Astara Rayon Mərkəzi
Xəstəxanasının binası əsaslı şəkildə
yenidən qurulmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı
şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında
yaradılmış şəraitlə tanış olmuşdur.
Prezident İlham
Əliyev əvvəlcə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
və xəstəxananın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Biz Rayon Mərkəzi Xəstəxanasının
yenidən açılışına
toplaşmışıq. Keçən il
bu ərazidə görüşmüşdük.
O vaxt mərkəzi binanın
açılışını qeyd etdik. Sonra da
mən fikir verdim ki, bu bina
- poliklinika və təcili yardım hissələri
təmirsiz qalmışdır. Əlbəttə, bu vəziyyət bizi qane edə bilməzdi. Ona
görə göstəriş verilmişdi
ki, bu bina
da əsaslı şəkildə təmir
edilsin.
İndi burada
bütün işlər görülüb.
Diaqnostika avadanlığı
quraşdırılıb. Təcili yardım, poliklinika
şöbələri yenidən qurulub. Astarada tibb məsələləri
demək olar ki, öz həllini tapmışdır.
Yadımdadır, keçən il burada görüşmüşdük.
Çox şadam ki, verilən göstərişlər
vaxtında icra edilir. Bir il keçəndən sonra artıq biz yenidən
burada görüşürük.
Hesab edirəm ki, hər
bir iş axıra qədər
görülməlidir və heç bir iş
yarımçıq qala bilməz,
xüsusilə, səhiyyə sahəsində. Çünki bu, insanların
sağlamlığı ilə bilavasitə bağlı olan sahədir. Azərbaycanda müxtəlif
yerlərdə yeni səhiyyə
ocaqları açılır. Bu gün Cəlilabadda böyük
xəstəxananın açılışını etmişik. Keçən həftə Ağcabədidə
böyük xəstəxananın
açılışını qeyd etdik, bu gün
Astarada. Yəni, hər bir şəhərdə yüksək tibbi xidmət olmalıdır və artıq Astarada da keyfiyyətli
müalicə almaq üçün
bütün imkanlar
vardır. Əsas məsələ ondan ibarətdir
ki, vətəndaşlar bu
şöbəyə - diaqnostika
şöbəsinə vaxtında müraciət etsinlər,
müayinədən keçsinlər.
Mənim Astaraya səfərlərim çox
olmuşdur. Son 10 il ərzində bu,
altıncı səfərimdir. Hər dəfə
açılışlarda iştirak edirəm,
hər dəfə yenilikləri görürəm. Şəhər
gözəlləşir, indi Astara müasir şəhərə
çevrilibdir. Gözəl binalar tikilir, parklar, xiyabanlar
salınır, insanların rahatlığı üçün
şərait yaradılır. Kənd yollarının tikintisi məni xüsusilə sevindirir,
çünki buna böyük ehtiyac var idi. Xüsusi
sərəncamlar əsasında iki böyük layihə icra edilir. Biri icra
edilmişdir. Keçən il biz onun
açılışını etdik. Digər
böyük layihə isə icra edilir. Bu
böyük layihələrin icrası nəticəsində
demək olar ki, əksər
kəndlərə gedən yollar
yaxşı vəziyyətdə olacaqdır. Yəni, bu problem Astara
rayonunda öz həllini
tapacaqdır. Hesab edirəm ki, yaxın aylar ərzində
əsas məsələlər həll olunacaq
və gələn illərdə qalan kənd
yolları da normal vəziyyətə
gətiriləcəkdir.
Əvvəlki
dövrlərdə rayonda digər infrastruktur layihələri icra
edilmişdir. Yadımdadır ki, elektrik stansiyası tikilmişdir. Bu stansiya bu gün
bütün zonaya xidmət
göstərir. Olimpiya Mərkəzi
yaradılmışdır. Keçən il
Gənclər evinin
açılışını etdik. Yəni, Astarada
açılışlar çox olub. Çünki çox iş görülmüşdür. Şadam
ki, biz bütün
bu işlərin nəticələrini görürük. Əlbəttə ki, gələcəkdə hələ
görüləsi işlər çoxdur.
