Davamlı inkişafı təmin edən iqtisadi strategiya

 

Seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyən edən mühüm siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq da hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. Hansısa siyasi qüvvənin seçkilərdə uğur qazanaraq hakimiyyət olimpinə yüksəlməsi isə onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olur. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir. Son 10 ildə Azərbaycanda çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilən, praktik fəaliyyətə söykənən siyasətin 2013-cü ilin

9 oktyabr seçkilərində ümumxalq dəstəyi ilə müşayiət olunması da məhz bu reallıqla şərtlənir.

Ötən 10 ildə ölkənin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən orta statistik azərbaycanlının növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz olaraq qalmışdır. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan inanılmaz uğurlar xalqın son seçkilərdə alternativsiz və prinsipial seçimini təmin etmişdir. Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, geridə qalan 10 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi əlamətdar mərhələdir. Müdrik xalqımızın 10 il öncə inanıb taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli liderin zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəkliklərinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür.

Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə son illər dünyanın lider dövlətlərindən biri olaraq qalması ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini və respublikanın potensialı ilə uzlaşdığını göstərir. Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir.

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 10 ildə dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Ölkə rəhbəri özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir.

Dövlət başçısının xalqın mənafeyini daim uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasət strategiyasının uğurları, ilk növbədə, respublikamızın ötən 10 ildə qazandığı makroiqtisadi göstəricilərdə tapır. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətlərindən biri olaraq qalması da kifayət qədər diqqətçəkici faktdır. 2003-2012-ci illərdə ümumi daxili məhsulun ortaillik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3,4 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatının inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuş,  bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın yuxarı ortagəlirli ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Ötən 10 ildə həyata keçirilən islahatların Azərbaycanda insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsinə  hesablanmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdisə, hazırda bu rəqəm cəmi 5,6 faizdir. Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" 2015-ci ilədək respublikada yoxsulluğun tamamilə ləğvini nəzərdə tutur.

Sosial məsələlər də diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında qeyd etdiyi kimi, ölkədə həyata keçirilən iqtisadi siyasət insanların firavan yaşayışına xidmət edir: "Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılmışdır ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarmışdır. Son məlumata görə, Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaqdır. Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır".

Ümumiyyətlə, ötən 10 ildə ölkədə yürüdülən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Bütün mütərəqqi cəhətləri ilə yanaşı, bazar iqtisadiyyatı prinsiplərinin respublikamızda bəzi hallarda aztəminatlı təbəqəsinin sosial mənafeyinə qarşı yönəldiyi danılmaz həqiqətdir. Bu baxımdan, aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, qiymətlərin təbii tənzimlənməsi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Bu təbəqənin maraqları mütləq nəzərə alınır, hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir. 2013-cü ilin 9 ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat olmuşdur.

Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idisə, 2013-cü ilin 9 ayının yekunlarına görə 417 manatdır. Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Beynəlxalq maliyyə institutlarının hesabatlarına əsasən, 2003-2012-ci illərdə Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqının artımının davam edərək 440 manatı (təqribən 565 ABŞ dolları) keçəcəyi gözlənilir.

2003-cü ilin əvvəlində Azərbaycanda cəmi 20 manat təşkil edən orta aylıq pensiyanın məbləği hazırda 175 manata yaxındır. Yeni pensiya sisteminin tətbiqindən bu vaxtadək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam imzalanmışdır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

