Prezident İlham Əliyev Masallıda TaekvondoBoks mərkəzlərinin açılışlarında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 4-də Masallıya səfəri çərçivəsində TaekvondoBoks mərkəzləri istifadəyə verilmişdir.

Dövlət başçısı əvvəlcə Regional Taekvondo Mərkəzinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son illərdə Masallıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür mərkəzlərin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırır. Ərazisi 5 min 613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılmışdır.

Taekvondo zalında yaradılan şəraitlə tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, burada müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait vardır. Yarışların gedişini 250 tamaşaçı izləyə bilər. Zalda bir sıra idman növləri ilə məşğul olmaq mümkündür.

Daha sonra Prezident İlham Əliyev Masallı Regional Boks Mərkəzinin açılışında iştirak etdi.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Boks Mərkəzinin inşasına 2012-ci ilin əvvəlindən başlanılmışdır. Mərkəzin ümumi sahəsi 4 min 191 kvadratmetrdir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərilən qayğısını əks etdirən fotostend yaradılmışdır.

Dövlət başçısı boks zalı ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, zalda boks yarışlarının və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar vardır. Mərkəzdə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi də mümkün olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 5.