Biləsuvarda Heydər Əliyev Mərkəzi açılmışdır

 

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Girişdə mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılmışdır. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı Heydər Əliyev Muzeyində ulu öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilmişdir. Birinci mərtəbədə ümummilli liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır.

Onların arasında ulu öndərin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. Burada ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcəkdir. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompyuter otağı, treninq zalı, kitabxana, 3D kinozalı vardır. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiyadizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırıldı ki, mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı. 

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 4.