Arxeoloji qazıntılar Dağlıq Qarabağın əzəli

 Azərbaycan torpağı olduğunu tam sübut edir

 

Akif ƏLİZADƏ: "Nərgiztəpə ərazisinin tədqiqi "erməni arxeologiyasının" saxtalığını, bu abidələrin Azərbaycan türklərinə məxsusluğunu birmənalı təsdiqləyir"

 

 

AMEA-nın Coğrafiya İnstitutunun son dövrlər açıqladığı bəzi faktlar hər birimizi narahat etməklə yanaşı, xüsusi düşündürməlidir: artıq Ermənistan Azərbaycan ərazilərindəki 277 coğrafi adı erməniləşdirib və bu sahədə "fəaliyyət"ini getdikcə artırmaqdadır. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanda arxeoloji ekspedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə 2008-ci il 5 fevral tarixdə imzaladığı Sərəncamın böyük əhəmiyyəti vardır və artıq ölkəmizin bütün bölgələrində intensiv elmi-tədqiqat aparılır, xalqımızın tarixi keçmişinin öyrənilməsində mühüm addımlar atılır. Xüsusilə ölkə başçısının 2012-ci il aprelin 14-də Tovuz rayonunda olarkən Göytəpə Neolit dövrü arxeoloji abidəsinə baş çəkməsi, həmin ərazi ilə tanışlığı da dediklərimizə əsas verir. Ümumiyyətlə, arxeoloji işlərin intensivləşməsi Azərbaycan ərazisində, eləcə də Qafqazda baş verən inkişaf proseslərinin öyrənilməsində əvəzsiz rol oynamqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, düşmən yalanlarına və iftiralarına qarşı hərtərəfli mübarizəmizi bir an belə dayandırmamalıyıq: "Mən məsələnin tarixi aspekti haqqında dəfələrlə fikirlərimi bildirmişəm, müvafiq göstərişlər vermişəm, o cümlədən bizim alimlərə ki məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə zəngin yeni kitablar dərc edilsin. Bu istiqamətdə də işlər gedir və araşdırmalarımız, əsərlərimiz həqiqəti əks etdirir, yəni tarixi həqiqət üzərində qurulmuşdur. Məsələnin tarixi aspektiçox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır".

Bu mənada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan maddi mədəniyyət abidəsinin öyrənilməsi və tədqiqi tarixi həqiqətlərin əsaslı faktlarla bir daha təsdiq olunmasında əlavə stimul olmaqla yanaşı, işğal nəticəsində tarixi-mədəni irsimizə ciddi ziyan vurulduğumaddi mədəniyyət abidələrimizin vəhşicəsinə dağıdıldığı bir vaxtda erməni yalanlarını ifşa etmək və onlara tutarlı, elmi cavab vermək üçün olduqca əhəmiyyətli bir mənbədir. Bu məsələlərlə bağlı suallarımızı AMEA-nın prezidenti Akif ƏLİZADƏ cavablandırdı.

- Arxeologiya elminin inkişafı digər elm sahələrinin də inkişafına bir təkan verə bilər. Bu mənada son illər arxeologiya elminin inkişafı üçün respublikamızda hansı işlər görülür?

- Müstəqillik illərində Azərbaycan arxeologiya elminin inkişafı istiqamətində görülən işlərin səviyyəsi çox yüksəkdir. Bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" (17 fevral 2003-cü il), "Çıraqqala tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında" (23 iyun 2003-cü il), "Şabran şəhəri tarix və mədəniyyət abidəsinin qorunması haqqında" (27 sentyabr 2003-cü il) sərəncamlar arxeologiya və etnoqrafiyanın inkişaf yolunda bir mərhələ olmuşdur.

2008-ci və 2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkədə əsaslı arxeoloji tədqiqatların aparılması məqsədilə Prezidentin Ehtiyat Fondundan AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutuna yüksək səviyyədə maliyyə vəsaitinin ayrılması dövlət rəhbərliyinin xalqımızın qədim tarixinə diqqət və qayğısının bariz nümunəsidir.

- Gənc kadrların hazırlığı nə yerdədir? Onların dünyanın aparıcı universitetlərində təhsil alması üçünkimi tədbirlər həyata keçirilir?

- Arxeologiya elminə gənc tədqiqatçılar, adətən, universitetlərin tarix fakültələrini bitirənlər gəlirlər. Azərbaycanın ali məktəblərində ayrıca arxeologiya fakültələri yoxdur. İnstitutun doktorantlarının Avropanın müxtəlif elmi mərkəzlərində təcrübə keçməsi mütəmadi olaraq təşkil olunur. Lakin azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil almalarının təşkili Təhsil Nazirliyinin səlahiyyətindədir.