İstənilən ideyanın cəmiyyət üçün cəlbediciliyi onun praktik tətbiq imkanları ilə ölçülür. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, bütün bunların real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Azərbaycanı müasir və inkişaf etmiş qüdrətli dövlətə çevirmək məqsədi deklarativ bəyanatlardan uzaq olub real fəaliyyət mexanizmlərinə əsaslanır. "Əsl siyasət konkret, real iş görməkdir" - deyən və cəmiyyət qarşısında verdiyi hər bir vədi əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə" 2012-ci il 30 dekabr tarixli Sərəncamı bunun bariz nümunəsidir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın gələcək inkişaf perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Bir neçə il əvvəl Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyi cəmiyyətdə müəyyən skeptik və qeyri-adekvat yanaşmalara yol açırdısa, hazırda bu məqsəd getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 10 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə iddia etmək olar. Digər tərəfdən, dövlət başçısı indiyə qədər xalq qarşısında verdiyi hər bir vədi praktik surətdə həyata keçirmək üçün real fəaliyyət mexanizmlərinə və çevik komandaya malikdir. Respublikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri ardıcıl və sistemli surətdə həyata keçirməyə zəmin yaradır. Bəzi paralellər aparmaqla respublikanın son illərdəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə çatışmazlığı üzündən həll edə bilməyən Azərbaycan hazırda regionun ən böyük investor dövlətinə çevrilmişdir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə və Rusiya kimi dövlətlərin iqtisadiyyatına sərmayə qoyan Azərbaycan bununla həm də inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Respublikamız son illərdə Türkiyə iqtisadiyyatına 5, Gürcüstan iqtisadiyyatına 1,5 milyard dollardan artıq investisiya yatırmışdır. Eyni zamanda, son illərdə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 775 milyon dollar güzəştli kredit ayırmışdır. Azərbaycanın "SOJARTurjalyans" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət-səhm paketinin həlledici hissəsinin sahibidir və 2014-cü ilə qədər "Petkim" təsisatlarına yatırılacaq sərmayələrin həcmi 10 milyard dolları aşacağı proqnozlaşdırlır. Yaxın gələcəkdə isə ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin inşasını planlaşdırır. Enerji sərmayələrin qoyuluşundan başqa digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərilir. Azərbaycanın valyuta ehtiyatlarının daim davamlı şəkildə artması və maliyyə imkanlarının genişlənməsi isə respublikanın daha böyük həcmdə investisiyalar qoyuluşuna geniş şərait yaradır.

Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və biz xarici maliyyə qurumlarına donor kimi vəsait ayırırıq. Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində, əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaqdır".

Müasir dövrdə hər bir ölkənin iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu birmənalı etiraf edirlər.

Ümumilikdə, dünya ölkələrində qlobal böhranın mənfi təsirlərinin hələ də duyulduğu, borc böhranının kəskinləşdiyi bir dövrdə respublikamız yüksək makroiqtisadi dayanıqlılıq nümayiş etdirir. Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanın dövlət borcunun aşağı səviyyədə olduğunu bir daha bəyan etmişdir: "...Bu sahədə də çox konservativ siyasət aparırıq və bu gün Azərbaycan dünya miqyasında bu göstəriciyə görə də ən qabaqcıl yerlərdədir. Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın".

Əgər dünya dövlətləri əvvəllər, sadəcə, müxtəlif layihələri həyata keçirmək üçün məcburən xarici borclanmaya gedirdilərsə, müasir dövrdə belə vəsaitlər iqtisadi inkişafın maliyyələşdirilməsində əsas mənbələrdən sayılır. Lakin sırf büdcə kəsirinin örtülməsi məqsədilə xarici mənbələrdən müntəzəm şəkildə kreditlərin cəlbi, eyni zamanda, xarici borcların müəyyən limiti keçməsi təhlükəli hesab edilir. Xarici borcun ümumi daxili məhsulda 40 faizdən çox olması böhranlı vəziyyət kimi səciyyələndirilir. Beynəlxalq maliyyə qurumlarının hesabatları həm də göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. Problem avro zonasında özünü daha qabarıq göstərir - bu geoiqtisadi məkanda yerləşən ölkələrin xarici borcu 12 trilyon dolları ötmüşdür. Borcun həcmi Avropanın ayrı-ayrı ölkələrində isə 120-150 faizə çatır.

Azərbaycanda isə dövlət borcunun ümumi daxili məhsula nisbəti birrəqəmli olub 8 faiz həcmindədir. Bunu əsas makroiqtisadi göstəricilərdən hesab edən maliyyə institutları ortamüddətli dövrdə ölkə iqtisadiyyatını həm qlobal, həm də lokal təhdidlərə qarşı kifayət qədər dayanıqlı hesab edirlər. Digər mühüm göstərici isə büdcə xərclərinin optimal səviyyədə - ümumi daxili məhsulun 30-40 faizi civarında saxlanılmasıdır. Respublikamızda büdcə kəsiri də simvolik xarakter daşıyır.

