Parlament Artur Rasi-zadənin Baş nazir

 vəzifəsinə təyin edilməsinə razılıq verdi

 

Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə deputatları təbrik etdi. Bu seçkilərdə Azərbaycan xalqının özünün gələcəyinə, inkişafına səs verdiyni deyən Oqtay Əsədov bildirdi ki, cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi dövlətin qanunverici orqana verdiyi önəmin göstəricisidir. Spiker Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndəriləcəyini dedi.

Oqtay Əsədov daha sonra bildirdi ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Artur Tahir oğlu Rasi-zadənin namizədliyini Milli Məclisə təqdim etmişdir. Bu təqdimatı yüksək dəyərləndirən Milli Məclisin Sədri qeyd etdi ki, Artur Rasi-zadə olduqca təcrübəli və layiqli insandır.

Bu məsələ səsə qoyuldu və təsdiq olundu. Artur Rasi-zadəni təbrik edən Oqtay Əsədov ona fəaliyyətində uğurlar arzuladı.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi başladı. Deputatlar Bakı Apelyasiya Məhkəməsi hakiminin təyin edilməsi və Bakı, Gəncə və Şirvan apelyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlərə müsbət münasibət bildirdilər.

Daha sonra "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Bu məsələ ilə bağlı çıxış edən deputatlardan Fəttah Heydərov, Aydın Mirzəzadə 2013-cü il avqustun 16-da Qəbələ şəhərində imzalanmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsini yüksək qiymətləndirdilər. Çıxışlarda qeyd olundu ki, bəyannamə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq aləmdə əhəmiyyətinin yüksəlməsinə, mühüm faktora çevrilməsinə böyük töhfə verəcək. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

Deputatlar "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-nin Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirdilər.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, habelə "Dövlət rüsumu haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təbii inhisarlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Toxumçuluq haqqında", "Yeyinti məhsulları haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Yol hərəkəti haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"də və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də  dəyişikliklər edilməsinə dair qanun layihələri təsdiq olundu.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.