Azərbaycan Mərkəzi
Kooperativlər İttifaqının 22-ci qurultayına
Hörmətli
qurultay iştirakçıları!
Sizi növbəti
qurultayınızın işə başlaması münasibətilə
salamlayır və səmimi qəlbdən təbrik edirəm.
Bugünkü qurultay ölkəmizin regionda
dinamik inkişaf edən
lider dövlətə çevrildiyi,
artıq beynəlxalq səviyyədə müstəqil siyasət
aparan və irihəcmli investisiya
yatıran, eyni zamanda
ehtiyacı olan ölkələrə öz köməyini əsirgəməyən
dövlət kimi tanındığı bir dövrə təsadüf edir. Belə
bir dövrdə Azərbaycanda kooperativlər
şəbəkəsinin rolu
danılmazdır.
Azərbaycanda ilk kooperativ təşkilat
XIX əsrin sonlarında təsis edilmişdir.
Qısa müddətdə əksər bölgələri əhatə
edən kooperativlər vahid ittifaqda birləşmiş, 1920-ci ildən isə
"Azərittifaq" adı altında fəaliyyət
göstərməyə başlamışdır. Kooperativlər
əhalinin mal və xidmətlərə olan tələbatının ödənilməsində,
məşğulluğun təmin olunmasında mühüm
rol oynamış, ölkə
iqtisadiyyatının inkişafına önəmli təsir
göstərmişdir.
Kooperasiya özünün
ən yüksək inkişaf səviyyəsinə
ümummilli lider Heydər
Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik
etdiyi dövrdə
çatmışdır. Respublikamız müstəqillik
qazandıqdan sonrakı ən ağır illərdə də
kooperativlər ölkə əhalisinin ərzaq və ilkin tələbat malları ilə təchizatını
təmin etmişdir.
"Azərittifaq"
ən kütləvi təşkilatlardan biri
kimi ətrafında çoxsaylı pay sahiblərini birləşdirərək, öz fəaliyyətini yeni
şəraitə uyğunlaşdırmışdır. Bu qurum ictimai iaşə və
tədarük müəssisələri vasitəsilə vətəndaşlara
müasir çağırışlara cavab verən ticarət və iaşə xidmətləri
göstərir, kənd təsərrüfatı məhsullarını
tədarük edərək, sənaye müəssisələrinin
və əhalinin tələbatının ödənilməsinə
yönəldir.
İstehlak
kooperasiyası ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayır və hesab
edirəm ki, kooperativlər bundan sonra da
ticarət, tədarük və istehsal sahəsindəki
funksiyalarını layiqincə yerinə yetirəcək və
kəndin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.
İnanıram
ki, bu qurultayda
qəbul edəcəyiniz qərarlar kooperativ
təşkilatların əhalinin həyat səviyyəsinin
yüksəlməsinə yönələn fəaliyyətini
gücləndirəcək, onu müasir dövrün tələblərinə
uyğun qurmağa
kömək edəcək, bununla da
şəhər və kənd arasında əlaqənin daha da möhkəmlənməsinə
səbəb olacaqdır.
Qurultayın
işinə və fəaliyyətinizə uğurlar
arzulayıram!
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 3.