Elşad İskəndərov: Azərbaycanda müxtəlif dinlərə və dini təriqətlərə mənsub insanlar mehriban şəraitdə yaşayırlar

 

Bu gün Azərbaycan ərazisində müxtəlif dinlərə və dini təriqətlərə mənsub insanlar mehriban şəraitdə yaşayırlar.

AzərTAc xəbər verir ki, bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) XI Yay Forumunda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə müsahibəsində demişdir.

Bildirmişdir ki, Azərbaycanda tolerantlığın tarixi qədim dövrlərə gedib çıxır. Uzun müddət Böyük İpək Yolunda yerləşən ölkələrin sakinləri mehriban şəraitdə bir yerdə yaşamış və ticarət əlaqələri qurmuşlar. Azərbaycanda tolerantlığın qədim tarixinin digər başlıca səbəbi isə ölkə ərazisində müxtəlif dinlərin və dini təriqətlərin təşəkkül tapmasıdır.

Elşad İskəndərov diqqətə çatdırmışdır ki, may ayında Azərbaycanda keçirilmiş böyük humanitar forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və UNESCO-nun birgə imzaladıqları memorandum əsasında Milli Tolerantlıq Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrinin tədqiqinə, xarici mütəxəssislər tərəfindən tədqiqatlara şərait yaratmağa yönəlmişdir. Artıq mərkəzin ilk layihəsinə başlanılmışdır. Bu il dünyanın aparıcı ekspertbloqçulardan ibarət heyət komitə tərəfindən hazırlanan tolerantlığın İpək Yolu marşrutu ilə Azərbaycanın bir sıra bölgələrində olacaqlar.

Mərkəzin nəzdində müxtəlif audiovideomateriallar, disklər, təqdimatlar hazırlanmışdır. Bununla bağlı bir neçə kitabın tərtibi də planlaşdırılır. Cari ildə BMT-nin, UNESCO-nun baş qərargahlarında, eləcə də Avropa Parlamentində "Azərbaycan tolerantlıq məkanı" mövzusunda fotosərgi və konfransların keçirilməsi nəzərdə tutulur.

Elşad İskəndərov diqqətə çatdırmışdır ki, belə tədbirlər həm xaricdə təhsil alan gənclərin, həm də diaspor təşkilatlarının birləşmək və Azərbaycanı layiqincə təqdim etmək üçün bir şəbəkə olacaqdır.

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 2.