- Bəs, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni avadanlıqların gətirilməsi, öyrənilməsi istiqamətində nələr görülür?

- Arxeologiya elminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mütəmadi olaraq dövlət büdcəsindən vəsaitlər ayrılır. Xüsusilə qeyd etmək lazımdır ki, son illər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ArxeologiyaEtnoqrafiya İnstitutuna ayrılan vəsaitlər hesabına bu sahənin maddi-texniki bazası yüksək səviyyədə təmin edilmişdir.

- Bu mənada xarici mütəxəssislərin cəlb olunması hansı effekti verə bilərdi?

- Son illər bir sıra xarici mütəxəssislər Azərbaycan ərazisində fəaliyyət göstərən ekspedisiyalara dəvət olunur. Elə sahələr var ki, Azərbaycanda bu sahələr üzrə mütəxəssislər yoxdur, məsələn, paleoantologiya, paleozoologiyas. Bir sıra sahələr isə yenidir, məsələn, CİS (Coğrafi İnformasiya Sistemləri) və s. Bu sahələr üzrə mütəxəssislərin tədqiqatlara cəlb olunması alınmış nəticələri daha tutarlı edir.

- Beynəlxalq ekspedisiyaların təşkili lazımi səviyyədədirmi? Vəsait çatışmazlığı varmı? Almaniya-Azərbaycan ekspedisiya qrupunun fəaliyyəti və nəticələri nədən xəbər verir?

- Son illər Azərbaycanda 7 beynəlxalq arxeoloji ekspedisiya çalışır. Tovuz rayonunda Azərbaycan-Fransa, Şəmkir rayonunda Azərbaycan-Almaniya, Qəbələ rayonunda Azərbaycan-Koreya, Ağcabədi rayonunda Azərbaycan-Almaniya, Lerik rayonunda Azərbaycan-Fransa, Naxçıvan MR Şərur rayonundakı Ovçulartəpəsi abidəsində Azərbaycan-Fransa, Oğlanqalada isə Azərbaycan-ABŞ birgə ekspedisiyaları fəaliyyət göstərir. Maliyyə çatışmazlığı yoxdur.

- Son illərin ən vacib tapıntıları və onun tarix elminin inkişafına verdiyi töhfələr barədə nə demək olar?

- Son illər respublikamızın müxtəlif bölgələrində tarixin demək olar ki, bütün mərhələlərinə aid abidələrdə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə əvvəllər elmə məlum olmayan çoxsaylı faktlar aşkara çıxarılmışdır. Bu yeniliklərin xronoloji ardıcıllığına nəzər yetirdikdə ən mühüm faktları qeyd etmək mümkündür: Paleolit dövrünə aid orta Kür hövzəsində aparılan araşdırmalar bu bölgədə ibtidai insanların 1 milyon il bundan əvvəl məskunlaşdığını sübut edir. Şəki-Zaqatala bölgəsindəki Daş dövrü abidələrinin tədqiqatları bu ərazinin 400-500 min il əvvəl məskunlaşdığını sübut etmişdir.

Erkən əkinçilik mədəniyyətlərinə aid (e.ə. VII-IV minilliklər) Tovuz rayonu ərazisindəki Göytəpə, Ağstafa rayonundakı Həsənsu, Qarabağdakı (Ağcabədi rayonunda) Kamiltəpə yaşayış yeri, Ağstafa rayonundakı Böyük Kəsik, Qəbələ rayonundakı Qala yeris. qədim yaşayış məskənlərində aparılan irimiqyaslı arxeoloji qazıntı işləri qədim Azərbaycanda istehsal mədəniyyətinin - erkən sivilizasiyaların meydana çıxmasını və bu, ərazinin qədim sakinlərinin Yaxın Şərq mədəniyyətləri ilə sıx təmasda olmasını göstərdi. Tunc dövrünə aid aparılan qazıntılardan Naxçıvan və Qarabağ bölgələrində erkən şəhər mədəniyyətlərini xüsusilə qeyd etmək lazımdır. Azərbaycanın dövlətçilik tarixi mərhələsində mühüm əhəmiyyət kəsb edən antikorta əsrlərə aid şəhər yerlərində aparılan arxeoloji qazıntı işləri böyük əhəmiyyət kəsb edir. Onlardan qədim Qəbələ və Şəmkir şəhər yerlərində aparılan qazıntılar, xüsusilə diqqətəlayiqdir.

