əsası qoyulan ideyalar nəticəsində Azərbaycan dinamik inkişaf edir. Bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. "Hər bir xalq öz mədəniyyətinə görə tanınır" - deyən ulu öndər bu sahəyə xüsusi diqqət yetirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Heydər Əliyevin diqqət və qayğısından bəhrələnirdilər. Təsadüfi deyil ki, dövlətin ali mükafatlarını və Prezident təqaüdünü alanların çoxu mədəniyyət və incəsənət işçiləridir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir.

Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməliyik. Müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır. Mən bir daha ölkəmizi inkişaf etdirən, dünyaya tanıdan, mədəniyyətimizə və incəsənətimizə dövlət qayğısını əskik etməyən namizədə səs verdim: bu, cənab İlham Əliyevdir! Mənə belə gəlir ki, nəinki mədəniyyət və incəsənət adamları, bütövlükdə xalqımızın seçimi cənab İlham Əliyevdir! Biz istəyirik ki, xalqımızın etimadını indiyə kimi əməli fəaliyyətində doğruldan dövlət başçısı bu inkişafı davam etdirsin və işğal altında qalan torpaqlarımızda da maddi və mədəniyyət nümunələrinin bərpasına nail olaq. Əminəm ki, belə də olacaq!

 

Ölkəmizin daha firavan gələcəyi naminə

 

 

Alim QASIMOV,

"Şöhrət" ordenli xalq artisti:

 

- Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyəti siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan mədəniyyətinin yeni mərhələdə inkişafda olduğunu göstərir. Müasir dövrdə mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqətində saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır.

Cənab İlham Əliyevin ötən dövr ərzində Prezident kimi fəaliyyəti istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı. Yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində xalqımızın rifah halı son dərəcə artmışdır. Azərbaycan qüdrətli bir dövlətə çevrilib. İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni bir görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir.

Bu gün Azərbaycanın həyatında baş verən dəyişiklikləri hər bir Azərbaycan vətəndaşı həyatında, üzərində hiss edir. Bütün yaşanılan qələbələr, uğurlu, firavan həyat hər bir insanı Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir. Heç şübhəsiz ki, növbəti 5 il ərzində də bu nailiyyətlər bizi müşayiət edəcək.

Prezident seçkilərindən sonra da xalqımızı böyük uğurlar və qələbə gözləyir. 10 ilin reallıqları bunu bizə deməyə əsas verir. Azərbaycan xalqının böyük əksəriyyəti, xüsusilə də, bütün mədəniyyət işçiləri prezident seçkilərində cənab İlham Əliyevə səs verdiyinə əminəm, ölkəmizin daha firavan gələcəyi naminə!

 

O, dostu sevindirən, düşmənin bağrını yaran Azərbaycanın qurucusudur

 

 

Canəli ƏKBƏROV,

 

"Şöhrət" ordenli xalq artisti:

- Ailə üzvlərimlə birlikdə seçki məntəqəsinə gedərək məhz İlham Əliyevə səs verdim. Başqa cür də ola bilməzdi. Əgər Heydər Əliyev müstəqil Azərbaycanın banisidirsə, cənab İlham Əliyev də çiçəklənən, inkişaf edən, gündən-günə gözəlləşən, dostu sevindirən, düşmənin bağrını yaran bugünkü Azərbaycanın qurucusudur. Bir sənətkar kimi bölgələrimizə tez-tez gedirəm. Gördüklərimə inana bilmirəm. Paytaxtdan başlanan quruculuq bütün ölkəmizi bürüyüb. Həqiqətən də, gözəllik, müasirlik, özəllik görmək istəyən respublikamıza gəlsin! Azərbaycan özü boyda bir gözəllik sərgisidir. Onu bu əzəmətə, bu şərafətə, bu ucalığa çatdıransa məhz ölkəmizin başçısıdır! Tamamilə qətiyyətlə və ürəkdən deyirəm ki, bütövlükdə Azərbaycan vətəndaşları ürəklə, inamla seçki məntəqələrinə gəldilər və sevdiyimiz, etibar etdiyimiz şəxsə - İlham Əliyevə səs verdilər! Mənim belə söyləməyimin əsası var. Hələ seçkidən öncə həmkarlarımızla, dost-tanışlarımızla bir yerə yığışaraq müzakirələr aparır, namizədimizi müəyyənləşdirirdik. Birmənalı olaraq hamımız bir fikrin üzərində qətiyyətlə dayandıq! Seçimimiz İlham Əliyevdir!

