Azərbaycan
Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları
Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 9-da MDB Sərhəd
Qoşunları Komandanlar Şurasının 70-ci
iclasının nümayəndələrini qəbul
etmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
dedi:
- Sizi Azərbaycanda salamlayıram.
Xoş gəlmisiniz. Şadam
ki, sizin iclasınız ölkəmizdə keçirilir.
Əminəm ki, MDB ölkələri sərhəd
xidmətlərinin qarşılıqlı fəaliyyətinin
mühüm məsələləri müzakirə
olunacaqdır. Həmçinin Azərbaycan ilə daha
yaxından tanışlıq, tarixi yerləri görmək imkanınız
olacaqdır. Yəqin ki, tədbirə ev sahibliyi edənlər
son illər ölkəmizdə sərhəd xidmətinin
inkişafı üçün görülən işlər
barədə ətraflı məlumat verəcəklər. Bütövlükdə Azərbaycan MDB çərçivəsində
əksər formatlarda fəal iştirak edir. Biz bu təşkilatda iştirakımıza
böyük əhəmiyyət veririk, bir çox istiqamətlərdə,
o cümlədən hüquq-mühafizə qurumlarının
fəaliyyətində, eləcə də sərhədlərimizin
təhlükəsizliyinin təmin olunmasında iştirak edən
xidmətin işində fəal iştirak edirik.
Ölkələrimizin sərhəd xidmətlərinin
qarşılıqlı fəaliyyəti bütövlükdə
MDB çərçivəsində əməkdaşlığın
inkişafında və konkret olaraq sizin rəhbərlik
etdiyiniz sahədə böyük əhəmiyyət kəsb
edir. Təbii ki, sərhəd
xidmətlərinin işi digər qurumların
qarşılıqlı fəaliyyəti ilə əsasən
regionla əlaqədar olur. Çünki
qonşu dövlətlərin sərhədləri ikitərəfli
formatda fəal əməkdaşlığı nəzərdə
tutur. Şadam ki, belə çoxtərəfli
formatda da ölkələrimizin sərhəd xidmətləri
arasında yaxşı qarşılıqlı anlaşma
mövcuddur. Zəlzələ oldu. Gözlənilməzdir. Güman
ki, haradasa dənizdə azacıq təkanlar olub. Hə,
bir az silkələnir. Düşünürəm
ki, bu, bizim diqqətimizi işdən
yayındırmamalıdır. Hərdən
olur. Buna görə də çoxtərəfli
formatda qarşılıqlı fəaliyyət böyük əhəmiyyətə
malikdir. Çünki təcrübə
mübadiləsi, müxtəlif proqramlar, müasir dünyada əhəmiyyət
kəsb edən informasiya mübadiləsi vardır. Bizim ölkələrimizdə bütövlükdə
daxili proseslərin inkişafının müsbət
dinamikası mövcuddur, amma əlbəttə ki, kənardan təhlükələr
də vardır. Əlbəttə ki, istənilən
ölkənin təhlükəsizliyi, o cümlədən onun
sərhədlərinin təhlükəsizliyi ilə də təmin
olunur. Həmin sərhədlər nə qədər
etibarlı qorunsa, o qədər də vətəndaşlarımız
sülh və əmin-amanlıq şəraitində
yaşayacaqlar. Buna görə də biz əlbəttə
ki, Azərbaycanda sərhəd xidmətinin inkişafına
böyük diqqət yetirmişik və yetirəcəyik.
Əslində bu xidmət MDB-nin əksər
ölkələrində olduğu kimi, bizdə də
sıfırdan yaranmağa başlayıb. Həm
maddi-texniki bazanın çox mühüm məsələlərini,
həm peşəkarlığın yüksəldilməsini,
kadrların hazırlanmasını həll etmək lazım gəlirdi.
Bu istiqamətdə böyük işlər
görülüb. Sərhəd Xidməti
Akademiyası yaradılıb, maddi-texniki baza möhkəmləndirilir,
ölkəmizin və qonşularımızın təhlükəsizliyini
təmin etmək üçün ən çətin
keçilən yerlərdə, dağların zirvəsində
meşələrdə müasir bazalar, şəhərciklər,
zastavalar tikilir. Əlbəttə ki,
qonşu ölkələrlə qarşılıqlı fəaliyyət
mövcuddur, birgə tədbirlər, bəzən birgə əməliyyatlar
keçirilir. Bütün bunlar regionda təhlükəsizliyin
möhkəmləndirilməsi işinə xidmət edir.
