Azərbaycan Dünya İqtisadi Forumunun yeni reytinq cədvəlində 7 pillə irəliləyib

 

Bu fakt sübut edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar düzgün istiqamətdə aparılır

 

Azərbaycanda sürətlə inkişaf edən iqtisadi proseslər dünyanın beynəlxalq reytinq və maliyyə qurumlarının diqqətindən yayınmır. Bu təşkilatlar ölkəmizin iqtisadiyyatında baş verən dinamik inkişafı müsbət qiymətləndirir. Dünyanın qlobal maliyyə böhranından yaxa qurtara bilmədiyi bir dövrdə ölkəmizin reytinq cədvəlində ildən-ilə irəliləməsi qazanılan iqtisadi uğurlardan xəbər verir. Cari ilin yanvar ayında Davos Forumunda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq"un Azərbaycanda keçirilməsi də belə nüfuzlu beynəlxalq təşkilatın ölkəmizə olan etimadından irəli gəlirdi. Azərbaycan bu mövqeyə birdən-birə sahib olmayıb, bunun üçün qısa, lakin uğurlu yol keçib.

"Əsrin müqaviləsi" bağlandıqdan sonra istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanda "Holland sindiromu"nun təkrar olunacağını bildirirdilər. Bu mövqedə olan qüvvələr hesab edirdilər ki, Azərbaycan iqtidarı yalnız neft amilindən istifadə etməklə kifayətlənəcək. Lakin belə olmadı. Dövlət qeyri-neft sektorunun inkişafı üçün kapital qoyuluşuna start verdi. Eyni zamanda, qeyri-neft sektorunu inkişaf etdirməkdən ötrü xarici investisiyaların cəlb edilməsi istiqamətində zəruri tədbirlər gördü. Ölkəyə daxil olan xarici kapitalın qorunması üçün mükəmməl qanunvericilik bazası yaradıldı. Xarici sərmayədarlar ölkəmizin investisiya mühiti öyrənərkən əmin oldular ki, mövcud qanunvericilik bazası onların kapitalının qorunmasına zəmanət verir. Elə buna görədir ki, Azərbaycan MDB və hətta bəzi Şərqi Avropa ölkələri arasında xarici sərmayənin ən çox qoyulduğu ölkədir. Bu proses indiuğurla davam edir. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda olan münbit investisiya mühitini öz hesabatlarında dönə-dönə vurğulayırlar. Bu da olkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.

Dövlət iqtisadiyyatın rəqabət qabiliyyətli olmasıni təmin etməkdən ötrü uğurlu iqtisadi siyasət aparır. Azərbaycan iqtisadiyyatının əsasını neftqaz sənayesi təşkil edir. Bu sahədə əldə edilən gəlir iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilir. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə güclü infrastruktur yaranıb, ən müasir texnalogiyalarla təchiz olunan  sənaye müəssisələri fəaliyyətə başlayıb. Həmin müəssisələrin məhsulları daxili tələbatı ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur. Son illərdə aqrar sektorda da məhsul istehsalı sürətlə artmaqda davam edir. Bunun başlıca səbəbi aqrar sektora dövlət tərəfindən uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Hazırda aqrar sektorda iri sənaye kompleksləri fəaliyyət göstərir. Eyni zamanda kiçikorta fermer təsərrüfatların inkişafı da dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.  Aqrar sektora göstərilən dövlət dəstəyinin nəticəsidir ki, ölkəmiz ərzaq və kənd təsərrüfatı məhsullarının idxalını kəskin şəkildə azaldıb. Hazırda bu sahədə əks istiqamətdə müsbət proseslər gedir. Azərbaycan ildən-ilə daha çox kənd təsərrüfatı məhsulu ixrac edən statusunu alır.

Azərbaycanın gözəl təbiəti və zəngin tarixi abidələri var. Dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə güclü turizm potensialı formalaşıb.  Bu sektordan əldə edilən gəlir də dinamik şəkildə artmaqda davam edir.

Milli sahibkarlığın formalaşmasında dövlət dəstəyi mühüm rol oynayır. Məlumdur ki, sovetlər birliyi dönəmində özəl sahibkarlıq sinfi formalaşmamışdı. Dövlət iqtisadiyyatı inkişaf etdirmək üçün özəl sektorun və sahibkarlığın inkişafına maliyyə dəstəyi verdi. Həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, qeyri-neft sektorunda özəl sektorun payı 80 faizdən çoxdur. Görülən bu tədbirlər iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafına zəmin yaratdı. Elə buna görə də dünya qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf  etməkdə davam etdi. Bu amil dünyanın reytinq və maliyyə qurumlarının hesabatlarında öz əksini tapır. Növbəti dəfə sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim olunub. Hesabatda qeyd edilir ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, nəticədə bu reytinqə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Xatırladaq ki, 2012-2013-cü il hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yer tuturdu. Reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillədə qərarlaşıb. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və ABŞ-dır. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricilərinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci yerdə qərar tutur.

Dünya İqtisadi Forumunun açıqladığı bu rəqəmlər ölkəmizin beynəlxalq aləmdə siyasiiqtisadi nüfuzunu artıracaq, xarici kapitalın iqtisadiyyatımıza daha çox cəlb edilməsini stimullaşdıracaq.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 3.