Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan

 deyil, bütün region üçün ciddi problemdir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Komitənin mətbuat xidmətindən bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Aİ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bu münaqişənin Azərbaycanın ən ciddi problemi olduğunu deyən baş nazirin müavini Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. Əli Həsənov bildirmişdir ki, dövlət başçısının bu sahəyə diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard dollar məbləğində vəsait sərf olunmuşdur. Qaçqın və məcburi köçkünlər üçün salınmış 82 müasir qəsəbədə 180 min insan yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilmişdir. Bu sənədlərdə, həmçinin işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalmışdır.

Komitə sədri demişdir ki, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa "Böyük qayıdış" proqramını hazırlamışdır. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunmuşlar.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur.

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Ölkəmizdə xarici investorlar üçün də hər cür şərait yaradılmışdır. Azərbaycan hər kəs üçün açıq olan bir ölkədir.

Görüşdə həmçinin məcburi köçkünlərlə bağlı Avropa İttifaqı tərəfindən gələcəkdə həyata keçiriləcək bir sıra layihələr haqqında müzakirələr aparılmışdır.

Filip Lefort Azərbaycana səfəri, keçirdiyi görüşlər haqqında məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən qonaq təəssüflə qeyd etmişdir ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür. F.Lefort vurğulamışdır ki, bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir. O, münaqişənin qısa müddətdə nizamlanması üçün Avropa İttifaqının kömək göstərməyə hazır olduğunu bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 30 oktyabr.- S.3.