Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

 

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın etimadnaməsini qəbul etmişdir.

Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dimitrios Tsounqas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırladığını dedi. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan diplomat əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 2.