- İşğalda qalan ərazilərdə abidələrin qorunması sahəsində beynəlxalq təşkilatların rolu yetərlidirmi?

- İşğal altında olan ərazilərdə abidələr mütəmadi olaraq dağıdılır. Bu barədə müxtəlif səviyyələrdə məsələlər qaldırılsa da, beynəlxalq təşkilatlar buna məhəl qoymur. Konkret olaraq, işğal altında olan ərazilərdə abidələrin qorunması işi ilə heç bir beynəlxalq təşkilat məşğul olmur.

- Erməni alimləri Qarabağda son dövrə qədər 4000-dən artıq abidə "aşkar"ladıqlarını söyləyirlər. Azərbaycan alimləri isə əksini sübuta yetirərək deyirlər ki, Qarabağ arxeoloji baxımdan ən öyrənilmiş ərazi sayılır. Bu uyğunsuzluq haradandır?

- Həqiqətən də Qarabağ ərazisi arxeoloji cəhətdən yaxşı öyrənilmişdir. Son illərdə ermənilərin burada 4000-dən artıq abidə qeydə aldıqlarını söyləmələri siyasi motivlərlə bağlıdır. Onlar bu məsələni ortaya çıxarmaqla Qarabağın sovet dönəmində diqqətdən kənarda qaldığını qabartmaq istəyirlər. Halbuki onların "ilk dəfə" qeydə aldıqları abidələr artıq arxeologiya elminə çoxdan məlumdur. Ümumi kurqan çölündə hər bir kurqanın ayrı-ayrılıqda qeydiyyatdan keçirilməsi və ya daş qutu nekropolunda hər bir qəbri ayrı bir abidə kimi qeydə almaq təcrübəsi isə yalnız "erməni arxeologiyası" üçün xas olan xüsusiyyətdir.

- Sovet hakimiyyəti dövründə azərbaycanlı alimlərin Dağlıq Qarabağda qazıntılar aparması, oradakı abidələrin tədqiq olunması işində iştirakına hər hansı maneə vardırmı? Yoxdursa, ermənilərin təkcə Şuşada bizə məlum olan 210 abidə əvəzinə, 500 abidədən bəhs etmələri nə qədər həqiqətəuyğundur?

- Sovet hakimiyyəti illərində azərbaycanlı arxeoloqların Qarabağda tədqiqatlar aparması üçün heç bir maneə olmayıbdır. Məhz elə həmin illərdə M.Hüseynov Azıx mağarasında, İ.Nərimanov Leylatəpə, Çalağantəpə, İlanlıtəpə yaşayış yerlərində, H.Cəfərov çoxsaylı kurqanlarda geniş tədqiqatlar aparmışlar. Ermənilərin isə təkcə Şuşada 500 arxeoloji abidə qeydə aldıqlarını söyləmələri həqiqətə uyğun deyil.

- Münaqişə zamanı həmin ərazilərdən daşınan abidələrin çıxarılması nə səviyyədə təşkil olunmuşdur?

- Dağlıq Qarabağ münaqişəsinin başlanması qədim mədəni irsimizə ağır zərbə vurdu. Münaqişə bölgəsindəki minlərlə abidə, onlardan əldə olunan və tarix-diyarşünaslıq muzeylərində qorunan maddi-mədəniyyət nümunələri məhv oldu. Daşınan abidələrin münaqişə bölgəsindən çıxarılması dövlət səviyyəsində təşkil olunmamışdı. Yalnız Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun şəxsi təşəbbüsü ilə bu muzeyin eksponatlarının bir qismi münaqişə zonasından çıxarılmış və hazırda Muzey Mərkəzində qorunur.

- Dağlıq Qarabağ ərazisindəki Nərgiztəpə abidəsinin tədqiqi, mühafizəsi, orada Tovuz rayonu ərazisindəki Göytəpə kimi arxeoparkın yaradılması, Dədə Qorqud qəhrəmanlarından Salur Qazanın və Qaraca Çobanın adı ilə bağlı bu yerlərdə ardıcıl şəkildə müxtəlif beynəlxalq konfransların təşkili, Türkiyədəki kimi hər il folklor şənliklərinin keçirilməsi fikrinə münasibətiniz necədir?