Sözsüz, belə formatda əməkdaşlıq
yəqin ki, müəyyən mənada nadirdir, çünki
beynəlxalq qurumlar, sərhəd xidmətləri çərçivəsində
əməkdaşlığın daha geniş beynəlxalq
formatı mövcuddur. Amma MDB
çərçivəsində belə format xüsusi əhəmiyyət
kəsb edir. Bir tərəfdən bu, bütövlükdə
təşkilatımızın möhkəmləndirilməsi
və xalqlarımız arasında mövcud olan dostluq və
qarşılıqlı fəaliyyət ənənələrinin
davamı deməkdir, digər tərəfdən ölkələrə
təhlükələrin artdığı, müxtəlif
regionlarda ağır proseslərin getdiyi bir zamanda şübhəsiz
ki, əlaqələndirməyə, qarşılıqlı dəstəyə,
informasiya mübadiləsinə və əlbəttə ki, fəal,
açıq əməkdaşlığa zərurət
vardır. Biz buna istiqamətlənmişik və
düşünürəm ki, sizin Şuranın
iclasının Bakıda keçirilməsi bizim bu məsələlərə
münasibətimizi sübut edir. Öz tərəfimizdən
biz Azərbaycanın sərhəd xidmətini gücləndirməyi,
həmçinin əməkdaşlığın ikitərəfli
və çoxtərəfli formatını möhkəmləndirməyi
davam etdirəcəyik.
Təhlükələr əslində
eynidir, real və potensial təhlükələrin mənbələri
də əslində eynidir. Bizi böyük coğrafi məkan, böyük
region birləşdirir. Bu region tarix, mədəni, iqtisadi münasibətlər,
nəqliyyat vasitələri ilə qarşılıqlı əlaqədədir.
Buna görə də şübhəsiz ki, bizim
təhlükəsizliyimiz fəal əməkdaşlıqla tam
təmin olunacaqdır.
Bir daha sizi salamlayıram.
Əminəm ki, sizin iclasınız çərçivəsində
müzakirə ediləcək məsələlər məhsuldar
olacaq, MDB ölkələrinin sərhəd xidmətlərinin
gələcək qarşılıqlı fəaliyyətinə
öz töhfələrini verəcək, eləcə də sərhəd
xidməti rəhbərləri arasında daha möhkəm
dostluq münasibətlərinin olması üçün sizi
daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz!
Sonra Rusiya
Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci
müavini və Sərhəd Xidmətinin rəhbəri, Sərhəd
Qoşunları Komandanlar Şurasının sədri Vladimir
KULİŞOV çıxış edərək dedi:
- Çox sağ olun,
hörmətli cənab Prezident!
Əvvəlcə MDB ölkələri sərhəd
xidmətərinin rəhbərliyi, Sərhəd
Qoşunları Komandanlığı Şurasının
adından Sərhəd Qoşunları Komandanlığı
Şurasının 70-ci iclasının dost Azərbaycan
Respublikasının ərazisində keçirilməsi
üçün imkan yaratdığınıza və
çox yaxşı təşkilatçılığa
görə Sizə səmimi minnətdarlığımı
bildirmək istərdim. Mən, həmçinin
qeyd etmək istərdim ki, bu, artıq Azərbaycan
Respublikasında keçiriləcək üçüncü
iclas olacaqdır. Buna görə də Sizə
ayrıca minnətdarlığımı bildirirəm.
Çox sağ olun.
Şuranın bugünkü iclasında
MDB-nin sərhəd qurumlarının 10 nümayəndə heyəti,
həmçinin MDB-nin İcraiyyə Komitəsinin, Avrasiya
İqtisadi Birliyi İnteqrasiya Komitəsi katibliyinin nümayəndələri,
komandanlığın fəxri üzvləri iştirak edirlər.
Bu ənənə bizdə qorunur. Biz bir sıra aktual məsələləri nəzərdən
keçirməyi planlaşdırırıq, o cümlədən
şübhəsiz ki, ötən dövr ərzində ölkələrimizin
sərhədlərinin təhlükəsizliyi sahəsində,
eləcə də Birliyin digər ölkələri ilə sərhədində
təhlükəsizliyin təminatında fəaliyyətini təhlil
edəcəyik. 2013-cü ildə
komandanların fəaliyyətinin yekununa xüsusi diqqət
yetirəcəyik və Sizin dediyiniz kimi, birgə
operativ-profilaktik tədbirləri qiymətləndirəcəyik.
Vladimir Kulişov MDB ölkələrinin sərhəd
xidmətləri arasında əlaqələrin genişləndirilməsi
ilə bağlı həyata keçiriləcək digər tədbirlər
barədə Prezident İlham Əliyevə məlumat verdi. O, qeyd etdi ki, tədbirlər planında
Böyük Vətən müharibəsində Qələbənin
70 illiyinin geniş qeyd edilməsi
nəzərdə tutulur.
