Azərbaycan tərəfindən ayrılmış vəsait hesabına Çinin Sıçuan əyalətində inşa edilmiş məktəb binasına xatirə lövhəsi vurulmuşdur

 

Azərbaycan tərəfindən ayrılmış vəsait hesabına Çinin Sıçuan əyalətində zəlzələdən sonra inşa edilmiş məktəb binasına xatirə lövhəsi vurulmuşdur.

Məlum olduğu kimi, 2008-ci ilin mayında Çinin Sıçuan əyalətində Rixter cədvəli ilə 8 bal gücündə baş vermiş zəlzələ böyük dağıntılara səbəb olmuş, o cümlədən bir çox məktəb binası və digər sosial obyektlər dağılmışdır. Hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sıçuan əyalətində dağılmış məktəb binasının inşası üçün 1 milyon ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsait hesabına 2008-ci ilin dekabrında yüksək dağlıq ərazi olan Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində hər cür şəraiti olan müasir məktəb kompleksinin inşasına başlanılmış, 2009-cu ilin avqustunda kompleksin əsas hissəsi hazır olmuş, 2012-ci ilin fevralında isə layihə üzrə bütün işlər başa çatdırılmışdır.

Azərbaycanın Çindəki səfirliyinin yerli hakimiyyət orqanları ilə apardığı məsləhətləşmələrdən sonra məktəb binasına xatirə lövhəsi vurulmuşdur. Lövhədə qeyd olunur ki, zəlzələdən sonra ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək insanlıq keyfiyyətlərini nümayiş etdirərək, fəlakət qurbanlarına humanitar yardım göstərmiş, məktəbin əvvəlki yerində yenidən tikilməsində böyük rol oynamışdır.

Yaxın vaxtlarda Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri Sıçuan əyalətinə səfər edərək, məktəblilərə hədiyyələr, o cümlədən Azərbaycan haqqında əyani vəsaitlər təqdim edəcəklər.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2013.- 18 oktyabr.- S.15.