Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlmişdir. Bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının, xüsusən öz sıralarında 200 mindən çox gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzərinə məsul vəzifələr düşür. Birliyin sədri Seymur Orucov gənclərlə aparılan , həyata keçirilən layihələr, təşkilatın beynəlxalq əlaqələri, eləcə də qarşıdakı prezident seçkilərinə hazırlıq barədə sualları cavablandırır.

- Əvvəlcə fəaliyyətinizin əsas istiqamətləri və prioritetləri barədə danışmağınızı xahiş edirik. Rəhbərlik etdiyiniz YAP Gənclər Birliyi ölkənin ən böyük, ən kütləvi gənclər təşkilatıdır. Üstəlik, hakim partiyanı təmsil edirsiniz. Bu, üzərinizə nə kimi məsuliyyət qoyur?

- Bu gün bütün istiqamətlərdə davamlı olaraq inkişaf edən, iqtisadi gücünü artıran Azərbaycanın qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki həyata keçirilən uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlmişdir. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası və onun önəmli qolu olan Gənclər Birliyi insanların ideya-siyasi tərbiyəsi ilə bağlı işlərini ən müasir səviyyədə qurmağa çalışır. Bizim əsas vəzifəmiz dövlət siyasətinin mahiyyətini hər bir gəncə çatdırmaqdan, onun tövsiyə və tapşırıqlarını zamanında yerinə yetirməkdən ibarətdir.

Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyükgüclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırır, daim yeniliyə can atır, yeni layihələrlə çıxış edir, gənclərlə fəal aparır, bir sıra aktual sosial aksiyalar həyata keçirir.

Məsələn, bir neçə ildir ki, gənclərin inkişafı baxımından uğurlu layihə sayılan yay və qış məktəbləri təşkil edirik. Bu məktəblərə ölkəmizin fərqli bölgələrindən yüzlərlə gənc cəlb olunur. Biz bu layihəni 2007-ci ildən həyata keçiririk. Builki yay məktəbi iştirakçıların say çoxluğu baxımından fərqlənirdi. Masallı və Oğuz rayonlarında reallaşan yay məktəbləri çərçivəsində gənclərimiz həm asudə vaxtlarını səmərəli keçirdilər, həm də bir-biri ilə təmas qurdular, münasibət yaratdılar, yeni dostlar tapdılar. Eyni zamanda, partiyamızı təmsil edən deputatlar, hökumət nümayəndələri gənclərin qonağı oldular. Bu görüşlər zamanı aktual mövzular ətrafında işgüzar fikir mübadiləsi aparıldı, gənclər onları maraqlandıran bir çox suallara cavab tapdılar. Hesab edirəm ki, 2013-cü ilin yay məktəbləri gənclərimizin intellektual səviyyəsinin yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından daha əhəmiyyətli oldu.

Təşkilatımız bu gün gənclərin ideyalarının reallaşdırılması baxımından da ideal bir məkana çevrilmişdir. Bizə layihə təqdim edən gənclər onları reallaşdırmaq üçün bütün mümkün imkanlarla təmin olunur. Layihələr təkcə paytaxtı deyil, regionları da əhatə edir. Belə ki, biz mütəmadi olaraq regionlara gedir, yerli gənclərlə müxtəlif mövzularda görüşlər keçiririk. Əsas məqsədimiz və fəaliyyətimizin prioritet istiqaməti gənclərimizi ölkəmizdə görülən işlərlə bağlı hərtərəfli məlumatlandırmaq, Yeni Azərbaycan Partiyasının ideya və məqsədlərini hər kəslə paylaşmaqdır.

Xüsusi vurğulamaq istərdim ki, keçirilən hər bir tədbirdən, görüşdən sonra partiyamızın Gənclər Birliyinə üzv olmaq istəyən gənclərin sayı daha da artır. Hazırda təşkilatımız öz sıralarında 200 mindən çox gənci birləşdirir. Bu, doğrudan da, böyük qüvvədir.

- Dediklərinizdən belə məlum olur ki, maarifçilik işləri, xüsusən siyasi maarifləndirmə təşkilatın fəaliyyətində prioritetlərdən biridir. Bununla bağlı nə kimi tədbirlər, layihələr həyata keçirirsiniz?

- Təbii ki, bu sahədə də əsas işimiz gənclərin dövlət siyasəti ilə bağlı maarifləndirilməsidir, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, azərbaycançılıq fəlsəfəsinə yiyələnməsinə dəstək olmaqdır. Bu məqsədlə həm paytaxtda, həm də regionlarda müxtəlif səpkili layihələr həyata keçirilir.

Maarifləndirici tədbirlərimiz bir neçə istiqamət əhatə edir - azərbaycançılıq ideyasının, Heydər Əliyev irsinin təbliği, Prezident İlham Əliyevin fəaliyyətinin öyrənilməsini, erməni cinayətlərinin ifşasını, gənclərin sosial biliklərinin artırılmasını və sair.

