Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif problemlərinin həllinə kömək edirlər.

Sentyabrın 4-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova növbəti qəbulu Mingəçevir şəhərində keçirmişdir.

AQUPDK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,   komitə sədrinin Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulunda bu şəhərdən, həmçinin Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Zərdab  rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Qəbul zamanı müraciətlərin əksəriyyəti ailələri daha çox narahat edən məsələlər, xüsusilə qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə bağlı olmuşdur. İşlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilmişdir.

 Qəbul zamanı vətəndaşları narahat edən  bir sıra məsələlərə münasibət bildirilmiş, eləcə də yerlərdəki müvafiq icra strukturlarına yönəldilmiş, həmçinin həmin regionlardakı ailə və uşaqlara dəstək mərkəzlərinin rəhbərlərinə məsələlərin nəzarətdə saxlanılması tapşırılmışdır.

Komitə sədri, eyni zamanda, Mingəçevirin fəal qadınlarının iştirak etdikləri "dəyirmi masa"da çıxış etmiş, respublikamızda dövlət qadın siyasətinin prioritet istiqamətlərindən söz açmış, qadınları maraqlandıran sualları cavablandırmışdır.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.