 

Azərbaycanın son on ildə qazandığı uğurlar İlham Əliyevin qələbəsini şərtləndirir

 

 

Nəriman HƏSƏNZADƏ,

"Şöhrət" ordenli xalq şairi:

 

- Ulu öndər Heydər Əliyev bildirirdi: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır". Azərbaycanlı olması ilə böyük qürur duyan ulu öndər Heydər Əliyev bildirirdi ki, hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.

Azərbaycan demokratik ölkə olduğunu dəfələrlə dünyaya nümayiş etdirib. Əminəm ki, bu seçkilər də uğurlarımız sırasında olacaq. Xalqımız seçici hüququndan sərbəst istifadə edərək istədiyi namizədə səs verir. Çalışaq ki, seçimimizi düzgün edək. Azərbaycanın son on ildə qazandığı uğurlar dövlət başçısı İlham Əliyevin qələbəsini şərtləndirir. Mən cənab İlham Əliyevə səs verərək növbəti beş ildə ölkəmizin daha böyük uğurlarından qürur duyacağımıza əminəm!

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi göz qarşısındadır. Azərbaycan bir-birindən əhəmiyyətli uğurlara imza atmaqla beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir, əsl söz sahibinə çevrilir. Azərbaycanın bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qarşısında, dünya əhəmiyyətli tədbirlərdə dalğalanır, yüksəklərə qaldırılır. Bu, Azərbaycanın varlığı, dünyaya təqdimatı deyilmi?

 

İlham Əliyev gözümüzə işıqdır

 

 

İlham ZƏKİYEV,

"Şöhrət" ordenli ikiqat paralimpiya çempionu:

 

- Azərbaycan kimi ölkədə idmançı olmaq çox şərəflidir. Əldə etdiyim uğurların arxasında xeyli gərgin məşqlər, bir də xalqımın arzusu, xeyir-duası dayanıb. Bu qələbədə mənə dəstək olan "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, Milli Paralimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinə minnətdaram. Amma ən böyük himayədarım ölkə başçısına xüsusi təşəkkür edirəm. Nə yaxşı ki Azərbaycanın İlham Əliyev kimi idmansevər Prezidenti var. Əldə etdiyim uğurlara görə ilk növbədə, xalqımıza və İlham Əliyevə minnətdaram. Bir insan və idmançı kimi taleyim elə gətirib ki, bu diqqət, qayğı olmadan nəinki idmanda nailiyyətlər qazanmaq, hətta yaşamaq belə çətin olardı.

1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Hərbi xidmət vaxtı kəşfiyyatçı idim. 1999-cu ildə Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən, erməni snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib sağdan çıxdı. Nəticədə hər iki gözümün işığından məhrum oldum. Milli Paralimpiya Komitəsinin köməyi sayəsində idmana qayıtdım. O vaxt Milli Olimpiya Komitəsinin prezidentinə - möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səhhətimlə bağlı müraciət etdim. O, məni Moskva şəhərinə yolladı. Orada tam müayinədən keçdim. Həkimlər dedi ki, sənin müalicən bugünkü tibdə mümkün deyil. Amma ruhdan düşmədim.