Bu istiqamətlərin hər birinə dair mütəmadi olaraq Gənclər Birliyinin ofisində tədbirlər təşkil edilir, dövlət rəsmiləri, elm adamları ilə gənclərin görüşləri keçirilir. Bundan əlavə, gənclərin öz təşəbbüsləri ilə rayonlarımızın işğal günləri, Xocalı soyqırımı ilə əlaqədar sosial şəbəkələrdə virtual aksiyalar keçirilir, müxtəlif beynəlxalq təşkilatlara, dünya dövlətlərinin parlamentlərinə erməni cinayətləri ilə bağlı məktublar göndərilir.

Gənclərimizin ideya-siyasi tərbiyəsində partiyamızın rəhbər orqanlarında təmsil olunan insanların, həmçinin müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən şəxslərin təcrübələrindən də geniş istifadə edilir. Bu məqsədlə mütəmadi görüşlər təşkil olunur.

- Bir qədər də YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri barədə məlumat verməyinizi xahiş edirik. Bu əlaqələr və əməkdaşlıq hansı istiqamətləri əhatə edir, hansı formada və necə qurulur?

- Əvvəlcə onu deyim ki, YAP Gənclər Birliyi partiyanın beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak edir. Partiya rəhbərliyi bizə bu sahədə də böyük etimad göstərir və bunun nəticəsi olaraq Gənclər Birliyinin Avropa Xalqlar Partiyası, Asiya Ölkələrinin Siyasi Partiyaları Komitəsi, Türkiyənin, Qazaxıstanın, Rumıniyanın və bir sıra digər ölkələrin hakim siyasi partiyaları ilə sıx əlaqələri qurulmaqdadır.

Bir müddət əvvəl Bakıda Asiya Ölkələri Siyasi Partiyalarının Gənclik Qollarının ikinci toplantısı keçirilmişdir. Toplantıda bir çox aktual məsələlər müzakirə edilmiş, Bakı Bəyannaməsi qəbul olunmuşdur. Gənc Siyasətçilərin Bakı Forumunda iştirak edən Avropa gəncləri ilə görüş keçirilmiş, ölkəmizdəki siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Həmçinin YAP Gənclər Birliyi Konrad Adenauer Fondunun Azərbaycanda, AlmaniyadaGürcüstanda keçirdiyi yay universitetlərində, təlimlərdə fəal iştirak edir.

Beynəlxalq əlaqələrin daha da genişlənməsinə nail olmaq üçün bir sıra Avropa ölkələrinin hakim partiyaları ilə də gələcək əməkdaşlığa dair yazışmalar aparırıq. İnanırıq ki, beynəlxalq əlaqələrimizin coğrafiyası yaxın gələcəkdə daha da genişlənəcəkdir.

- Ölkəmiz çox ciddi siyasi kampaniya - prezident seçkiləri ərəfəsindədir. Bu dövrdə adətən keçilən yola nəzər salınır, təhlillər və müqayisələr aparılır. Dövlətin gənclər siyasətini bu baxımdan necə xarakterizə edərdiniz?

- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün uğurla davam etdirilən gənclər siyasəti müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrə malikdir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi həyatda yaxından iştirak edir. Məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir.

Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar və layihələr həyata keçirilir. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2005-ci il avqust ayının 30-da  "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzalanmışdır. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda eyni zamanda gənclərin və yeniyetmələrin sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və digər məsələlər də əksini tapmışdı. Proqramın bütün müddəaları yerinə yetirilmişöz bəhrəsini vermişdir.

Prezidentin təşəbbüsü ilə 2007-ci ilin  "Gənclər ili" elan edilməsini də dövlətimizin gənclərə olan diqqət və qayğısının daha bir parlaq təzahürü hesab etmək olar.

Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bütün sosial təbəqələrdən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açmışdır. Bilirsiniz ki,  "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərlə bağlı bütün məsələlərin öz həllini tapması üçün konkret hədəflər müəyyənləşdirilmişdir. Hazırda proqram uğurla icra edilməkdədir.

Çəkdiyimiz misallar dövlətin gəncliyə diqqət və qayğısını əks etdirən qlobal layihələrin yalnız bir qismidir. Bu siyasəti dəyərləndirən və onun davam etməsini istəyən Azərbaycan gəncliyi qarşıdan gələn prezident seçkiləri ilə bağlı artıq öz seçimini etmişdir.

- YAP Gənclər Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə çıxış edir. Bəs, bu seçkilərlə bağlı yeni layihələriniz varmı?

- Əlbəttə, var. Biz bu layihələri əsasən təbliğat-təşviqat prosesində həyata keçirəcəyik. Müasir dövrümüzdə İKT-nin əhəmiyyətini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri sosial şəbəkələrdə işləməyə daha çox üstünlük verirlər. Layihələrimiz də əsasən bununla bağlıdır. Biz Azərbaycana böyük uğurlar gətirən mövcud siyasi kursu təbliğ etməyi özümüzün başlıca vəzifəsi hesab edirbu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 5.