İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri

Lord Freyzerin xatirə gecəsi keçirilmişdir

 

İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirə gecəsi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə diplomatik korpusunBritaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, yerlixarici ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri açan cəmiyyətin fəxri katibi Dr. Kennet Forest Lord Freyzerin həyatı və İngiltərə-Azərbaycan Cəmiyyətindəki fəaliyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, Lord Freyzer Azərbaycan həqiqətlərinin Böyük Britaniya ictimaiyyətinə çatdırılmasında, bu ölkədə Azərbaycanın dostlarının sayının artmasında, həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük xidmətlər göstərmişdir. Lord Freyzerin gənc azərbaycanlı musiqiçiləri dəstəkləməsi xüsusi vurğulanmışdır.

Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Lord Freyzerin Azərbaycanın həqiqi dostu olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, həmsədr olduğu müddətdə o, iki ölkə və xalq arasında mədəni və humanitar təmasların genişlənməsi işinə böyük töhfələr vermişdir. Professor N.Paşayeva  Lord Freyzerin son səfərini məhz Bakı şəhərinə etməsini həqiqi qəhrəmanlıq kimi qiymətləndirmişdir. Çıxışının sonunda N.Paşayeva vurğulamışdır: " Biz Lord Freyzerin xatirəsini qəlbimizdə yaşadacaq, cəmiyyətimizin fəaliyyətində əsasını qoyduğu ənənələri davam etdirəcəyik".

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Lord Freyzer haqqında xatirələrini bölüşmüşdür. Səfir vurğulamışdır ki, əməkdaşlıq çərçivəsində başlayan münasibətləri həqiqi dostluğa çevrilmişdir. Lord Freyzer həm Azərbaycanda, həm də Britaniyada xüsusilə gənclər tərəfindən çox sevilirdi. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində xüsusi töhfələri olan şəxsiyyət olduğu diqqətə çatdırılmışdır. İki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsindəki töhfələrinə görə Lord Freyzer  2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdir.

Lord Freyzerin siyasi karyerasından da bəhs edən səfir, onun Şotlandiya və İngiltərədə əhəmiyyətli vəzifələr icra etdiyini diqqətə çatdırmış, İngiltərə-Azərbaycan Cəmiyyətinə həmsədrliyi çərçivəsində bir çox əhəmiyyətli layihələrin müəllifi olduğunu vurğulamışdır.  Çıxışını amerikalı şair Ceyms Vitkombdan sitat gətirərək tamamlayan F.Qurbanov Lord Freyzerin həmişə qəlblərdə yaşayacağını diqqətə çatdırmışdır.

Lord Freyzerin oğlu Ceymi Freyzer atası haqqında xatirələrini bölüşmüşdür. Lord Freyzerin, cəmiyyətə həmsədrlik etməkdən qürur hissi keçirdiyini diqqətə çatdıran Ceymi Freyzer onun Azərbaycanı çox sevdiyini, ölkəmiz haqqında xatirələrini həvəslə danışdığını vurğulamışdır. Xatirə gecəsində iştirak etməkdən məmnunluğunu ifadə edən Ceymi Freyzer təşkilatçılara minnətdarlığını bildirmişdir. Cəmiyyətin nəzdində xatirə fondu yaradılmasını yüksək qiymətləndirən Ceymi Freyzer, bunun Azərbaycanda və Britaniyada gənclərə faydalı olacağından əminliyini diqqətə çatdırmışdır.

Qeyd etmək lazımdır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti hər iki ölkədə ehtiyacı olan gənclərə, xüsusilə musiqi sahəsində istedadlarını artırmaq məqsədi ilə xatirə fondu yaradılmasını qərara almışdır.

Daha sonra gecə, gənc musiqiçilər Sofi Snedon, Qil Simpson, Günel Mirzəyeva, Nigar Mirzəyeva, Vera Xait, Nəzrin Rəşidova, Stanislav Hvartçilkov və Ceyla Seyidovanın müxtəlif musiqi alətlərində, həmçinin Britaniyanın ilk qadın orkestrı "Fe Musa"-nın ifasında konsert proqramı ilə davam etmişdir. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.

 

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 5.