«Şahdəniz» Xəzərdə tək deyil...

 

Burada getdikcə yeni qaz yataqları kəşf olunur

 

Dünyada dəniz neftinin erası Azərbaycandan başlanıb. 64 il əvvəl Xəzərin "Qara daşlar" ərazisində ilk quyunun fontan vurması ilə "Möcüzələr adası"nda əfsanəvi dəniz şəhərinin əsası qoyulub. Sonralar bu yataq "Neft Daşları" adlandırılıb və burada polad dirəklər üstündə salınan şəhərə də Neft Daşları adı verilib.

Daha sonra dənizdə bir çox digər yataqlar kəşf olunub. "Günəşli", "Bahar" və başqaları bir neçə onillikdir istismar olunsalar da, onların karbohidrogen ehtiyatları hələ tükənməyib. Son 20 ildə "Əsrin müqaviləsi" adlanan saziş çərçivəsində işlənən "Azəri", "Çıraq", "Dərinsulu Günəşli" yataqları dünyaya səs salıb. Bu, ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının və Azərbaycanın neft sənayesinin zəngin təcrübəsinin bəhrəsidir. Ulu öndər demişdir ki, əgər "Neft Daşları" olmasaydı, nə "Azəri" olardı, nə "Çıraq", nə də Bakı-Tbilisi-Ceyhan

"Əsrin müqaviləsi", öz növbəsində, Xəzərin Azərbaycan sektorunda yeni-yeni karbohidrogen yataqlarının kəşfinə və işlənməsinə yol açdı. Böyük perspektivlərə malik olan "Şahdəniz" qaz-kondensat yatağı hazırda dünyanın dəniz akvatoriyasında işlənən ən böyük yataqlardan biridir. 80 ölkədə çalışan, "Şahdəniz"in əməliyyatçısı olan BP şirkətinin "portfel"ində isə bu, ən böyük layihədir.

"Şahdəniz" yatağının sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində artıq 7 ildir qazkondensat hasil edilir. Buradan çıxarılan mavi yanacaq ahəngdarlıqla Azərbaycandakı, Gürcüstandakı və Türkiyədəki istehlakçılara çatdırılır. 2018-ci ildə ikinci mərhələnin qazının alınacağı gözlənilir.

İndi bütün dünya Azərbaycanı təkcə neft diyarı kimi deyil, həm də qaz ixrac edən ölkə kimi tanıyır. Mavi yanacağın hasilatı artdıqca onu dünya bazarlarına nəql edən yollar da şaxələnir. Buna ixracın diversifikasiyası deyirlər. Yaxın gələcəkdə Azərbaycan qazı Türkiyənin ərazisindən TANAP (Transanadolu Qaz Boru Kəməri) vasitəsilə TAP-a (Transadriatik Qaz Boru Kəmərinə) axıdılacaq və oradan Avropanın müxtəlif ölkələrindəki, məsələn, İtaliyadakı, Yunanıstandakı, Bolqarıstandakı və s. istehlakçılara çatdırılacaq.

Sevindirici haldır ki, "Şahdəniz" Xəzərdə tək deyil. Əvvəl kəşf olunmuş və hələ də məhsul verən yataqlar öz yerində, son illərdə onların siyahısına neçə-neçə yeniləri də qoşulub.

"Ümid" qaz-kondensat yatağını ARDNŞ xarici şirkətlərin köməyi olmadan özü sərbəst şəkildə kəşf edib və işləyib. İndi bu yataqdan karbohidrogenlər alınır. "Ümid"in çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.

"Abşeron"u isə ARDNŞ Fransanın "Total" və GdT şirkətləri ilə birgə işlədir. Bu struktur Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakıdan 85-100 kilometr şərqdə yerləşir. Azərbaycan geofizikləri "Abşeron"u 1960-cı ildə aşkar etmişdilər. Lakin onun qarşısında bir sıra çətinliklər olmuşdu. Nəhayət, 2009-cu ilin fevral ayında ARDNŞ ilə "Total" arasında imzalanan sazişə əsasən, 2010-cu ilin yanvarında orada layihə dərinliyi 7.200 metr olan quyunun qazılmasına başlandı. Həmin ilin sentyabr ayında isə 6.558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Quyuda aparılmış geoloji tədqiqat işlərinin nəticəsi müsbət qiymətləndirildi. İlkin hesablamalara əsasən, mütəxəssislər "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində ehtiyatların olduğunu söylədilər.

"Şəfəq-Asiman" perspektiv strukturuna da böyük ümidlər bəslənilir. Məlum olduğu kimi, bu strukturun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu ilin oktyabrında Bakıda imzalanıb. HPBS-nin müddəti 30 ildir. Bu sazişə əsasən, BP şirkəti əməliyyatçı olmaqla yanaşı, müqavilədə 50 faiz paya malikdir. Qalan 50 faiz isə ARDNŞ-ə məxsusdur.

"Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və 1.100 kvadratkilometrə yaxın ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmamışdı. Blok dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun dərinliyi təxminən 650-800 metr, kollektorun dərinliyi isə 7.000 metrdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisi "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış HPBS-ni 2011-ci ilin may ayında ratifikasiya edib. 

"Şəfəq-Asiman"da "Gilavar" seysmik gəmisi vasitəsilə üçölçülü seysmik tədqiqatlar aparılıb. Proqram keçən ilin əvvəlində başa çatıb. BP Azərbaycan şirkətindən aldığımız məlumatda bildirilir ki, həmin vaxtdan bəri məlumatların təhlili aparılır.

Bu, sözügedən müqavilə ərazisində indiyədək aparılan ilk üçölçülü seysmik tədqiqatdır. Məlumatların təhlili isə bugünədək Azərbaycanda aparılmış ən böyük üçölçülü seysmik məlumat təhlilidir. Bu işlərdən sonra məlumatların interpretasiyası üçün il yarım və kəşfiyyat quyusunun qazılmasının planlaşdırılması üçün daha bir il vaxt tələb olunur.

"Şəfəq-Asiman"ın töhfəsi nə olacaq? Bu strukturdan daha çox neft, yoxsa qazkondensat əldə ediləcək? Ümumiyyətlə, onun ehtiyatları nə qədərdir? Bu suallara alınan məlumatların nəticəsi cavab verəcək. Hər halda "Şəfəq-Asiman"a bəslənən ümidlər Xəzərdə zəngin yataqlarımızın hələ çox olduğundan xəbər verir.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 11.