Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Yardımlı rayonunda da bir sıra tədbirlər həyata keçirilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, təhsil, səhiyyə, mədəniyyət digər sosialyönümlü obyektlər inşa olunmuş, Yardımlı şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, abadlıq-quruculuq işləri görülmüşdür.

Yardımlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yardımlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 1.