Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının ekspert qrupu üzvlərinin cənub bölgəsinə səfəri başa çatmışdır

 

Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvlərinin cənub bölgəsinə iki günlük səfəri sentyabrın 6-da başa çatmışdır.

AzərTAc xəbər verir ki, ekspert qrupu üzvlərinin bölgəyə səfərinin ikinci günündə qonaqlar 78 saylı Lerik seçki dairəsi dairə seçki komissiyasında, 1 saylı Lerik şəhər və 62 saylı Peştətük kənd seçki məntəqələrində prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmuşlar.

Dairə seçki komissiyasının sədri İdris Şıxəliyev, məntəqə seçki komissiyasının sədrləri Bəylər SalmanovXanhüseyn Ağaverdiyev qonaqlara prezident seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışlar.

 Lerik Rayon İcra Hakimiyyətində ekspert qrupunun üzvləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqlara Lerik rayonunda seçkilərə hazırlığın vəziyyəti haqqında  ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rayonda prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şərait yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, prezident seçkiləri ilə bağlı Lerik rayonunda 108 seçki məntəqəsi fəaliyyət göstərir. Uzunömürlülər diyarı hesab edilən Lerikdə prezident seçkilərində ilk dəfə səs verənlərin sayı 910 nəfərdir. Səsvermədə iştirak edəcək vətəndaşlardan 4 nəfərinin 100-dən, 686 nəfərinin isə 80-dən yuxarı yaşı vardır.

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Şurası baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun katibliyinin rəhbərinin müavini, MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey, MDB PA-nın eksperti, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin eksperti Aleksey Kartsov çıxış edərək Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmışlar.

MDB PA-nın ekspert qrupunun üzvləri günün ikinci yarısında Lənkəran rayonuna gəlmişlər.

Lənkəran Şəhər İcra Hakimiyyətində qonaqlarla görüş keçirilmişdir. Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov nümayəndə heyətinə Lənkəran rayonu haqqında məlumat vermiş, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən danışmışdır.

Qeyd olunmuşdur ki, Lənkəranda 4 dairə seçki komissiyası fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən seçki məntəqələri səsverməyə tam hazırdır.

İlqar Dadaşov sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna tarixi səfəri haqqında qonaqlara məlumat vermişdir. O,  Azərbaycan Prezidentinin bir sıra sosial obyektlərin açılışlarda iştirak etdiyini, dövlət başçısının rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə yüksək qiymət verdiyini diqqətə çatdırmışdır.

Görüşdə MDB PA Şurası baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun katibliyinin rəhbərinin müavini, MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey çıxış edərək monitorinq qrupunun 8 il bundan əvvəl yaradıldığını və seçkilərin uzunmüddətli monitorinqini həyata keçirdiyini bildirmişdir. Natiqlər oktyabrın 9-da Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun, tam ədalətli, demokratik və şəffaf keçiriləcəyinə əminliklərini ifadə etmişlər. Qonaqlar cənub bölgəsində fəaliyyət göstərən seçki məntəqələrinin prezident seçkilərinə tam hazır olduqlarını bildirmişlər.

Ekspert qrupu adından Lənkəran Şəhər İcra Hakimiyyətinə "Tavriçeskiy dvoreç" kitabı hədiyyə edilmişdir.

Öz növbəsində, qonaqlara da Lənkəran haqqında kitab təqdim olunmuşdur.

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 7.