Demək olar ki, əsas infrastruktur layihələrinin
başa çatması məni sevindirir. Onların içində içməli
su layihəsi hələ ki,
həll olunmamış qalır, hazırlıq işləri gedir. Güman edirəm ki, yaxın aylarda bu böyük
layihə də icra edilməyə başlanacaq və beləliklə, Astara şəhərində içməli su, kanalizasiya problemi tam şəkildə
öz həllini tapacaqdır. Ətraf rayonlarda da bu
istiqamətdə işlər görülür.
Astarada da bu, mütləq baş
verməlidir.
Mənə
verilən məlumata görə, qazlaşdırma işləri
yaxşı gedir. Şəhər tam qazlaşdırılıbdır. Hər mənzildə,
hər evdə təbii qaz vardır. Kəndlərdə
də vardır. Amma
çalışmalıyıq ki, hər bir kənddə təbii qaz
olsun. Bu layihə də
böyük əhəmiyyət kəsb edir. Yəni, bunlar
əsas layihələrdir. İnfrastruktur
və sosial obyektlərin yaradılması
əsas məsələlərdir. Əlbəttə, bununla paralel olaraq digər məsələlər də öz həllini tapmalıdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə
düşməsi. Bu istiqamətdə
hələ görüləsi işlər çoxdur
ki, vətəndaşlar işlə təmin
olunsunlar, yaxşı işləsinlər,
yaxşı maaş alsınlar və rahat, firavan
yaşasınlar.
Bütün bu işlərin arasında əlbəttə ki, insanların sağlamlığı ön plandadır. Əminəm ki, burada həkimlər xəstələrə
yaxşı xidmət göstərirlər. İndi
burada quraşdırılan yeni avadanlıqla bu xidmət
daha da yüksək
olmalıdır.
Sizi bir daha bu gözəl hadisə
münasibətilə təbrik etmək istəyirəm.
* * *
Astaranın
inkişafına və astaralılara göstərdiyi
qayğıya görə dövlət başçısı
İlham Əliyevə rayon
ictimaiyyəti adından minnətdarlıq edən həkim Aytən
ŞİRİYEVA çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident, icazə
verin, Sizi Astara torpağında bütün
astaralılar adından ürəkdən salamlayım və
Sizə "Xoş gəlmisiniz!" deyim. Ötən il rayonumuza tarixi səfəriniz
zamanı əsaslı təmir edilmiş Astara Rayon Mərkəzi Xəstəxanasının
birinci korpusunun
açılışını etmişdiniz. Əsaslı təmir edilmiş xəstəxanamız ən müasir tibbi
avadanlıqla təchiz olunmuşdur. Bununla da Siz
bizə - tibb işçilərinə və
bütün Astara əhalisinə
böyük bir hədiyyə
bəxş etmisiniz.
Bu gün
də çox sevindirici
bir gündür. Xəstəxanamızın
ikinci korpusunu istifadəyə
verirsiniz. Mən beş
ildir ki, xəstəxanamızda
həkim kimi çalışıram. Uşaq həkimi
olaraq çox sevinirəm
ki, bu korpusda
uşaqlarımıza yüksək səviyyədə xidmət
edəcək poliklinika və stasionar şöbələr də vardır. İndi bu şəfa
ocağında sakinlərimiz yüksək səviyyədə tibbi xidmət alacaqlar.
Artıq sakinlərimiz müalicə və
müayinə üçün uzaqlara getməyəcəklər. Çünki xəstəxanamızda belə bir şərait yaradılıb ki, ildə bir dəfə
sakinlərimiz buraya gəlib müayinədən
keçə biləcək, müalicə alıb şəfa tapacaqlar. Cənab Prezident,
belə səhiyyə obyektlərinin tikilib
istifadəyə verilməsi regionlarda əhalimizin
sağlamlığını lazımi səviyyədə təmin
etmək üçün əlverişli
şərait yaradır. Bununla da Siz xalqımıza yüksək
diqqət və qayğınızı bir
daha sübut edirsiniz.