Makroiqtisadi sabitliyi şərtləndirən mühüm amillərdən biri də strateji valyuta ehtiyatlarının ilbəil dinamik artımıdır. 2003-cü ildə Azərbaycanda mühüm makroiqtisadi göstəricilərdən olan strateji valyuta ehtiyatlarının həcmi 1,6 milyard ABŞ dollarına yaxın idi. Neft gəlirlərinin, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi, o cümlədən çevik pul-kredit siyasətinin həyata keçirilməsi, milli valyutanın möhkəmlənməsi və kursunun sabit qalması nəticəsində Azərbaycan 10 il müddətində  strateji valyuta ehtiyatlarının həcmini dəfələrlə artırmağa nail olmuşdur. 2003-2013-cü illərdə strateji valyuta ehtiyatlarımız ildə orta hesabla 3 dəfə artmışdır və cari ilin 9 ayının göstəricisinə görə 49,4 milyard təşkil edir. Hazırda  ölkənin strateji valyuta ehtiyatları 3 illik idxalın və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir və bu da iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır. Ümumilikdə, ötən 10 ildə Azərbaycan dövləti və əhalisi üçün mühüm iqtisadi nəticələrindən biri olan strateji valyuta ehtiyatlarının həcmi 30 dəfədən çox artmışdır.

Azərbaycanın strateji valyuta ehtiyatları hazırda xarici dövlət borcunu 10 dəfə üstələyir. Yanvar-sentyabr aylarında yalnız Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13 faiz artaraq 13,3 milyard dollara çatmışdır və bu da bir il ərzində mal və xidmətlərin idxalı üçün yetərlidir. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti isə 70  faizə yaxındır. Müqayisə üçün bildirək ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in cəmi 25-30 faizini təşkil edir. Neftlə zəngin ərəb ölkələrində bu rəqəm təxminən 45 faizə bərabərdir.

Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası iqtisadiyyatın neftdən asılılıq səviyyəsinin də tədricən azaldığını göstərir. Hesabat dövründə ümumi daxili məhsulda artımın 5,4, qeyri-neft sektorunda 10,4, kənd təsərrüfatında 5 faiz təşkil etməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirildiyini göstərir. Bu pozitiv nəticələr respublika iqtisadiyyatının neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsassızlığını tam sübuta yetirir. Respublika iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsi həm də ölkədəki əlverişli biznes və investisiya mühiti ilə şərtlənir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin mövcudluğunu dünyanın aparıcı maliyyə-iqtisadi qurumları da təsdiqləyirlər: "Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir. İnvestisiyaların cəlb edilməsi prosesi gedir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir".

Rəqabətədavamlı biznes mühiti ilə dünyanın nüfuzlu maliyyə qurumlarının diqqət mərkəzində olan Azərbaycan 2013-cü ilin 9 ayının yekunlarına görə biznes üçün cəlbedici ölkə imicini daha da möhkəmləndirmişdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər ölkə iqtisadiyyatına yatırılan sərmayələrin dinamik artımını, eləcə də Azərbaycanda yerli və xarici sərmayələri stimullaşdıran normal makroiqtisadi mühitin mövcudluğunu bir daha təsdiqləyir. İnvestisiya cəlbediciliyinə təsir göstərən amillər arasında iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi tədbirləri xüsusi yer tutur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkə iqtisadiyyatına ötən dövrdə 17,7 milyard dollar civarında investisiya qoyulmasını müsbət göstəricilərdən biri kimi xarakterizə etmişdir.  Bunun  10,5 milyardı daxili, 7,2 milyardı xarici investorların vəsaitləridir. 2013-cü ilin sonunadək ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiyanın qoyulacağı gözlənilir.

Son illər daxili investisiyaların həcminin əhəmiyyətli dərəcədə artımı da mühüm nailiyyətlərdən biridir. Modernləşmə məqsədilə - dövlət əsaslı kapital qoyuluşu hesabına - həyata keçirilən layihələrin də əsas məqsədi insanların yüksək rifahının, firavan yaşayışının təmin edilməsidir. Regionlarda və paytaxt Bakıda qlobal layihələrin həyata keçirilməsi - yeni yolların, körpülərin, piyada keçidlərinin salınması, kommunal xarakterli problemlərin həlli, abadlıq, quruculuq tədbirlərinin genişləndirilməsi infrastrukturun müasirləşdirilməsi yolu ilə insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu tədbirlər sayəsində həm də insanların düşüncə, yaşam tərzi, həyata baxışı da dəyişir, modernləşmənin mahiyyəti ictimai təfəkkürdə aydın dərk edilir.

