Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır

 

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, amerikalı həmsədri yeni təyinatı münasibətilə təbrik edən müdafiə naziri qonağı regiondakı mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırmışdır.

Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən danışan nazir qeyd etmişdir ki, Ermənistanın işğalçılıq siyasətinin iyirmi ildən çox davam etməsinə baxmayaraq beynəlxalq birlik, xüsusilə Minsk qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etməmişdir. Əvəzində çox vaxt işğalçı ilə zərər çəkən tərəf bərabər tutulmuşdur ki, bu da olduqca acı təəssüf doğurur. Münaqişə ilə bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini ortaya qoysa da, lakin nədənsə bu gün də beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə münasibətdə  biganəliyin şahidiyik.

Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin yaratdığı maneələri xüsusi vurğulamışdır. Onun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır.

Nazir bildirmişdir ki, Azərbaycan heç kəsin torpağını işğal etməmişdir və heç kimə bir qarış da olsun torpaq vermək niyyəti yoxdur. Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu vardır ki, o da Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz başqa bir şərti təsəvvür etmirik.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirən həmsədr Ceyms Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycan ilə əməkdaşlığını intensivləşdirəcəyini bildirmişdir.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak etmişdir.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.