Vladimir Kulişov
çıxışına davam edərək dedi:
- Bugünkü iclas çərçivəsində
biz sovet xalqının Böyük Vətən müharibəsində
qələbəsinin 70 illiyinə həsr olunmuş xarici sərhədlər
üzrə xatirə estafetinin keçirilməsi reqlamentini təsdiq
etməyi nəzərdə tuturuq. Mən sadəcə
olaraq bugünkü əməkdaşlara bu ənənələri
gələcək üçün qorumağı tövsiyə
edirəm.
Hörmətli
cənab Prezident! Mən yekunda qeyd etmək istərdim
ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası
sərhəd siyasəti məsələləri üzrə
Dövlət Başçılarının Şurasında ali qurum kimi sərhəd təhlükəsizliyinin
təminatı sahəsində qarşılıqlı
faydalılıq və səmərəli əməkdaşlıq
xəttini həmişə inkişaf etdirmək
üçün əlindən gələni edib və edəcəkdir.
Yekunda bir daha bizə yaradılan imkana görə
Sizə minnətdarlığımı bildirmək və MDB Sərhəd
Qoşunları Komandanları Şurası üzvlərinin
adından xatirə hədiyyəsini təqdim etmək istərdim.
Vladimir Kulişov xatirə hədiyyəsini
Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Belə diqqətə
görə mütəəssirəm.
Vladimir KULİŞOV: Burada Komandanlıq
Şurasının rəmzləri əks olunub. Çox sağ olun! Biz çox gözəl
bilirik ki, bir aydan sonra sizdə seçkilər keçiriləcəkdir.
Bəli, Siz əhalinin əksər hissəsinin
dəstəklədiyi ən tanınmış namizədlərdən
birisiniz. Buna görə də icazə
verin Sizə uğurlar arzulayaq. Çox sağ
olun!
Prezident İlham Əliyev MDB ölkələrinin sərhəd
xidmətləri qarşısında duran vəzifələrin
səmərəli şəkildə yerinə yetirilməsi
baxımından görüşdə qaldırılan məsələlərin önəminə
toxundu. Böyük Vətən müharibəsində Qələbənin
70 illiyinə hazırlıqla bağlı söylənilən
fikirləri və bununla əlaqədar xatirə estafetinin
keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirən
Prezident İlham ƏLİYEV dedi:
- Otuz milyon həmvətənimiz həyatını
itirmişdir. Müharibədə iştirak edən
hər iki azərbaycanlıdan biri geri qayıtmadı, yəni,
600 mindən 300 mini Vətənini müdafiə edərkən
həlak oldu. Müharibədə həlak olanların
xatirəsi Azərbaycanda ehtiramla yad edilir, həmçinin veteranlara dəstək göstəririk.
Hər il mayın 9-da biz veteranlarla
görüşürük. Onlar fəaliyyətdədirlər.
Bu insanlar gənc nəslin tərbiyəsi,
öz Vətənlərinə sədaqət, vətənpərvərlik
və qəhrəmanlıq ruhunda böyüməsi
üçün parlaq nümunədirlər. Buna görə həm Prezident, həm vətəndaş
kimi bu mövzunu daim gündəlikdə saxlamaq niyyətlərini
səmimi qəlbdən dəstəkləyirəm. Həm də təkcə yubileydən-yubileyə yox,
daim. Çünki sərhədçi
döyüşçülər də qələbədə
böyük rol oynayıblar.
Prezident İlham Əliyev dünyanın bəzi
bölgələrində faşizmə bəraət qazandırılması,
faşizmlə mübarizə aparmış xalqların rolunun
kiçildilməsi kimi tarixi saxtalaşdırılmaların
yölverilməzliyindən danışdı.
Sərhəd xidmətləri arasında
qarşılıqlı fəaliyyət məsələlərinə
bir daha toxunan Prezident İlham ƏLİYEV dedi:
- Qarşılıqlı səylərin əlaqələndirilməsi
və informasiya mübadiləsi bizim ölkələrimiz
üçün böyük əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, sizin Şurada
mövcud olan əməkdaşlıq ruhu davam edəcəkdir.
Dediyiniz kimi, artıq 70-ci dəfədir ki, belə
iclaslar keçirirsiniz, deməli ildə bir neçə dəfə
toplaşırsınız. MDB özü cəmi 20 ildən
bir az çoxdur ki, mövcuddur. Buna görə bu, çox intensiv, səmərəli
bir işdir və şadam ki, iclasınız artıq
üçüncü dəfədir ki, Bakıda
keçirilir. Düşünürəm
ki, Bakıda hələ bundan sonra da dəfələrlə
görüşəcəksiniz. Bir daha sizi
salamlayıram. Yaxşı
işləməyi arzulayıram.
* * *
Görüşdən
sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 1.