Bərdədə
866 məcburi köçkün ailəsi üçün yeni
salınmış məhəllə ilə tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə
866 məcburi köçkün ailəsi üçün yeni
salınan beşmərtəbəli 15 yaşayış
binasından ibarət məhəllə ilə tanış
olmuşdur.
Məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün
görülən işlər bu kateqoriyadan olan
soydaşlarımızın hər zaman Prezident İlham
Əliyevin diqqət və qayğısı ilə əhatə
olunduğunu göstərir. Məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadırlardan müasir
tələblər səviyyəsində inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü
siyasətin təməl prinsiplərindən olan məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı tədbirlərin
nəticəsidir ki, ölkədə çadır şəhərcikləri
ləğv edilmiş, bu insanların hamısı müasir
tipli qəsəbələrə
köçürülmüşdür. Onların maddi
rifahının yaxşılaşdırılması
üçün Dövlət proqramları qəbul
edilmiş, sosial müavinətlərin artırılması
istiqamətində mühüm tədbirlər
görülmüşdür. Respublikanın bir
çox yerlərində salınan bu qəsəbələr
bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti
hər zaman vətəndaşlarının
qayğısına qalır, onların problemlərinin həlli
dövlət siyasətinin mühüm istiqamətini təşkil
edir. Bunu Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 866 məcburi köçkün ailəsi
üçün Bərdədə salınan yeni məhəllədə
yaradılan şərait də təsdiqləyir.
Bu
kateqoriyadan olan insanlara göstərilən diqqət və
qayğının təzahürüdür ki, son 10 ildə
1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki
infrastruktura malik 61 müasir qəsəbə
salınmış, 25,5 min ailə və ya 129 min nəfərdən
çox məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
Bu da indiyədək yeni salınan qəsəbələrə
köçürülənlərin 81 faizini təşkil
edir. Yeni qəsəbələrin salınmasına Dövlət
Neft Fondundan və digər mənbələrdən 1 milyard 547
milyon manat ayrılmışdır ki, bu da ümumilikdə bu
məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil
edir. Yeni yaşayış komplekslərində 120 məktəb,
6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb
müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi
tikilmişdir. Minlərlə kilometr
uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində
Dövlət Neft Fondundan və digər mənbələrdən
ayrılan vəsait hesabına 82 müasir qəsəbə
salınmış, 33 min ailə və ya 159 min nəfərin
mənzil-məişət şəraiti
yaxşılaşdırılmışdır. Ümumilikdə
1993-2013-cü illərdə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həllinə
4,3 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 2
milyard manatı dövlət büdcəsinin, 1,5 milyard
manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə
ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
təşkilatların vəsaitidir. Həmin
vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı
son 10 ildə istifadə olunmuşdur. Məcburi
köçkünlər arasında yoxsulluq həddi son 10 ildə
75 faizdən 15 faizədək azalmışdır.
2013-cü ildə bir nəfər məcburi köçkünə
xərclənən vəsaitin həcmi təxminən 1100 manat
təşkil edir ki, bu da dünyanın digər münaqişə
zonaları ilə müqayisədə ən yüksək
göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən
9 dəfə çoxdur.
Dövlət başçısı məhəllədə
tikilən 280 yerlik uşaq bağçası ilə tanış oldu.
Prezident İlham Əliyevə məlumat
verən Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
bildirdi ki, zəruri avadanlıqla təchiz olunan
bağçada balacaların təlim-tərbiyəsi
üçün bütün tələblər nəzərə
alınmışdır.
Azərbaycan Prezidenti bağçanın
binasında görülən işlərlə,
ayrı-ayrı otaqlarda yaradılan şəraitlə
yaxından tanış oldu.
Uşaqların
keyfiyyətli təhsil və dünya standartlarına
cavab verən tibbi xidmətlərlə təmin edilməsi,
qayğı ilə əhatə olunması, onlar
üçün zəruri şəraitin yaradılması,
böyüməkdə olan nəslin layiqli vətəndaş
kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin
başlıca prinsiplərindəndir. Dövlətin uşaq
siyasətinə hər zaman dəstək verən Heydər
Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata
keçirir.
Bağça ilə tanışlıq
zamanı dövlət başçısına məlumat
verildi ki, binada tikinti işləri yüksək səviyyədə
həyata keçirilmişdir. Bağçada uşaqların istirahəti
üçün hər cür şəraitin
yaradıldığı qeyd olundu. Həyətyanı
sahədə də abadlıq tədbirləri
görülmüş, uşaqlar üçün xüsusi
guşələr yaradılmış, müasir
işıqlandırma sistemi qurulmuşdur.
