Davamlı inkişafa hesablanmış dəyişməz seçim

 

Milyonların inam və etimad ünvanı

 

Dövlət idarəçiliyində siyasi varisliyin təminatı sabahına biganə olmayan hər bir dövlət və xalq üçün xüsusi aktuallıq kəsb edir. Söhbət, ilk növbədə, dinamik inkişaf xəttinin - siyasi, iqtisadi, hüquqi və mənəvi varisliyin təkamül yolu ilə davam etdirilməsi zərurətindən gedir. Müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq ictimai həyatın bütün sahələrində inkişafa yeni təkan verən 2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirmişdir.

 

 

 

Siyasətdə varisliyin uğurlu formulu

 

 

Bu seçkilərdə xalqın böyük etimadını qazanaraq növbəti beş il müddətində dövlət başçısı seçilmiş cənab İlham Əliyevin son 10 illik fəaliyyəti Azərbaycanı davamlı uğurlara aparan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər. 9 oktyabr seçkilərində ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son 10 ildə Azərbaycana gətirdiyi böyük uğurlara səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.

Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən cəmiyyətin sosial sifarişini, istəyini əks etdirmişdir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.

Xalqın son seçiminə YAP-ın prezidentliyə namizədinin şəxsi liderlik keyfiyyətləri də mühüm təsir göstərmişdir. Cənab İlham Əliyevin mövcud siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi şəffaf keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur olan ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşmış İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.

Peşəkar siyasətçi kimi İlham Əliyevin siyasi portretinin əsas cizgilərini təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı şəkildə sübuta yetirir. O, öz simasında Qərb standartlarının - kübar rəftarın, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetimizlə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs gətirmişdir. Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında siyasi romantizm, populizm və psevdovətənpərvərlik kimi amillər yoxdur. Əksinə, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, alicənablığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.

Ümummilli liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 10 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ötən 10 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.

Dövlət başçısı 2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: "Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".

 

 

İnkişaf xəttinin davamçısı

 

 

 

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.

Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin gerçəkləşdirilməsi üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin hələ dövlətə rəhbərliyinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanla start verilmiş, konseptual əhəmiyyətli bu sənəd sonrakı mərhələlərdə imzalanmış dövlət proqramları üçün baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki çıxışında bununla bağlı demişdir: "İqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Əminəm ki, son on il ərzində əldə edilmiş nailiyyətlərimiz beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə təhlil ediləcəkdir. On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir. Bölgələr abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azaldı".

Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını genişləndirən vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin formalaşmasını şərtləndirir.

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər iş adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

2007-ci il 28 iyul tarixli "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

Fəaliyyət Planında, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, maraqlar toqquşmasının qarşısının alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması, audit, vergi, gömrük, dövlət satınalmaları, sosial müdafiə və digər sahələrdə fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə geniş yer ayrılmışdır.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. "ASAN xidmət", ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.

İdeyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar üçün həyata keçirilir və təqvimin bütün günlərində açıq olur. "ASAN xidmət" mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiya və s. dövlət orqanlarının əməkdaşları vətəndaşlara müasir və keyfiyyətli xidmətlər göstərirlər. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.

 

 

 

Gələcəyin yeni hədəfləri

 

 

Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meylləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Hazırda icrasına start verilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında gələcək hədəflərə də toxunmuşdur: "İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır. Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar vardır. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Bu il qeyri-neft sektorumuz on faizdən çox artmışdır. Əgər biz hər il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o hədəfə çatacağıq".

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

2013-cü ilin 9 ayında Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda iş yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Bu ilin 9 ayında ümumi daxili məhsulun 5,4, qeyri-neft sektorunun 10,4 faiz artması, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 11 faizdən çox artması dinamik inkişafın göstəricisidir. Bu fakt Azərbaycanın iqtisadiyyatının, sadəcə, neft amili üzərində qurulmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu bir daha təsdiqləyir.

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də 2013-cü ilin 9 ayında investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir. Bu dövrdə ümumilikdə ölkə iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyulmuşdur və bu prosesdə artıq yerli sərmayədarların üstünlüyü daha qabarıq duyulur. Sərmayələrin təqribən 70 faizinin daxili investisiyalar olması isə, ilk növbədə, dövlətin investisiya siyasətinin uğurlu olduğunu göstərir.

 

 

Tam müstəqil siyasət yürüdən ölkə

 

 

 

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda, sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər. Eyni zamanda, mühüm uğurlardan biri də ötən il Qəbələ RLS-in fəaliyyətinin dayandırılması, Rusiyanın Azərbaycandakı hərbi bazasının fəaliyyətinə son qoyulmasıdır.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.

Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 10 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur. 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bir neçə ay öncə TANAP kəmərinin seçilməsi ilə bağlı tarixi qərarın qəbulu isə Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətlərində keyfiyyətcə yeni mərhələ açmışdır.

 

 

 

Nihilist qüvvələrin növbəti uğursuzluğu

 

 

İnkişaf etmiş demokratik ölkələrdə müxalifət hakimiyyət uğrunda sivil, konstitusion və intellektual mübarizə aparmaqla hakimiyyətə alternativ siyasətin daşıyıcısı kimi çıxış edən qüvvə olduğu halda eyni meyarı Azərbaycandakı müəyyən siyasi qüvvələrə şamil etmək mümkün deyil. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipinə üstünlük verməklə yalnız bu halda siyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanacağını düşünən bu radikal qüvvələr ölkədə siyasi sabitliyin pozulmasında maraqlı tərəf olduqlarını indiyədək bir neçə dəfə sübuta yetirmişlər. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən əvvəl və sonra baş verən proseslər bunu bir daha təsdiqləyir.

2013-cü ilin 9 oktyabr seçkiləri isə bu qüvvələrin xalqın dəstəyindən tamamilə məhrum olduğunu bir daha təsdiqləmişdir. Bu seçkilərin yekunları birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kfayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində irreal vədlərə hansısa yer saxlamamışdır.

Təşviqat mərhələsində xalqın dəstəyindən tamamilə məhrum olmuş ifrat radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı reallıq kimi üzə çıxdı. Gözləmək olardı ki, uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra həmin qüvvələr fəaliyyətlərində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcəkdir. Lakin həmin qüvvələrin son 20 ildə ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi. Prezident seçkiləri ərəfəsində cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından hələ də əl çəkə bilmədiklərini göstərdi.

Oktyabrın 19-da keçirilmiş andiçmə mərasimi təsdiqləyir ki, Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. O, xalqı Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ bir sıra mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2013.- 30 oktyabr.- S.5.