Təl-Əvivdə Xocalıya ədalət mövzusunda fotosərgi açılmışdır

"Xocalıya ədalət" kampaniyası çərçivəsində bu ilin fevralında açılmış fotosərgi fəaliyyətini İsrailin ən iri şəhərlərindən olan Təl-Əvivdə "Neve Elizzer" Mədəniyyət Sarayında davam etdirir.

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz") mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, fotosərgi Heydər Əliyev Fondunun,"STMEQİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun və Təl-Əviv şəhəri bələdiyyəsinin dəstəyi ilə bu assosiasiya tərəfindən təşkil olunmuşdur.

Tədbir"Justice for Khojaly" mövzusunda sənədli fotosərginin nümayişi ilə başlanmışdır. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri əks etdirən fotoşəkillər tamaşaçılara güclü təsir bağışlamışdır.

Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin, Təl-Əviv sakini, Azərbaycanın xalq artisti Dina Tumarkina, professor Mixail Aqarunov və şəhərin digər sakinləri gördükləri ilə bağlı təəssüratlarını xatirə kitabında qeyd etmişlər.

"Azİz" assosiasiyası idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı faciəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Arye Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaqdır. A.Qut demişdir:"Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür".

Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfəri şikəst olmuş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülmüş, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyildir. Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olmuşlar.

Politoloqun fikrincə, bu faktlar sübut edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsinin məqsədi onların hamısını azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq olmuşdur. A.Qut bildirmişdir:"Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi, dəhşətli amansızlığın müqabilində vahimə və qorxu yaradılması üçün mərhələ kimi seçilmişdir. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı vəhşicəsinə törədilmiş bu qəddarlığın heç cür izahı yoxdur".

"Azİz" Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qut çıxışının sonunda qeyd etmişdir ki, Xocalının azərbaycanlı əhalisinin qırğını ilə bağlı bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri yada salır. Arye Qut çıxışını bu sözlərlə başa vurmuşdur:"Nə qədər ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, nə qədər ki, Azərbaycanın bu dilbər guşəsi işğalçılardan azad edilməmişdir və azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmamışlar, İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi bizim hər birimiz erməni təcavüzü, onun ağır nəticələri ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməli və ədalətin bərpasına və möhkəmlənməsinə kömək etməliyik".

Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin Təl-Əviv şəhərində"Xocalıya ədalət" ("Justice for Khojaly") mövzusunda fotosərginin keçirilməsi təşəbbüsünə və təşkilinə görə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz") və Heydər Əliyev Fondunun nümayəndələrinə minnətdarlıqlarını bildirmiş, Azərbaycan xalqının yaşadığı amansız faciədən və qanlı qırğından dəhşətə gəldiklərini qeyd etmişlər.

Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin demişdir:"Xocalıda törədilmiş qətliama həsr olunmuş bu fotosərgi məni, sadəcə, sarsıtdı. Mən gördüklərimdən şoka düşmüşəm. Bu, sadəcə olaraq, Azərbaycan xalqına qarşı amansızlığın və vəhşiliyin təzahürüdür. Mən Belarusda doğulmuşam və 1943-cü ilin yazında Belarusun alman faşistləri tərəfindən məhv edilmiş Xatın kəndinin tarixini çox yaxşı bilirəm. Bu gün mən fotoşəkilləri görəndə və Xocalıda törədilmiş qırğınla bağlı məlumatları dinləyəndə başa düşdüm ki, Xatın və Xocalı xalqlarımızın faciələrini əks etdirən sinonimlərdir".

"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Slivak tədbir iştirakçılarına təşəkkür etmişdir. L.Slivak Azərbaycan icmasına göstərilən daimi qayğıya görə Təl-Əviv şəhəri meriyasının nümayəndələrinə minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2013.- 24 oktyabr.- S.2.