Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlər davamlıdır

 

Bu günlər dövlət başçısı əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədini daşıyan həmin sənəddə deyilir: "Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilsin".

Ölkə Prezidenti əhalinin bəzi kateqoriyalarına verilən təqaüdlərin və müavinətlərin artırılması haqqında fərmanlar imzalayıb.

Dövlət Statistika Komitəsinin son məlumatı isə bu ilin birinci yarısının axırlarında pensiyaçıların sayı və onların aldıqları pensiyaların məbləği haqqında məlumatı əks etdirir. Statkom Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən bildirir ki, 2013-cü il iyul ayının 1-i vəziyyətinə DSMF sistemində 1272,6 min nəfər pensiyaçı olub. Onlar ölkə əhalisinin 13,7 faizini təşkil edib.

Pensiyaçıların 62,4 faizi yaşa, 27 faizi əlilliyə, 10,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 153,3 manat olub.

DSMF-nin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1219 milyon manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox vəsait yönəldilib. Pensiya xərcləri 3,7 faiz artaraq 1190,6 milyon manat təşkil edib.

6 ay ərzində əhaliyə 28,4 milyon manat məbləğində ödənilmiş müavinətin hər biri 29,9 faiz olmaqla hamiləliyə, doğuma görə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,2 faizi dəfn üçün ödənişin, 24 faizi isə digər müavinətlərin payına düşür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, iyul ayının 1-i vəziyyətinə 311,4 min nəfərə müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 13,6 min nəfər təşkil edib. 114,9 min nəfər əlilliyə görə, 37,6 min nəfər ailə başçısını itirdiyinə görə sosial müavinət alıb. Sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı isə 61,6 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 55,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib.

Yetimvalideyn himayəsindən məhrum olmuş uşaqların 565 nəfər qəyyumuna, eləcə də 9,9 min ailəyə 19,4 min uşaq üçün aylıq müavinət ödənilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Bundan əlavə, 6,6 min 1 yaşadək uşağa görə 6,5 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti, yaxud peşə xəstəliyi nəticəsində 510 zərərçəkən kompensasiya alıb.

Eyni zamanda, 61,7 min nəfərə birdəfəlik müavinət verilib. Bunlar 53,2 min uşağın doğulmasına görə, 4,6 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2,9 min nəfərə penitensiar müəssisələrində cəzaçəkmədən azad edilmiş şəxslərə və həyatını itirmiş 1000 nəfərin dəfni üçün olan müavinətlərdir.

İlin birinci yarısında Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34,9 min nəfər aylıq təqaüd alıb. Ölkədə 120,9 min ailənin 531,9 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Onların hər nəfərinə orta hesabla 27,3 manat ödənilib.

Ölkə Prezidentinin yeni sərəncam və fərmanları əhalinin bir qrupunun sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilib. Fərmanlardan biri Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi barədədir. Həmin sənədə əsasən, Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 manat müəyyən edilib. Digər bir fərmana əsasən isə şəhid ailələri üçün Prezidentin təqaüdünün aylıq məbləği  bu il sentyabrın 1-dən 200 manat olacaq.

Ölkə başçısının müharibə əlillərinin təqaüdünün artırılması haqqında verdiyi fərmana əsasən, onların təqaüdlərinin artımı əlillik qrupuna görə müxtəlifdir. Belə ki, I qrup müharibə əlilləri ayda 110, II qrup - 85, III qrup 60 manat alacaq. Ölkə başçısı eləcə də "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərman və "Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam imzalayıb.

Bu sərəncam və fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Onlar eyni zamanda ölkədə insanların maddi rifahının getdikcə daha da yaxşılaşmasına dövlət qayğısının təzahürlərindən biridir.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 5.