«Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam» sərgisi keçirilib

 

18 oktyabr - Dövlət Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlərdən biri də "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" adı altında Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçirildi.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxışında qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi: "Bununla da müstəqil Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Lakin müstəqilliyin elan edilməsinə baxmayaraq, bu, deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqiideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problem də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı".

Müstəqilliyin bəyan edilməsindən sonra AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti ölkədə siyasi, iqtisadi, mədəni böhranın dərinləşməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fonunda təcavüzü sanki eyni mənbənin hazırladığı ssenarinin tərkib hissəsi idi. Ölkəni bürümüş hərc-mərclik və hakimiyyətdaxili çəkişmələr xalqın sabaha inamını azaltmış, müstəqilliyin itirilməsi təhlükəsi kabusa çevrilmişdi. O ağır  və məşəqqətli günlərdə xalqın ulu öndər Heydər Əliyevə müraciəti və ümummilli liderin yenidən siyasi hakimiyyətə qayıdışı bugünkü azad, müstəqil və inkişaf etmiş dövlətin  bünövrəsini qoymuş oldu.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Elçin Nəsirov və  təbrizli rəssam Rza Səmədi müstəqilliyin mahiyyəti və onun əbədiliyi ilə bağlı ulu öndər Heydər Əliyevin unudulmaz tarixi xidmətlərindən və dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs etdilər.

Bu  əlamətdar tarixi gün münasibətilə keçirilən sərgidə gənc rəssamlardan Aysel Əmirova, Fəridə Süleymanova, Mehriban Şəmsəddinskaya, Tofiqə Zeynalova, Taleh Mirkazımov, Adilə Qurbanova, Kəmalə Musayeva, Elçin Nəsirov və başqalarının müstəqil Azərbaycanın inkişafını əks etdirən 50-dən çox qobelen, rəsm və heykəltaraşlıq əsərləri nümayiş olundu.

Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət  xadimləri, o cümlədən rəssamlar, Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Prezident Qvardiyasının əsgərləri və digər qonaqlar iştirak etdilər.

Şuşa Musiqi Kollecinin məzunu Nigar Dosuyevanın musiqi nömrələrinin müşayiəti ilə keçən tədbirin sonunda sərgi iştirakçıları təşəkkürnamə və hədiyyələrlə təltif olundular.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2013.- 19 oktyabr.- S.8.