Gərgin məşqlərin nəticəsində əvvəlcə 2004-cü il Afina, sonra isə 2008-ci il Pekin paralimpiadalarında qızıl medal qazandım. Bunlarla yanaşı, iki dəfə Avropa və dünya çempionu oldum, Pekin paralimpiadasında ilk dəfə Azərbaycan himnini səsləndirmişəm. Bir idmançı kimi özümü çox xoşbəxt hiss edirəm. Hər bir idmançıya da bu hissləri yaşamağı arzulayıram.

Artıq xeyli vaxtdır Sumqayıtda Paralimpiya Kompleksi də istifadəyə verilib. Onun açılış mərasiminə ölkə Prezidenti İlham Əliyev qatılmışdı. Cənab İlham Əliyev Sumqayıt şəhərində biz idmançılara MDB ölkələrinin hələ heç birində olmayan, beynəlxalq standartlara uyğun yeni Olimpiya kompleksini hədiyyə etdi. Mərasim çərçivəsində bizim paralimpiya oyunlarına yolasalma mərasimi də keçirildi. Prezidentimiz bizə öz tövsiyələrini verdi. Həmin tövsiyələrin nəticəsidir ki, Pekin paralimpiadasında Azərbaycanı təmsil etmiş 18 idmançı 10 medalla - 2 qızıl, 3 gümüş, 5 bürünc medalla qayıtdılar. Bu qələbələrimin nəticəsidir ki, "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" fəxri adına, "Tərəqqi" medalına, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" mükafatı laureatı adına layiq görülmüşəm. Milli Paralimpiya Komitəsinin kapitanıyam. Paralimpiya oyunları zamanı, iki dəfə - Pekində də, Londonda da bayrağımızı qaldırmaq kimi şərəfli bir vəzifəni mənə həvalə etmişdilər. Toyum olanda respublikamızın Prezidenti cənab İlham Əliyev mənə təbrik məktubu göndərmişdi. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən biz idmançılara çox dəstək oldu. Ulu öndər Heydər Əliyev idmançıları qəbul edəndə gözəl bir söz demişdi: "Mən başqa elə bir sahə tanımıram ki, Azərbaycanın dövlət atributlarını idman sahəsində olduğu qədər təmsil eləsin".

Mən olimpiya oyunlarında qalib gələn zaman bayrağımız qaldırılanda, himnimiz səsləndiriləndə ürəyim fərəhdən yerə-göyə sığmırdı. Azərbaycan idmançısı qalib gələndə iştirakçılar istər-istəməz gedib xəritədə Azərbaycanı axtarıb tapacaq, azərbaycanlılar barədə məlumatlanmağa çalışacaqlar. Görəcəklər ki, Azərbaycan haradır, necə yerdir və onun necə güclü övladları var. Azərbaycan idmançılarının bəxti onda gətirib ki, onların İlham Əliyev kimi Prezidenti var. Cənab Prezident olimpiyaçılarımızı şəxsən, bir-bir tanıyır, hər bir problemlərimizlə yaxından maraqlanır. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında qalib gələndə cənab Prezidentin tapşırığı ilə mənə yeni mənzil hədiyyə edildi. 2008-ci ildə Pekin Paralimpiya Oyunlarının qalibi olanda isə mənə zəng gəldi ki, cənab Prezident sənə maşın hədiyyə edir, hansı rəngi bəyənirsən? Bakıdan Sumqayıta Nissan-Pathfinder maşınını evakuatorla qapımıza gətirdilər, sürə-sürə yox ha... Dedilər, cənab Prezident deyib ki, qoy, İlham maşının qapısını açıb sükanın arxasında ilk dəfə özü otursun.

Rəhbərlik tərəfdən belə diqqət, qayğıkeş, həssas münasibət yarışlarda qalib gəlməyim üçün mənə çox böyük stimul verir. Hər dəfə biz idmançılar yarışlardan vətənə dönəndə cənab Prezidentimiz bizimlə görüşür, təbrik edir, qiymətləndirir, hər bir qələbəmizi fərəhlə qarşılayır. Bu da gələcək yarışmalarda qalib gəlmək üçün bizə ruh verir.

