Əfv fərmanı minlərlə ailədə şən əhval-ruhiyyə yaratdı

 

Azərbaycan Prezidenti İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq müqəddəs Qurban bayramı ərəfəsində - 14 oktyabr 2013-cü il tarixli  "Məhkum edilmış bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı elə bayram günü günortayadək yüksək səviyyədə icra olundu.

Sərəncama əsasən, 134 nəfər məhkum cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər və cərimə cəzasına məhkum edilmiş 16 nəfər cəzadan azad edilib. Bunların arasında xarici ölkə vətəndaşları da var. Əfv xəbəri məhkumluqdan azad olunanların ailələrində olduğu kimi, onları tanıyan yaxınları, qohum-əqrəbaları, dost-tanışları arasında da xüsusi əhval-ruhiyyə yaratmışdır.

Cəzaçəkmə müəssisəsinin qabağında azadlığa buraxılacaq  əzizlərini gözləyənlər arasında Naxçıvan MR Şərur rayonunun Yayıcı kəndindən olan Həsən İsmayılovla görüşürük, övladları EldarElgiz də onunladır. Çox həyəcanlı görünürlər, danışdıqca gözləri həbsxananın giriş-çıxış qapısından çəkilmir. Həsən kişi özünü nə qədər təmkinli, toxtaq göstərməyə çalışsa da, dayanıb danışdıqca kövrəldiyini gizlədə bilmir.

- Bu əziz gündə ailəmi, övladlarımı sevindirən, məni el-oba içində hörmətli tutan ölkə rəhbərinə - oğlumun səhvlərini bağışlayan o böyük ürək sahibinə yerdən göyə qədər minnətdaram. Oğlum Elxan İsmayılov 5 il idi ki, məhbus həyatı yaşayırdı, özümüz Şərurda, Yayıcı kəndində o da Bakıda həbsxanada. Neynim, valideynəm, ondan betər mən atası, anası, qardaşları çox xiffətli günlər yaşamışıq. Şükür Prezidentimizin böyüklüyünə, bizə rəhm elədi. Oğluma Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il tarixli hökmü ilə 8 il verilmişdi. Ölkə başçısı əfv fərmanı ilə oğlumun cəzasının qalan 3 ilini bağışladı. Mənə və övladıma olan bu böyük yaxşılığı ömrüm boyu unuda bilmərəm. Mən, ailə üzvlərim, eləcə də bu gün azadlığa buraxılacaq oğlum oktyabrın 9-da ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs vermişdik. Həyat göstərir ki, biz və minlərlə mənim kimiləri düz etmişik. Allah-təala "Hər bir azərbaycanlının Prezidentiyəm" deyən o şəxsin canını sağ, işlərini daha uğurlu etsin.        

Azad olunanlar arasında müxtəlif məhkəmə instansiyaları tərəfindən azadlıqdan məhkum edilmiş 6 nəfər xarici ölkə vətəndaşı da var.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi və qardaşı Rafiq Əliyevi qarşılayanlar da sevinc içində idilər. Fərhad Əliyev jurnalistlərə, eləcə də qəzetimizin əməkdaşına demişdir: "Bu gün mənim üçün dördqat bayramdır - birincisi, mən özüm, ikincisi, qardaşım Rafiq azadlığa buraxılmışıq, buradan çıxan kimi ailəmlə, yaxınlarımla birlikdə Fəxri xiyabana gedib ulu öndərin məzarını ziyarət edəcəyik, dördüncüsü də 7 ildən sonra bu müqəddəs gündə Qurban bayramını evimdə ailəmlə, əzizlərimlə keçirəcəyəm.

Azadlığa buraxılanların bu fikirlərini gündəmə gətirməklə bir daha xatırlatmaq istəyirik ki, Azərbaycanda millətin əziz günündə məhkumların əfv olunması artıq ənənə şəklini alıb. Bu, ulu öndər Heydər Əliyevin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı kimi səciyyələndirilir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. Ulu öndərin siyasi kursunun tərkib hissəsi kimi 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmüaradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.

Sərəncama əsasən, əfvə düşən məhbusların azadlığa buraxılması ərəfəsində onların özlərindən eşitdiklərimizdən, müşahidələrimizdən və qəzetimizin ünvanına  gələn təşəkkür dolu teleqram və müraciətlərdən  məlum olur ki, Azərbaycan Prezidentinin müsəlman aləminin ən əziz günlərindən olan Qurban bayramı ərəfəsində atdığı  bu humanist addım ölkə vətəndaşları tərəfindən xüsusi rəğbət və sevinclə qarşılanıb. Hüquq müdafiəçisi, Milli Məclisin deputatı Çingiz Qənizadə  müsahibəsində bildirib ki, Prezidentin mütəmadi olaraq ildə bir neçə dəfə əfv sərəncamı imzalaması minlərlə insanın sevincinə səbəb olur: "Dövlət başçısının məhbusların əfvi haqqında sərəncamı  tarixi humanist aktdır. Biz, hüquq müdafiəçiləri, əfv edilənlərin şəxsiyyətindən asılı olmayaraq, bu cür addımları yüksək qiymətləndiririk. Burada söhbət təkcə əfv olunanların siyahısına düşmüş 152 məhbusdan getmir. Bu, həm də əfv olunanların ailə üzvləri, qohumları, dostlarıdır ki, onları da nəzərə almaqla, akt minlərlə insanı əhatə edir".  

Azadlığa buraxılanlar arasında Bakının Maştağa qəsəbəsindən olan Əsif Əliyevi üç övladı və qardaşı qarşıladı. Övladlarına, qardaşı Fazilə və ətrafındakılara üzünü tutaraq dedi: "Düşünmədən etdiyim səhv ucbatından bura düşmüşdüm. Allah Prezidentimizin canını sağ etsin. Mən etdiyim səhvi də, mənə olunan güzəşti də artıq başa düşmüşəm.  Odur ki, bir daha belə səhvlərə yol vermərəm. Səhvlərimi bağışlayıb vaxtından qabaq azadlığa buraxan Prezident İlham Əliyevə öz adımdan, məni qarşılamağa gələn övladlarım və əzizlərim adından minnətdarlığımı bildirirəm".

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 19 oktyabr.- S.6.