Azərbaycan nümayəndə heyəti «Kapoşvarın VII damazlıq günləri» sərgisində iştirak etmişdir

 

AzərTAc xəbər verir ki, Macarıstanın Kapoşvar şəhərində "Kapoşvarın VII damazlıq günləri" sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanın kənd təsərrüfatının inkişafını əks etdirən stend qurulmuşdur.

Tədbirdə ölkəmizi kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Sərginin açılış mərasimində çıxış edən B.Əliyev Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərin nəticəsi olaraq aqrar sahədə də əməkdaşlıq üçün zəmin yarandığını bildirmişdir.

Macarıstanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Şandor Fazekaş, Macarıstan parlamenti sədrinin müavini Marta Matray, Kaposvar şəhərinin meri və digər rəsmi şəxslər sərgidəki Azərbaycan stendinə baxmışlar.

Səfər çərçivəsində Macarıstan Ticarət evinin təşkilatçılığı ilə biznes nümayəndələri arasında görüş keçirilmişdir. Eləcə də hər iki ölkə arasında aqrar təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar və Macarıstanın Kapoşvar universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 6.