Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,

 akademik Ramiz Mehdiyev «İnterfaks-Azərbaycan»

 agentliyinin sualına cavab vermişdir

 

SUAL: Azərbaycanda prezident seçkilərindən sonra beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in Parlament Assambleyasının müşahidə missiyaları həmin seçkiləri şəffaf və azad seçkilər kimi qiymətləndirməsi fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) və ABŞ Dövlət Departamentinin tənqidi bəyanatları dissonans kimi səslənir.

Amerika tərəfi israrla tələb edir ki, ATƏT DTİHB-nin hesabatı beynəlxalq strukturlar tərəfindən qəbul edilsin. İndi Dövlət Departamenti ABŞ-ın ATƏT-dəki missiyası vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkilərə verdiyi qiymətlə razılaşmaması barədə bəyanatla çıxış edir.

ABŞ-ın Avropaya münasibətdə bu cür siyasətinə səbəb nədir?

CAVAB: Yaxın dövr ərzində Avropa siyasətində baş vermiş hadisələri təhlil etsək bir neçə mühüm məqamı qeyd etmək olar. İlk növbədə, müsbət məqamları qeyd etmək lazımdır - Avropa Parlamentinin qətnaməsində göstərilir ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyininonun sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən qətnamələrinə müvafiq surətdə həll edilməlidir. Bu qətnamə Azərbaycan torpaqlarının işğalı məsələsinə Avropanın bəzi strukturlarının ciddi yanaşması barədə danışmağa imkan verir. Bu, münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazisinin işğal edilməsi faktına haqq qazandırmaq cəhdinə əsaslanan Ermənistan xarici siyasətinin iflasına daha bir sübutdur. Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bəyan etdiyi kimi, "dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmurbu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Lakin bütövlükdə obyektiv olan bu addımla yanaşı, biz Avropa siyasətində müəyyən prinsiplərlə bağlı ziddiyyət müşahidə edirik. Halbuki Avropanın siyasi məkanında bir sıra dövlətlərarası siyasi qurumlar məhz həmin prinsiplərin təntənəsi naminə yaradılmışdır. Asanlıqla görmək olar ki, Avropanın maliyyə və iqtisadi böhranı genişlənərək sosialdemokratik böhrana çevrilmişdir. Bütövlükdə Aİ-yə etimad böhranının get-gedə artması, onun siyasi hadisələrə münasibətində qeyri-adekvatlıq, müstəqil oriyentasiyanın itirilməsi və s. hallar məhz bununla bağlıdır.

ATƏT DTİHB və ABŞ Dövlət Departamentinin nümayəndələrinin Azərbaycanda seçkilər haqqında bəyanatlarında vahid siyasi qərəzlilik xəttinin mövcudluğu vəziyyətin nə qədər mürəkkəb olmasını nümayiş etdirən amillərdən biridir.

Hələ seçkilərdən əvvəl bizə məlum olmuşdu ki, ATƏT PA kənardan göstərilən təzyiq altında Azərbaycana müşahidəçilər göndərməkdən tamamilə cəfəng bir bəhanə ilə imtina etməyə məcbur olmuşdur. Azərbaycan tərəfinin dəfələrlə müraciətindən sonra ATƏT PA-nın müşahidəçiləri seçkilərdə iştirak etmişseçki prosesinin təşkilini yüksək qiymətləndirmişlər. Avropa parlamentarilərinin fikrincə, seçkilər şəffaf və ədalətli keçmiş, ölkənin demokratikləşmə məcrasında daha bir addım atmasının göstəricisi olmuşdur.

Avropalı siyasi xadimlərin necə mürəkkəb vəziyyətə düşməsini, onlara Vaşinqtondakı müəyyən dairələr tərəfindən təzyiq göstərilməsini başa düşürük. Lakin bu, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlara haqq qazandırmır. Hesab edirəm ki, Dövlət Departamentindəki bəzi məmurlar bu cür uzaqgörməz hərəkətləri ilə, o cümlədən AŞ PA-nın Avropa Parlamentinin mövqelərinə təzyiq göstərmək cəhdləri ilə ABŞ və Azərbaycan arasında mövcud tərəfdaşlığa ziyan vururlar.

Axı, ATƏT PA müşahidə missiyasının rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Parlamenti missiyasının başçısı Pino Arlaçi, habelə Avropa İttifaqının missiyası və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda keçirilmiş seçkilərə müsbət qiymət verdikləri halda, Amerika tərəfinin Azərbaycanın demokratik inkişafında prezident seçkiləri kimi mühüm bir mərhələni təhrif edən açıq-aşkar yalan mövqelər irəli sürməsini və bu mövqelərə lobbiçilik etməsini necə sakit seyr etmək olar.

