Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Salyanda bölgə sakinlərini qəbul etmişdir

 

Sentyabrın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Salyan şəhərindəki Mərkəzi Kitabxananın iclas zalında aran bölgəsinin sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan, Saatlı, Sabirabad, Cəbrayıl,  Hacıqabul, Neftçalaİmişli rayonlarından olan 60-dan çox vətəndaşın müraciət və təklifləri dinlənilmişdir.

Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin qış otlağı ərazilərinə düşməsi, torpaq islahatı  ilə bağlı  müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, Dövlət Aktlarının qaimələrində torpağın mövcud keyfiyyət göstəricisinə uyğun düzəlişlərin aparılmaması və digər məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün müvafiq rayon və şəhər şöbələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara göndərilmək üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 5.