Elmdə islahatlar Azərbaycanın davamlı inkişafına xidmət edir

 

Milli intibahın ən başlıca təminatçısı olan elm və təhsil müasir dövrdə həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib açar rolunu oynayır. İqtisadi inkişaf strategiyasını insan kapitalının formalaşdırılması məramı üzərində quraraq elmin, təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm istiqaməti sayan, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər yüksək tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer tuturlar.

Müstəqil Azərbaycan da XXI əsrdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin tərəqqisinə daim xüsusi diqqət yetirir. Son 10 ildə respublikada milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası sübut etmişdir ki, Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönündə qurur. Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin, innovasiya layihələrinin, habelə kompyuterinformasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir.

Reallaşdırılan səmərəli iştisadi islahatların nəticəsi kimi respublikamızın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirmişdir. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dünyadakı qlobal proseslərə nəzərən ölkənin modernləşmə strategiyasının nəzəri-politoloji əsaslarını müəyyənləşdirmək, milli inkişaf modelinin özünəməxsusluğunu konrkret elmi postulatlar əsasında ortaya qoymaq humanitarictimai elm sahələri qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirilmişdir.

Dövlətin elmin problemlərinə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Eyni zamanda, neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin həlli məsələsini aktuallaşdırır. Milli iqtisadiyyatın yüksək dinamizmlə inkişafı elmin müasirləşdirilməsi məqsədinə yönəlmiş dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır. Azərbaycanın dövlət büdcəsində elmə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin kefiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir.

Ölkə rəhbərinin 2013-cü il 20 avqust tarixli sərəncamı ilə AMEA-nın elmi-tədqiqat institutlarında çalışan əməkdaşların məvaciblərinin daha 10 faiz artırılması da bu sahəyə diqqət və qayğının sistemli səciyyə daşıdığını göstərir. Xatırladaq ki, bu, son 2 il ərzində elm adamlarının məvaciblərinin artırılması ilə bağlı üçüncü sərəncamdır. Belə ki, hələ 2011-ci il 27 aprel tarixli sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılmışdır. Həmin ilin dekabrında isə elm adamlarının məvaciblərinin daha 10 faiz artırılması ilə bağlı növbəti sərəncam imzalanmışdır. Ümumilikdə isə elm sistemində çalışanların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən 10 ildə dövlətin xüsusi diqqət mərkəzində olmuşdur. Ötən illərdə aspirantların təqaüdləri, alimlik dərəcələrinə görə əlavələr, habelə AMEA-nın müxbir üzvlərinin və akademiklərin rütbə maaşları dəfələrlə qaldırılmışdır.

Xatırlatmaq lazımdır ki, hələ 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamda da elmin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi əksini tapmışdır. Burada xüsusi vurğulanmışdır ki, Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi bu sahədə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Bütün bunlarla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Sərəncama əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və nüfuzlu alimlərdən ibarət dövlət komissiyası yaradılmışdır. Komissiya tərəfindən hazırlanaraq dövlət başçısının 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirmişdir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; onun elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadiictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir.

Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elmtexnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi; elmi-texniki infrastrukturun müasirləşdirilməsi; elmin hüquqi-normativ bazasının yaradılması; elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də mövcuddur. Strategiyanın vəzifələri daha genişdir və yuxarıda sadalanmış bəndlərlə kifayətlənmir. Bura həmçinin təbiət, texnika, ictimaihumanitar elmlər sahəsində tədqiqatların inkişafı, ətraf mühitin qorunması, maddi-texniki bazanın yaradılması, dövlətin inkişafını təmin etmək üçün elminmüasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və tarixinin ümumikompleks tədqiqatı və s. daxildir.

2009-cu il 22 may  tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam isə ali məktəb sistemində islahatların yeni dövrün tələblərinə uyğun aparılması baxımından vacib əhəmiyyət daşıyır. Dövlət Proqramında xüsusi vurğulanır ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyaümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 31 yanvar tarixli sərəncam da ölkə təhsilinin Avratlantik məkana inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə göstərilirdi ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması, habelə respublikanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir.

2009-cu ildə respublikada Elmin İnkişafı Fondunun yaradılması elmi tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Ölkə rəhbərliyinin kadr hazırlığına xüsusi diqqətlə yanaşması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. 2006-cı il oktyabrın 19-da imzalanan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncam da bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşımışdır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Həmin sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Dövlət başçısının 2007-ci il 5 sentyabr tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində vəsait ayrılmışdır. İndiyə qədər həmin proqram çərçivəsində 1000-dək gənc xaricdə təhsil alaraq respublikamıza dönmüşdür.

"Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında"  2010-cu il 9 fevral tarixli sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.

AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, şəraitinin yaxşılaşdırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir. 2011-ci il 29 aprel  tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam da akademiyanın maddi-texniki bazasının gücləndirilməsinə və mövcud problemlərin həlli məqsədinə xidmət edir. Ötən illərdə akademiyanın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, Rəyasət Heyətinin binasında təmir işləri başa çatdırılmışdır.

2011-ci il aprelin 21-də AMEA-nın illik ümumi yığıncağında intellektual elitaya bir sıra dəyərli tövsiyələr verilmiş, bu sahənin inkişafının ölkə üçün prioritet məsələlərdən olduğu bir daha açıqlanmışdır. Həmin toplantıda xüsusi vurğulanmışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində, ilk növbədə, cəmiyyətin intellektual potensialına istinad edir. Respublikada təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına, insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Bütün bunlarla yanaşı, hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunması, daha dəqiqi, elmlə iqtisadiyyatın uğurlu vəhdətinin təmin edilməsinin vacibliyi xüsusi vurğulanmışdır: "Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik... Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir... Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir".

Son illər elmin inkişafı və bu sahədə özünü göstərən problemlərin həlli istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan 2012-ci ildə AMEA-nın və onun elmi-tədqiqat institutlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər daha geniş vüsət almışdır. Ötən il imzalanan sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan zəruri vəsaitlər ayrılmışdır.

2012-ci il 23 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam isə Azərbaycan dilinin inkişafı, bu sahədə əlavə tədqiqatların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Dilçiliklə bağlı problemlərin önə çəkildiyi sərəncamda dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması məqsədilə AMEA-ya xüsusi dövlət proqramının imzalanması tapşırılmışdır. Həmin tapşırıq əsasında hazırlanan və bu ilin aprelində qəbul olunan müvafiq Dövlət Proqramı 2013-2020-ci illər ərzində Azərbaycan dilinin inkişafı istiqamətində bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır.

Azərbaycan dövlətinin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra ölkələrin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın timsalında tam əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividentlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir.

Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Azərbaycanda inamla həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heçneft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 7.