Qarşıda çoxlu planlarım var. Ən böyük məqsədim 2016-cı ildə RİO-da keçiriləcək növbəti Paralimpiya Oyunlarına, ondan əvvəl isə Avropada keçiriləcək olimpiya oyunlarına ciddi hazırlaşıb vətənə qalib kimi qayıtmaqdır.

Biz idmançıların yaxın dostu olan İlham Əliyev cənablarını hər zaman dəstəkləyirik. Çünki idmana, gənclərə qayğı, millətin gələcəyinə qayğı deməkdir. Bu gün gənclərə qayğıdan danışanda ilk olaraq Prezidentimiz İlham Əliyevin gördüyü xeyirxah işlər yada düşür. Bu xeyirxah işlərin davamı üçün digər idmançılarımız kimi mən də yenidən ölkə başçımıza səs verdim.

 

Bu siyasətin alternativini görmürəm

 

 

Fərhad BƏDƏLBƏYLI,

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti:

- Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə nəzərəçarpan tərəqqi əldə edib, dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb. Azərbaycan bölgədə baş verən strateji, siyasi, iqtisadi və mədəni proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Dövlətimiz özünün siyasi-iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Bu gün Azərbaycanda güclü inkişaf müşahidə olunmaqdadır. Bunu təkcə mən yox, ildə bir neçə dəfə Azərbaycana qonaq gələnlər də qeyd edirlər. Bütün bunlar isə yalnız sabit ölkələrdə baş verə bilər.

Hazırda Azərbaycan dünyanın ən sakit və əmin-amanlığın bərqərar olduğu bir məmləkətdir. İnsanlar ailələri ilə rahat şəkildə küçədə gəzir, alış-verişlərini edirlər. İldə minlərlə turist Azərbaycana gəlir və onlar ölkəmiz haqqında geniş bilgilərə sahib olurlar. Həmçinin ölkəyə xarici investisiya qoyulur. Ölkənin gəlirləri artmaqdadır. Ən əsası da Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Bunlar hamısı Azərbaycanın indiki iqtidarı və cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artır, ayrı-ayrı təşkilatlar, eləcə də dövlətlərlə əməkdaşlığı daha da güclənir. Müxtəlif beynəlxalq forumlarda, tədbirlərdə Azərbaycan daha geniş şəkildə təqdim olunmaqdadır.

Bu kimi faktorlar prezident seçkilərində cənab İlham Əliyevin bir daha qalib olacağına və növbəti beş ildə də Azərbaycan Prezidenti seçilməsinə şansları artırır. Onu da deyim ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqı seçkilərdə ən layiqli namizəd kimi cənab İlham Əliyevə səs verəcək! Mən də məhz xalqımızın seçiminin məhz İlham Əliyev olduğunu bildiyimdən, haqqa, ədalətə və inkişafa səs verdim. Bu, nəinki mədəniyyət və incəsənətimizin hamisi, xalqımızın və dövlətimizin gələcəyinin qarantı olan cənab İlham Əliyevdir və bu siyasətin alternativini görmürəm!

 

O, hər bir azərbaycanlının Prezidentidir

 

Mənsum İBRAHİMOV,

"Şöhrət" ordenli xalq artisti:

- Bildiyimiz kimi, UNESCO Azərbaycanda xalqımızın tarixi, incəsənəti, musiqisi və bütövlükdə mədəni irsi ilə maraqlandıqca xəzinə kəşf etrmiş kimi heyrətini gizlətmir, zəngin mədəni sərvətimizi dünyada təbliğ edən nüfuzlu beynəlxalq təşkilatlardan biri kimi Azərbaycanla əməkdaşlığın çərçivəsini daha da genişləndirir. Məhz bu mötəbər təşkilatla Azərbaycan dövlətinin sıx əməkdaşlığının nəticəsidir ki, xalqımızın tarixi keçmişini, həyat tərzini, adət-ənənələrini özündə yaşadan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız qalası ilə yanaşı, muğamlarımız, aşıq sənətimiz də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. 2003-cü ildən Azərbaycan muğamları da bu mötəbər qurum tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunaraq siyahıya alınıb. 2009-cu ildə Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi də məhz bu əməkdaşlığın nəticəsidir...

