Özbəkistanın milli bayramı - Dövlət müstəqilliyinin 22-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

 

Sentyabrın 3-də Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 22-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Səfir Şerzod Fayziyev ölkəsinin 22 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır. Özbəkistanın Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini deyən səfir ikitərəfli əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın dinamik inkişafını xüsusi qeyd edən diplomat ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, özbək xalqına əmin-amanlıq və firavanlıq arzulamışdır. Əli Həsənov demişdir ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Özbəkistanla münasibətlərə həmişə böyük önəm verdiyini diqqətə çatdıran Əli Həsənov bu günbu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Baş nazirin müavini dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.

İki dost ölkə arasında bir sıra oxşar cəhətləri vurğulayan Əli Həsənov həm Azərbaycanda, həm də Özbəkistanda şəffaf, demokratik idarəçilik sisteminin mövcud olduğunu bildirmişdir.

Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin  yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Baş nazirin müavini dövlətlərimiz arasında  əməkdaşlığın bundan sonra da  uğurla davam etdiriləcəyini diqqətə çatdırmışdır.

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 2.