Neftçala şəhəri yenidən qurulur

 

Neftçala şəhərinə daxil olarkən buranın hər qarışında gərgin getdiyinin canlı şahidinə çevrilirsən. Şəhər, sözün əsl mənasında, tikinti meydançasını xatırladır. Ağırtonlu maşınlar inşa olunan obyektlərə torpaq, qum, çınqıl, mişar daşı və digər tikinti materialları daşıyır, ustalar, fəhlələr tikib-qururlar.

Neftçala şəhərinə əsas giriş Heydər Əliyev prospektindəndir. Kür çayının sahilindən başlayan və şəhərboyu uzanıb gedən prospekt buraya gələnlərə sanki bələdçilik edir, onları istədikləri ünvana çatdırır. Hazırda prospekt əsaslı şəkildə yenidən qurulur. Prospektin hər iki tərəfində orijinal üslubda qranit laylarla hasar çəkilir, lazımi yerlərə torpaq tökülür, piyadalar üçün səkilər düzəldilir, yaşıllıqlar salınır, ağaclar əkilir, müasir işıqlandırma fanarları quraşdırılır, saat qülləsi ucaldılır. Eyni zamanda, prospektin hər iki tərəfindəki beşmərtəbəli yaşayış evlərinin, ictimai binaların dam örtüyü, fasad hissəsi, pəncərələri dəyişdirilərək təzələnir.

Şəhərin Kür çayı sahilində isə bulvar salınır. Sahilboyu 600 metr uzanıb gedən istirahət parkında çay evi tikmək, fəvvarə, uşaq əyləncə guşəsi yaratmaq nəzərdə tutulur. Artıq əraziyə yaraşıqlı daşlar düzülmüş, yaşıllıq zolaqları salmaq, ağac və güllər əkmək üçün yerlər ayrılmışdır. Gecə fanarlarının Kür çayı sularında bərq vuraraq buranı cənnətməkan bir yerə çevirəcəyini indidən demək olar. Parkın yuxarı hissəsində inşa edilən Dövlət Bayrağı meydanı da əraziyə xüsusi görkəm verəcək. Bayraq dirəyinin hündürlüyü 43 metr olacaq.

Neftçala şəhərinin mərkəzində rayon icra hakimiyyəti üçün inşa edilən yeni inzibati binada isə tamamlama işləri görülür. "Gülbaxt" lay daşı ilə üzlənmiş 4 mərtəbəli bina şəhərə ayrı bir yaraşıq verəcək. Ərazidə eyni zamanda Heydər Əliyev Mərkəzi üçün bina tikilir. Xüsusi layihə əsasında inşa edilən hər iki bina orijinallığı ilə diqqəti cəlb edir. İki binanın arasında salınacaq park isə onları bir-biri ilə bağlayaraq həmahənglik yardacaq. Bura bayramlar, əlamətdar hadisələr zamanı konsert və kütləvi tədbirlərin keçiriləcəyi bir yer olacaq. Şəhər əhalisi xüsusilə isti yay günlərində parka gələrək ətrafa sərinlik çiləyən fəvvarələrə tamaşa edəcək, yorğunluqlarını çıxaracaq.

İstər Böyük Vətən müharibəsi, istər 90-cı illərin siyasi hadisələri, istərsə də Qarabağ uğrunda gedən döyüşlər zamanı neftçalalılar həmişə öndə olmuşlar. Bu yolda neçə-neçə oğul canından keçmişdir. Mərd mübarizlərin xatirəsi Vətənimizin hər yerində olduğu kimi, Neftçalada da əziz tutulur. Şəhərin mərkəzində ucaldılan monumental abidə kompleksi buna sübutdur. Şəhidlər xiyabanı adlanan bu ərazi 3,2 min kvadratmetr sahəni əhatə edir. Burada da yaşıllıq salınacaq, işıqlandırma sistemi qurulacaq, oturacaqlar qoyulacaq.

Neftçalada regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işləri "ELN" MMC aparır. Öyrəndik ki, tikilən obyektlərin layihəsi şirkətin rəhbəri, memar Fatma xanım Əhmədovaya məxsusdur. Başlıcası da odur ki, orijinal üslubda olan layihələri inşaatçılar yüksək peşakarlıqla, zövqlə, səliqə-sahmanla icra edirlər.

"Axmaz" deyilən ərazi uzun illərdən bəri Nefçala şəhərinin bəlasına çevrilmişdi. Yaxınlıqdakı evlərin çirkli suları bura axıdılırdı. Yay aylarında yaranan qoxu şəhər əhalisini çox narhat edirdi. Bu, eyni zamanda, yoluxucu xəstəliklərin yaranması üçün infeksiya mənbəyi idi. Müşkülə çevrilən həmin məsələ də öz həllini tapır. Artıq göl qurudulmuş və yerində istirahət zonası yaradılması ilə bağlı işə başlanmışdır.

Kürlə Xəzərin qovuşduğu Neftçalada aparılan quruculuq işləri təbii olaraq rayonun hər bir sakinini sevindirir. Neftçala şəhər sakini, rayondakı Böyük Vətən müharibəsi Veteranları Şurası İctimai Birliyinin sədri Əlixan Əliyevin dediklərindən:

- Gördüyünüz kimi, Neftçalada genişmiqyaslı quruculuq işləri gedir. Bu, hamımızı çox sevindirir. Mən yaşlı adamam. Deyərdim ki, şəhərimizdə, ümumiyyətlə, Nefçala rayonunda heç vaxt belə genişmiqyaslı aparıldığını görməmişəm. İndi işıq və qaz sarıdan da heç bir korluq çəkmirik. Bütün bunlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir.

Bəli, həqiqətən Neftçala göz qabağında dəyişir, abadlaşır. Hər kəs burada gedən quruculuq işlərində yaxından iştirak etməyə çalışır. Rayon icra hakimiyyəti aparatının işçiləri öz yerini indi tikinti meydançasına köçürmüşlər. Biz obyektlərdə olarkən RİH-nin başçısı İsmayıl Vəliyevin bir az öncə burada olduğunurayonun Xol zonasında çəkilən avtomobil yolunda işlərin gedişinə baxmaq üçün oraya getdiyini dedilər. Necə deyərlər, zəhmətiniz itməsin!

 

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 10.