Təkcə
səhiyyə sferası deyil, həyatımızın
bütün sahələri yüksək
sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz
yüksək dərəcədə dəyişir, inkişaf edir.
İnsanlarımızın yaşayış səviyyəsi durmadan yüksəlir. Artıq Azərbaycanımız
dünyada qüdrətli və hər
şeyə qadir olan bir dövlətə çevrilmişdir.
Sizin yorulmaz
fəaliyyətiniz, mətin iradəniz dövlətimizi
xoşbəxt və parlaq gələcəyə
aparır. Hər bir Azərbaycan vətəndaşı
bunu artıq həyatında hiss edir və əmindir ki, onun bütün
arzularını məhz Siz
reallaşdıracaqsınız. Biz ölkəmizin
taleyini, öz taleyimizi Sizə etibar edirik. Vaxtilə ulu öndərimizin
böyük uzaqgörənliklə
söylədiyi "Azərbaycan dünyaya
bir günəş kimi
doğacaq" sözlərini bu gün Siz
səmərəli fəaliyyətinizlə bir
həqiqətə çevirmisiniz. Həyata
keçirdiyiniz məqsədyönlü, uğurlu siyasətiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq
tədbirlərə və layihələrə ev
sahibliyi edir. Artıq dünya ölkələri Azərbaycanı ən
etibarlı tərəfdaş kimi qəbul
edir. Biz Sizinlə fəxr
edir və qürur duyuruq, cənab Prezident. Bu gün bütün səhiyyə
işçilərimiz adından, astaralılar adından Sizi əmin edirik ki, biz
insanlarımızın sağlamlığını təmin
etmək üçün səylərimizi
gücləndirəcəyik və vəzifələrimizi daha da böyük
əzmkarlıqla yerinə yetirməyə çalışacağıq.
Bizim üçün
yaratdığınız bu ideal şəraitə görə Sizə bir daha bütün
səhiyyə işçiləri və astaralılar
adından dərin təşəkkürümüzü bildiririk. Sizə və ailənizə
cansağlığı arzulayırıq.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Mən əminəm ki, burada
yaxşı xidmət göstəriləcəkdir. Həkimlərin
də əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Əlbəttə
ki, burada xəstələrə
qayğı, diqqət, yüksək xidmət göstərilməlidir.
Artıq Astaradan başqa
yerlərə, başqa şəhərlərə
getməyə ehtiyac qalmır. İndi bütün
müayinə, diaqnostika, müalicə burada həll olunacaqdır. Burada
bütün şöbələr
vardır.
Bilirsiniz, ümumiyyətlə, hər
bir ölkənin inkişafı təkcə
paytaxtın inkişafı ilə ölçülmür.
Əlbəttə ki, Bakı şəhəri
indi dünyanın ən gözəl
şəhərlərindən biridir. Bunu indi Azərbaycan vətəndaşları
da, Bakıya gələn qonaqlar
da görürlər. Ancaq
bölgələrin inkişafı hər bir
ölkənin real gücünü
göstərir. Son illərdə Azərbaycanın
bölgələrində aparılan işlər bir daha Azərbaycanın
qüdrətli ölkə olduğunu təsdiqləyir.
Çünki hər bir
yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri
gedir. Mən bütün
ölkəni gəzmişəm. Hər bir
rayonda bir neçə
dəfə olmuşam. Astaraya
artıq altıncı səfərimdir. Görürəm hər
yerdə, ölkəmizin istənilən nöqtəsində,
nəinki şəhərlərdə, kəndlərdə, qəsəbələrdə
də böyük quruculuq
işləri gedir. Rayonlar
elə bil ki, bir-biri ilə rəqabət aparır. Amma bu, sağlam
rəqabətdir və bizi inkişafa
doğru aparan rəqabətdir.
