Moskvada Azərbaycan nağılı

Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların təşkilatçılığı ilə Moskvada Dövlət Şərq Muzeyində Azərbaycan rəssamları ArifOrxan Hüseynovların "Azərbaycan nağılı" adlı sərgisi keçirildi.

Xalq rəssamı Arif Hüseynov ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır. Rəssamın əsərləri Milli İncəsənət Muzeyində, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır. Onun oğlu Orxan Hüseynov atasının sənətini uğurla davam etdirir. Gənc rəssamın müxtəlif janrlarda yaratdığı əsərlər Bakı, Moskva, London və Parisdə nümayiş etdirilib. Hər iki rəssamın rəngkarlıq və qrafika əsərlərində xalqımızın adət-ənənəsi, müəyyən vərdişləri Azərbaycan nağılları və folkloru prizmasından parlaq və məzəli şəkildə yumor hissi, eləcə də fantaziya ilə təsvir olunur.

Hər iki rəssamın bu mövzuda yaratdığı əsərlər moskvalı sənətsevərlərə Azərbaycan haqqında maraqlı bir nağıl danışdı. Bu nağılın sözü rəng və cizgilərdən ibarət idi. Sərgiyə gələnlər azərbaycanlı rəssamların əsərlərinə maraqla tamaşa edir, xoş təəssüratlarını rəğbətlə dilə gətirirdilər.

 

Azərbaycan.-2013.- 29 oktyabr.- S.11.