Yeni nəsil biometrik pasportların təqdimat mərasimi keçirilmişdir

 

Sentyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Pasport, QeydiyyatMiqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin inzibati binasında biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verilmişdir. Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədi ilə Baş İdarənin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrdə müxtəlif kurs, seminar və treninqlərdə iştirak etmişlər. Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, müvafiq texniki avadanlığın Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunmuşdur. Eyni zamanda, biometrik pasportların istehsalı sahəsində xidmət aparacaq əməkdaşlarla xüsusi treninqlər keçirilmişdir.

Regional Mərkəzin yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyən müvafiq köşklər quraşdırılmışdır. Burada vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılmış, eyni zamanda təcili tibbi yardım məntəqəsi və internet-kafe istifadəyə verilmişdir.

Zalda eyni vaxtda 24 vətəndaşa xidmət göstərmək, gün ərzində isə orta hesabla 700-dən artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaqdır. Burada fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinələr, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompyuterlər və digər texniki vasitələr yerləşdirilmişdir.

Pasportların hazırlanması və vətəndaşlara təqdim edilməsi inzibati binanın ikinci mərtəbəsində həyata keçirilir. Burada da vətəndaşların rahatlığı nəzərə alınmış, onlar üçün hər cür şərait yaradılmış, qanunvericiliyin tələblərinə uyğun olaraq aldıqları pasportların elektron daşıyıcılarında (çiplərdə) özləri haqqında məlumatları yoxlaya bilmələri üçün xüsusi köşklər quraşdırılmışdır.

Ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaşlar on, beşya bir günü ərzində pasportlarla təmin olunacaqlar.

Məlumatda o da bildirilir ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində respublika üzrə fəaliyyət göstərən daha 8 regional mərkəzin (Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Bərdə, Şirvan) yeni inzibati binalarının inşası başa çatdırılmış, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi, operativ rabitənin yaradılması və digər zəruri texniki təminat məsələləri öz həllini tapmışdır.

Mərasimdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov 10 vətəndaşa yeni biometrik pasport təqdim etmişdir.

Biometrik pasportların ilk sahibləri bu yeniliyi yüksək qiymətləndirərək yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 3.