Kənardan diktə ilə Avropa strukturlarının öz mövqelərini məcburi dəyişməsi dərin təəssüf doğurur. Belə çıxır ki, Avropa İttifaqının üzvü olan ölkələrlə Azərbaycanın tərəfdaşlıq və əməkdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentində müəyyən dairələrin şıltaqlıqlarından asılı olmalıdır. Bu həm də onda özünü göstərir ki, Vaşinqtondakı ayrı-ayrı məmurlar azlığın (ATƏT DTİHB və ABŞ Dövlət Departamentinin) fikrini çoxluğa (ATƏT, Avropa ParlamentiAŞPA-ya) zorla qəbul etdirmək cəhdlərindən əl çəkmirlər, hətta çoxluğun Azərbaycanda seçki prosesinin sərbəst və şəffaf olmasını, bu sahədə müsbət irəliləyişləri yekdilliklə qeyd etməsinə baxmayaraq.

Heç yerdə, o cümlədən Qərbdə də ideal seçkilər yoxdur. Lakin kimlərinsə əsassız və subyektiv mövqelərindən çıxış edərək faktların şişirdilməsi və ya qərəzli şəkildə təhrif edilməsi tamamilə qəbuledilməzdir.

ABŞ-ın ayrı-ayrı nümayəndələrinin çox qərəzli bəyanatları Amerika müşahidə missiyalarının mövqeyinə də ziddir. Xatırlatmaq istərdim ki, Azərbaycanda seçkiləri təkcə ABŞ-dan 123 nəfər müşahidə edirdi. Nüfuzlu amerikalı müşahidəçilər, bir sıra konqresmenlər və senatorlar 2013-cü ilin oktyabrında keçirilmiş seçkilərin gedişatında Azərbaycanın nail olduğu tərəqqini alqışlamışlar.

Buna baxmayaraq ABŞ Dövlət Departamentinin və ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycanda prezident seçkilərinə dair mövqeyi, yumşaq desək, anlaşılmazlığa səbəb olur.

ABŞ-da bəzi siyasi dairələr Azərbaycanı təcrid etmək fikrindən hələ əl çəkməmişlər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşmüşlər. Buna görə də onlar öz planlarına bir təhər haqq qazandırmaq üçün Avropa Parlamentinə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara təzyiq göstərir, onları Azərbaycanda seçkilərin nəticələri barədə müsbət qiymətdən imtina etməyə vadar edirlər. Lakin başa düşmürlər ki, hətta onların özlərinin əvvəlki rəylərindən imtina etməsi də heç nəyi dəyişmir. Dövlət və hökumət başçılarının böyük əksəriyyətinin şəxsində dünya ictimaiyyəti Prezident İlham Əliyevi 2013-cü ilin oktyabr ayında prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etmişdir. Bu, beynəlxalq təşkilatlardan öz maraqlarını reallaşdırmaq məqsədi ilə ayrı-ayrı dövlətlərə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyi qaydaya çevirmiş qüvvələrin ciddi siyasi məğlubiyyətidir.

Belə qüvvələr anlamalıdırlar ki, təzyiq metodu kimi ikili standartlar siyasəti artıq onlara siyasi dividendlər gətirmir. Əksinə, bu siyasət özlərinin dünya siyasətində birinci dərəcəli rolundan hələ də sərməst olanlara zərər vurur.

Lap yaxın günlərdə - oktyabrın 22-də Con Hopkins Universiteti yanında Ali Beynəlxalq Araşdırmalar Məktəbində Amerika diplomatiyasının veteranı, rəyi ilə hamının hesablaşdığı məşhur politoloq Zbiqnev Bzejinski Madlen Olbrayt, Stiven Hedli, Robert Qeyts, Brent Skoukfortun da iştirak etdiyi auditoriya qarşısında çıxış edərək demişdir: "ABŞ ardıcıl siyasət yeritməli və xaricdəki məsələlərə müdaxilə ilə bağlı bütün məqamlarda son dərəcə ehtiyatlı olmalıdır. İfrat müdaxilənin nəticələri fəlakətli ola bilər". Mənim fikrimcə, bu sözlər gözəl deyilmişdir.

Son olaraq qeyd etmək istəyirəm ki, biz avropalı tərəfdaşlarımızla əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlıyıq. Biz bundan sonra da mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə ciddi əməl edəcəyik.

 

Azərbaycan.-2013.-  29 oktyabr.- S. 2.