Onu da xatırlatmaq lazımdır ki, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5, 2011-ci ildə isə 20 milyard dollar investisiya qoyulmuşdur. Son illər ümumi investisiya portfelində daxili sərmayələr prioritetliyini qorumaqla təxminən 65-70 faiz təşkil etmişdir. Bu göstəricilər hökumətin investisiyaların şaxələndirilməsi sahəsində yürütdüyü siyasətin səmərəliliyinə dəlalət edir. Bu siyasət neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını təmin edir.

Hesabat dövründə respublikanın iqtisadi resurslarının düzgün və məqsədyönlü realizə edilməsi, real sektorun dəstəklənməsi, sənayeləşmənin stimullaşdırılması, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, vergi mühitinin liberallaşdırılması tədbirləri ölkənin investisiya cəlbediciliyinin yüksəlməsinə öz təsirini göstərmişdir. Bu baxımdan, Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Əgər əvvəllər ölkə iqtisadiyyatına investisiyalar əsasən neft-qaz sektoruna yatırılırdısa, indi əcnəbi iş adamları daha çox qeyri-neft sektorunun sənaye texnoparklarına, İKT, turizm və digər sahələrə maraq göstərirlər.

Dinamik inkişaf fonunda respublikamızın beynəlxalq reytinqinin güclənməsi Azərbaycanı dünya top-reytinq şkalasında "A zonası"na, yəni ən yüksək investisiya-kredit reytinqinə yaxınlaşdırır. Respublikada biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər Azərbaycanın yaxın 2-3 ildə dünya reytinq şkalasında "A zonası"na çatmasını şərtləndirir.

Ölkənin investisiya reytinqinin yüksəlməsi həm də ölkə sahibkarlarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, bu sahədə səmərəli mexanizmlərin tətbiqi ilə şərtlənir. Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması çərçivəsində gerçəkləşdirilən bu tədbirlər sahibkarların güzəştli kreditlərdən istifadə imkanlarını da genişləndirmişdir. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilmişdir. Ölkənin maliyyə imkanları genişləndikcə, SKMF-yə ayrılan vəsaitlərin həcmi artır, eyni zamanda, bu vəsaitlərdən istifadə imkanlarını sadələşdirən çevik və işlək mexanizmlər tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2002, 2004, 2005, 2006, 2009 və 2011-ci illər tarixli sərəncamları ilə fondun vəsaitlərindən istifadə qaydaları təkmilləşdirilmiş, bu sahədə fəaliyyətin genişləndirilməsinə imkan yaradılmışdır. Nəticədə güzəştli kreditlərin daha aşağı faizlərlə alınması, məqsədəuyğun, rentabelli şəkildə yerləşdirilməsi mümkün olmuşdur.

Sahibkarlara ayrılan güzəştli kreditlərin maksimum həddi də iqtisadi inkişafın dinamikasına adekvat olaraq yüksəlir. Ölkə rəhbərinin 2011-ci il 13 oktyabr tarixli "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, sahibkara 5 min manatdan 10 milyon manatadək kredit verilə bilər. 2013-cü ilin ötən dövründə sahibkarlara 245 milyon manat kredit verən fond artıq özünümaliyyələşdirmə sisteminə uğurlu şəkildə keçməkdədir. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşür. Kreditlərin 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilmişdir. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kreditin verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Fondun güzəştli kreditləri, əsasən, soyuducu anbar, istixana, taxıl, cins mal-qara, quşçuluq komplekslərinin, damazlıq yumurta, broyler, üzümçülük, çayçılıq, balıqçılıq təsərrüfatlarının, çörək, süd, ət emalı, quru meyvə, süfrə suları, tikinti materialları, mebel istehsalı müəssisələrinin inşasına, yeni turizm obyektlərinin və s. yaradılmasına sərf olunur.

"Biz xalqın xidmətçisiyik" - deyən dövlət başçısı İlham Əliyev ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə mütəmadi olaraq məlumatlandırılmasını zəruri sayır. Nazirlər Kabinetinin iclasları da, ilk növbədə, hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin uğurlarının ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması baxımından da səmərəli vasitəyə çevrilmişdir. İnanırıq ki, son seçkilərin məntiqi nəticəsi olaraq respublikamız qarşıdakı dövrdə daha da sürətlə inkişaf edəcək, qarşıya qoyduğu bütün hədəflərə çatacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2013.- 24 oktyabr.- S.6.