Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində «Təhsilə dəstək» layihəsi çərçivəsində aksiya keçirir

 

Artıq 10 ildir ki,  Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya keçirir. Ənənəyə çevrilmiş aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edir.

Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, 2013-2014-cü dərs ili ərəfəsində gerçəkləşən növbəti aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı artıq məktəblərə paylanılmışdır.

Məktəb həyatına Heydər Əliyev Fondunun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulmuşdur.

Ötən illərdə Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərmişdir. 2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanılan çantaların sayı 130 minə bərabər olmuşdur.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 8.