Azərbaycan ilə Əfqanıstan arasında sənaye və energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev sentyabrın 4-də  Əfqanıstanın  neft və təbii ehtiyatlar  naziri Vahidulla  Şahrani ilə  görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Əfqanıstan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini, habelə sənaye sahəsində qarşılıqlı əlaqələri müzakirə etmişlər.

Natiq Əliyev Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrin indiki vəziyyəti barədə qonağa məlumat vermiş, ölkəmizin iqtisadiyyatının inkişafında energetikanın əhəmiyyətli rol oynadığını  vurğulamışdır.

Nazir demişdir ki, Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli dostluq münasibətləri çoxdan mövcuddur.

N.Əliyev qeyd etmişdir ki, Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının tikintisində iştirak etməyə hazırdır, çünki ölkəmiz neft-qaz sahəsində böyükuğurlu inkişaf yolu keçmişdir. Əfqanıstanın iqtisadiyyatı bərpa olunur. Azərbaycan isə Əfqanıstanla əməkdaşlığa maraq göstərir.

N. Əliyev qonağa onu da bildirmişdir ki, Sənaye və Energetika Nazirliyi Azərbaycanda həyata keçirilən 50-dən çox dövlət proqramının hamısına öz töhfəsini vermişdir.

Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rizayev nazirliyin  hazırladığı təqdimat zamanı çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycan 2,4 trilyon kubmetr qaz, 2 milyard ton neft ehtiyatlarına malikdir. "Şahdəniz" yatağının istifadəyə verilməsindən indiyə qədər 44 milyard kubmetr qaz hasil edilmişdir. İxrac boru kəmərlərinin şaxələndirilməsi də davam edir.

R.Rizayev demişdir ki, dünyanın 11 ölkəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyi açılmışdır. Ölkədə 22 elektrik stansiyası fəaliyyət göstərir və respublika elektrik enerjisi ixracatçısına çevrilmişdir.

R.Rizayev əlavə etmişdir ki, Azərbaycanın iqlim şəraiti günəş, külək və çayların enerjisindən istifadə etməyə imkan verir. Artıq bərpa olunan enerji sahəsində 14 kiçik SES inşa olunur, 3 külək elektrik stansiyası istifadəyə verilmişdir. Bütün bu uğurları əldə etmək üçün külli miqdarda - 128 milyard dollar məbləğində sərmayə yatırılmışdır.

Ölkəmizə səfərindən məmnun olduğunu bildirən Vahidulla Şahrani demişdir ki, Azərbaycan ilə  Əfqanıstan arasında  möhkəm dostluq münasibətləri var. Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu  dövrdə Əfqanıstandan olan tələbələr ali neft məktəbində oxumaq üçün Azərbaycana gəlirdilər. V.Şahrani bildirmişdir ki, indiki nümayəndə heyətinin tərkibində Azərbaycan Neft Akademiyasının bir tələbəsi də var. Bu  bir daha göstərir ki, neft-qaz sahəsində Azərbaycanın təcrübəsi  Əfqanıstan üçün çox  vacibdir.

Görüşdə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyin və inkişaf etdirməyin  zəruri olduğu vurğulanmışdır.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.