Hər rayonun ictimaiyyəti, fəalları
istəyirlər ki, onların rayonu daha da
gözəl olsun, işlər daha da yaxşı getsin. Bax, uğurlarımızın
təməlində dayanan bunlardır.
Əlbəttə ki, düzgün
qərarlar qəbul edilmişdir. İki regional
proqram qəbul edilib. Artıq ikinci proqram
başa çatır.
Mən bölgələrdə səfərlərdə
olarkən əlavə
göstərişlər verirəm.
Bax, bu canlı bağlantı
bizə imkan verir ki, bütün
məsələləri həll
edək. Əlbəttə ki, düzgün qərarlar uğurlarımızın
təməlində dayanan
amildir. Ancaq, eyni zamanda,
yerlərdə insanların
təşəbbüsləri, zəhməti və öz dövlətinə olan sədaqəti bax, bu uğuru
daha da möhtəşəm
edir. Çünki Astarada görülən
işlər sizin, necə deyərlər, zəhmətinizin məhsuludur.
Düzdür, büdcəmiz də
artır, investisiya proqramı da kifayət qədər böyükdür. Vəsait də
ayrılır - həm
dövlət büdcəsindən,
həm Prezidentin Ehtiyat Fondundan. Ancaq bu maliyyə imkanlarını real həyata
çevirmək artıq
sizin işinizdir.
Mən çox şadam ki, bütövlükdə son 10 il ərzində Azərbaycanın hər bir yerində quruculuq, inkişaf meyilləri çox güclüdür. Cəmiyyətdə çox gözəl ab-hava vardır. Çox böyük quruculuq ab-havası vardır və hər bir bölgədə insanlar çalışırlar
ki, öz əməyi ilə ölkəmizi daha da gücləndirsinlər.
Hər bir bölgənin inkişafı, nəticədə
ölkəmizin inkişafını
müəyyən edir.
Azərbaycan xəritəsində Astara rayonunun xüsusi yeri vardır. Bu, sərhəd rayonudur.
Bakıdan uzaqda yerləşən
rayondur. Ona görə
buraya xüsusi diqqət daim olmalıdır, vardır,
olacaqdır. Bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti
illərdə görəcəyik.
Biz bu problemləri
bilirik, onları həll edəcəyik və Astarada bütün infrastruktur, sosial məsələlər
ən yüksək səviyyədə öz həllini tapacaqdır.
Sizi bir daha ürəkdən
təbrik edirəm.
* * *
Sonra xatirə şəkli çəkdirildi.
* * *
Səhiyyə naziri Oqtay Şirəliyev
dövlət başçısına
məlumat verdi
ki, bu tibb
ocağının yenidən
qurulmasına 2012-ci ilin
mayında başlanılmış,
bu ilin avqustunda
başa çatdırılmışdır.
Əsaslı yenidənqurma işlərinin
aparılması, əlavə
tibbi avadanlıq və inventarın alınması üçün
Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü
ümumi sahə 10 min
674 kvadratmetrdir. Xəstəxananın birinci mərtəbəsində
poliklinika, hemodializ, şüa-diaqnostika, təcili
tibbi yardım, laboratoriya şöbələri,
həmçinin gigiyena
və epidemiologiya mərkəzi yerləşir.
İnzibati bölmə, poliklinika,
fizioterapiya və pediatriya şöbələri
ikinci mərtəbədə
fəaliyyət göstərir.
Bu səhiyyə ocağında xəstələrə
yüksək səviyyədə
tibbi xidmət göstərilməsi üçün
hər cür şərait yaradılmışdır.
Burada yaradılan şərait
rayon sakinləri ilə
yanaşı, ətraf
rayonların əhalisinə
də yüksək tibbi xidmət göstərmək imkanı
yaradır. Yenidənqurma işləri çərçivəsində
ərazidə əsaslı
abadlıq və yaşıllaşdırma tədbirləri
həyata keçirilmişdir.
Burada müasir
infrastruktur
formalaşdırılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 5-6.