Frankfurt beynəlxalq kitab sərgisində ulu öndər

 Heydər Əliyevin 90 illik yubileyi qeyd olunmuşdur

 

Xəbər verdiyimiz kimi, Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfədir təmsil olunur.

Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadratmetr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquruQala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer almışdır.

Sərgi çərçivəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilmişdir.

Mərasimdə Hessen əyalətinin rəsmiləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak etmişlər.

Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğulamışdır. Diplomat ümummilli liderin müəyyənləşdirdiyi uğurlu siyasi kursun dünən və bu gün olduğu kimi gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracağını demişdir. Səfir ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini də diqqətə çatdırmışdır. O, "Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağını bildirmişdir.

Türkiyənin Frankfurtdakı baş konsulu Ufuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətindən danışmışlar.

Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında, türk dünyası birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olunmuşdur.

Ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir. "Şərq-Qərb" nəşriyyatı Azərbaycan guşəsinin yaxınlığında nazirliyin dəstəyi ilə xüsusi stenddə kitablarını nümayiş etdirir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Frankfurt

Azərbaycan.-2013.- 15 oktyabr.- S.11.