- Azərbaycan xalqının əsrlərlə yaratdığı maddi irsinin mühüm bir hissəsini Qarabağın qədim və orta əsr arxeoloji abidələri təşkil edir. Bu abidələr hələ XIX yüzilliyin sonlarından əcnəbi səyyah və tədqiqatçıların diqqətini cəlb etmişdir. Ötən əsrdə isə Qarabağa çoxsaylı ekspedisiyalar təşkil olunmuş, Azıx və Tağlar mağara düşərgələrində (Xocavənd rayonu), Qaraköpəktəpə (Füzuli rayonu), Üzərliktəpə (Ağdam rayonu) yaşayış məskənlərində, Şərifan şəhər yerində (Zəngilan rayonu), Xocalı kurqanlarında və başqa abidələrdə fundamental tədqiqatlar aparılmışdır. Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənmiş rus (akademik İ.Meşşaninov, A.İessen, V.Lyubin), alman (E.Resler, Y.Qummel), hətta erməni (K.Kuşnareva, O.Danielyan) tarixçiləri dönə-dönə bu abidələri Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirmişlər.

XX əsrin sonlarında erməni silahlı qüvvələri Qarabağın dağlıq hissəsini və ona bitişik ətraf rayonları zəbt etdilər. İşğal nəticəsində bu ərazilərdə kütləvi terror və soyqırımı ilə üzləşən yerli sakinlərlə yanaşı, yüzlərlə abidə də vandalizmin qurbanı oldu: İslamiyyət dövrünə aid məscid, məqbərə və qəbiristanlıqlar məhv edildi, xristian dövrü memarlıq abidələri saxtalaşdırıldı. Artıq neçə illərdir ki, işğalçı rejim Qarabağda, o cümlədən Xocavənd rayonundakı Azıx paleolit düşərgəsində erməni izi axtarır, Ağdam rayonunda, Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası yaxınlığında Tiqranakert adlı mifik erməni şəhərinin "tapılması" haqda dünyaya car çəkir. Bu cəfəng "tədqiqatların" arxasında işğalçılıq niyyətlərini ört-basdır etmək cəhdinin dayandığı aydın görünür.

Qarabağın elmi ictimaiyyətə çoxdan bəlli olan arxeoloji abidələrindən biri də Xocavənd rayonundakı Nərgiztəpə yaşayış məskənidir. Bu abidə haqqında ilk məlumatı hələ XX əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparmış görkəmli alim A.İessen vermişdir. O, Orta tunc dövrünə və Antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiztəpəni çoxtəbəqəli abidə kimi qeydə almışdır. 2012-ci ilin sonlarında Xocavənd rayonuna qısamüddətli səfər zamanı bu abidə haqqında daha ətraflı məlumat toplaya bildik. Hündürlüyü 10 metrə çatan Nərgiztəpənin üzərində IX-XIII əsrlərə aid şirlişirsiz saxsı nümunələrinə təsadüf olunur. Bu isə həmin abidənin iki deyil, ən azı üçtəbəqəli olduğunu söyləməyə əsas verir.

Nərgiztəpənin ətrafında orta əsrlərə aid yaşayış yeri, tikili qalıqları və qəbiristanlıq var. Qəbirüstü daşların üzərinə qazıma üsulu ilə müxtəlif işarə (məsələn, ox, kaman) və damğalar çəkilmişdir. Qəbirlərin üstündə, eləcə də ətraflarda iri yumru daşlar diqqəti cəlb edir. Rəvayətə görə, "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar, məhz bu ərazilərdə baş vermişdir, qeyd olunan iri daşlar isə onun "sapand daşları", yaxud "daşa dönmüş qoyunları"dır. Xocavənd sakinlərinin fikrincə, buradakı qəbirlərdən biri dastan qəhrəmanı olan çobana məxsusdur. Ümumiyyətlə, Nərgiztəpə və onun ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir: Dastan qəhrəmanı Qazan xan "Qaraçuğun qaplanı" adlandırılır. Nərgiztəpə yaxınlığındakı Qarabağ dağ silsiləsinə məxsus yüksəkliklərdən birinin adı da məhz "Qaraçuğ"dur. XIX əsrdə və XX əsrin əvvəllərində çəkilən xəritələrdə də bu dağın adına təsadüf edilir.

Nərgiztəpə ətrafındakı geniş sahələrdə iri daşlardanbişmiş kərpiclərdən inşa olunmuş mürəkkəb quruluşlu tikili qalıqlarının, divarların izləri müşahidə olunur. Saxsı nümunələri onların orta əsrlərə aid olduğunu göstərir. Bu tikililərə yaxın səngərlərin kənara atılmış torpaq qalaqları arasında isə Tunc, Erkən Dəmir və Antik dövr keramikasına da rast gəlinir. Saxsı məmulatı arasında iri təsərrüfat küpləri xüsusi yer tutur. Çəhrayı rəngdə olan belə qabların gilinin tərkibində iri qum dənələri çoxdur. Küplər yaxşı bişirilmiş, möhkəm divarlıdırlar. Ağızlarının geriyə qatlanan hissəsi kəndirvari, çərtmə və s. naxışlarla bəzədilmişdir. Mətbəx qabları sırasına daxil olan xeyrə, qazan, bardaq qalıqları da keyfiyyətli keramika nümunələrindəndir.