Mədəniyyət və incəsənətimizin son illər dünya arenasında təbliği dövlətimizin mədəniyyət siyasətinin tərkib hissələrindən biridir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasətin cənab İlham Əliyevin uğurla davam etdirməsi xalqımız tərəfindən birmənalı şəkildə təqdir edilir. Bu kimi faktlara əsaslanıb söyləyirik: biz xoşbəxt sənətkarlarıq ki, cənab İlham Əliyev kimi bir Prezidentin rəhbərlik etdiyi ölkədə yaşayırıq. Milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, qurub-yaratmaq əzmimizə həssaslıqla, diqqət və qayğı ilə yanaşan İlham Əliyevin xidmətləri müqayisəyəgəlməz dərəcədədir. Mən bu gün fəxr və qürurla İlham Əliyevə səs verdim! Təkcə ona görə yox ki, o, mədəniyyət xadimlərinin, incəsənət işçilərinin həyatına, yaradıcılıq fəaliyyətinə xüsusi qayğı ilə yanaşır. Doğrudur, bu da şərtdir, amma cənab İlham Əliyevin çıxış və nitqlərində həmişə vurğuladığı bir fikir ürəyimin sarı siminə toxunur. Torpaqlarımızın erməni işğalçılarından azad ediləcəyi günün çox uzaqda olmadığını bildirən İlham Əliyev doğma yurdundan didərgin düşmüş məcburi köçkün və qaçqınlarımıza dövlət başçısı kimi öz qayğısını əsirgəmir. Dünyanın çox yerində qaçqın və evsiz-eşiksizlər var. Amma heç bir yerdə ölkə başçısı bu binəsiblər üçün bu qədər pulsuz qəsəbə və şəhərciklər saldırıb onları işlə təmin etmir. İlham Əliyev bu mənada, özünün dediyi kimi, hər bir azərbaycanlının Prezidentidir!

 

Onun gördüyü işlər göz önündədir

 

 

Amaliya PƏNAHOVA,

"Şərəf" və "Şöhrət" ordenli xalq artisti,

Bakı Bələdiyyə Teatrının rəhbəri:

- Mən hesab edirəm ki, cənab Prezident bu illərdə çox gözəl işləyib. Onun gördüyü işlər göz önündədir. Mən İlham Əliyevə səs verdim. Çünki istər siyasətdə, istər quruculuqda, istər rifahda onun gördükləri göz önündədir.

 

 

Mənim və ailəmin seçimi yalnız İlham Əliyevdir

 

 

Səyavuş KƏRİMİ,

 

Milli Konservatoriyanın rektoru, professor:

- Mən qətiyyən tərəddüd etmədən Prezident İlham Əliyevə səs verdim. Biz istəyirik ki, yaxşı yaşayaq, ailəmiz gözəl, firavan günlər yaşasın, əmin-amanlıq olsun. Çox şükür, uzun illərdir ki, biz məhz belə yaşayırıq. Əminik ki, onun sayəsində daha da xoş günlər görəcəyik. Cənab Prezidentdən başqa alternativimiz yoxdur. Çünki İlham Əliyev ölkəni irəliyə, daim inkişafa aparır. Bizə başqa prezident lazım deyil! Mənim və ailəmin seçimi yalnız İlham Əliyevdir!

 

 

Hazırladılar:

Bəxtiyar QARACA,

Məhəmməd NƏRİMANOĞLU,

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 11 oktyabr.- S. 10.