Hazırda Dağlıq Qarabağın, o cümlədən Xocavənd rayonunun bir parçası olan Nərgiztəpə Azərbaycanın nəzarətində olan strateji əhəmiyyətli bir məntəqə kimi mühüm əhəmiyyət kəsb edir. Yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə Nərgiztəpə yüksəkliyində Vətən uğrunda canından keçmiş 150-yə yaxın şəhidin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi yaradılmış, Azərbaycan Bayrağı ucaldılmışdır. Xocavəndlilər tərəfindən bir sıra kütləvi tədbirlərin burada keçirilməsi artıq ənənə halını almışdır. Şagirdlər, rayon ictimaiyyəti, respublikamızın ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, jurnalistlər tez-tez "Qarabağın azadlıq qapısı" adlanan Nərgiztəpədə toplaşır, şəhidlərin xatirəsini yad edirlər.

Göründüyü kimi, Nərgiztəpə və onun ətrafında Tunc dövründən indiyə qədər müxtəlif dövrlərə aid abidələr cəmləşmişdir. Çoxtəbəqəli Nərgiztəpə yaşayış məskəni ilə yanaşı, burada antikorta əsrlərin bütün mərhələlərini əks etdirən yaşayış izləri də diqqəti cəlb edir. Ərazidəki böyük qəbiristanlıq, başdaşı üzərindəki işarə və damğalar, ərəb qrafikası ilə yazılar, eləcə də toponimlər bu abidələrin Azərbaycan türklərinə məxsusluğunu təsdiq edir. Nərgiztəpə Qarqarı, XonaşenQarasu çaylarının yaxınlığında yerləşir. Burada formalaşan dərəli-təpəli landşaftın öyrənilməsinə də ehtiyac var. Nərgiztəpə abidələrinin kompleks tədqiqi son dörd min il ərzində Qarabağın dağlıq və dağətəyi əraziləri arasında mədəni-təsərrüfat əlaqələrini izləməyə imkan verəcəkdir.

Bu abidədə müxtəlif tədbirlərin, o cümlədən folklor festivallarının keçirilməsi tariximizin, mədəni irsimizin təbliğində yaxşı vasitə olar. Unutmayaq ki, Nərgiztəpə ərazisinin tədqiqi "erməni arxeologiyasının" saxtalığını, bu abidələrin Azərbaycan türklərinə məxsusluğunu birmənalı təsdiqləyir.

- Ümumən, Azərbaycanın işğaldankənar digər bölgələrində aparılan arxeoloji işlərin səviyyəsi və sürəti qaneedicidirmi?

- İşğaldan kənarda yerləşən bölgələrdə aparılan arxeoloji tədqiqatların miqyası ildən-ilə genişlənməkdədir. Son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində ekspedisiyaların maliyyələşdirilməsində heç bir çatışmazlıq yoxdur.

- Ermənilər, bəzi xarici alimlərin dili ilə desək, "torpağı qazıb siyasət çıxarırlar". Bəs, bizim alimlər axtardıqlarını tapıb dünyaya təqdim edə bilirlərmi?

- Son illər Azərbaycan arxeoloqlarının dünyaya inteqrasiyası da sürətlənmişdir. İlk növbədə, beynəlxalq ekspedisiyaların nəticələri müxtəlif ölkələrdə keçirilən konfranslarda müzakirə olunmuşelmi məqalələr şəklində aparıcı nəşrlərdə yayımlanmışdır. ABŞ-da Azərbaycanda aparılan birgə tədqiqatların nəticələrini özündə əks etdirən internet səhifəsi yaradılmışdır. Azərbaycanlı arxeoloqların beynəlxalq konfranslarda iştirakı artmışdır. Eyni zamanda, Bakıda son illərdə bir neçə beynəlxalq konfransın keçirilməsi və bu konfranslarda dünyanın aparıcı arxeoloqlarının iştirakı da arxeologiya elminin təbliğində və dünyaya tanıdılmasında mühüm vasitədir.

 

 

 

Söhbəti apardı:

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.-  29 oktyabr.- S.7.