Sonra Prezident İlham Əliyev 540 yerlik
Ağdam rayon 1 nömrəli məcburi köçkün tam
orta məktəbində yaradılmış şəraitlə
tanış oldu.
Məktəbin foyesində ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə
qayğısını və Ağdamdan olan məcburi
köçkünlərlə görüşünü əks
etdirən fotostendlər quraşdırılmışdır.
Burada, həmçinin indiyədək istifadəyə
verilən yeni qəsəbələrin fotostendləri də
qurulmuşdur.
Dövlət başçısı məhəllənin
baş planı ilə tanış oldu.
Bildirildi ki, bu məhəllə Prezident
İlham Əliyevin 2004-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə
əsasən inşa olunmuşdur. Buraya 866 ailə
və ya 3900 məcburi köçkün
köçürüləcəkdir. Həmin
ailələrin 700-ü Ağdam, qalanları isə digər
rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı,
325-i üçotaqlı, 25-i isə dördotaqlıdır.
Burada klub-icma mərkəzi, tibb məntəqəsi
və ATS tikilmişdir. Su, elektrik və qaz
təchizatı şəbəkələri Bərdə
rayonunun kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondunun sifarişi ilə inşa
olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin
fevralında
başlanılmış və bu ilin sentyabrında
başa çatdırılmışdır.
Məktəblə tanışlıq
zamanı qeyd olundu ki, yüksək şəraiti ilə
seçilən, müasir təlim avadanlığı ilə
diqqət çəkən bu təhsil ocağında təlim-tədris
üçün hər cür şərait
yaradılmışdır. Prezident İlham
Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət
və qayğı təsdiqləyir ki, bu sahə dövlət
siyasətinin mühüm prinsipləri sırasına daxil
edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir, doğma
yurdlarından didərgin düşən
soydaşlarımızın təhsilinin yüksək səviyyədə
qurulmasına xidmət edir. Heydər Əliyev
Fondunun dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək
isə özünəməxsusluğu ilə diqqəti
çəkir.
Dövlət başçısı daha
sonra Ağdam rayonundan məcburi köçkün, şəhid
ailəsi Səfurə Hüseynovanın mənzilində oldu.
Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə
Hüseynovanın mənzili üçotaqlıdır. Mənzildə hər cür şərait
yaradılmışdır.
Prezident İlham Əliyev çay süfrəsi
ətrafında ailə üzvləri ilə söhbət etdi.
Ev sahibi Səfurə HÜSEYNOVA: Xoş gəlmisiniz,
cənab Prezident! Sizə çox minnətdarıq.
Siz bizə yenidən həyat vermisiniz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizi təbrik edirəm.
Burada gözəl şərait
yaradılıbdır, böyük şəhərcik
tikilibdir. Burada dörd min
köçkün bax bu gözəl şəraitdə
yaşayacaqdır. Dörd min
köçkünün vəziyyəti
yaxşılaşır. Dövlət siyasəti
aparılır. Dövlət öz
hesabına köçkünləri yerləşdirir, yeni
binalar, məktəblər tikilir. Burada indi tanış
oldum, gözəl məktəb, uşaq bağçası,
gözəl, yaraşıqlı evlər, geniş otaqlar - bütün şərait
yaradılır.
Bildiyiniz kimi, hər il
Azərbaycanda 20 min köçkün yeni evlərə, mənzillərə
köçürülür. Yəni hər il
Azərbaycanda köçkünlər üçün orta həcmli
şəhər boyda şəhərcik tikilir. Bu,
əlbəttə ki, böyük vəsait tələb edən
layihədir. Ancaq Azərbaycan dövləti
bunu edir. Hər il Dövlət Neft
Fondundan sırf tikinti məqsədləri üçün 300
milyon manat vəsait ayrılır. Eyni zamanda, il
ərzində Prezidentin Ehtiyat Fondundan da müəyyən vəsait
ayrılır ki, köçkünləri daha gözəl
şəraitlə təmin edək. Əminəm ki, bu proses gələcək
illərdə də davam etdiriləcəkdir. Hələ
öz növbəsini gözləyən köçkünlər
çoxdur, o cümlədən Bərdə rayonunda. Burada
dörd min köçkün yaşayacaqdır. Amma təkcə Bərdə rayonunda mənzil şəraiti
yaxşı olmayan köçkünlərin sayı 30 mindən
çoxdur. Onların da şəraiti
yaxşılaşdırılacaqdır. İndi
biz əlimizdən gələni edirik ki, tezliklə
köçkünləri gözəl şəraitlə təmin
edək, Bakıda da, rayonlarda da. Evlərə,
mənzillərə təxminən 180 min köçkün
köçürülüb. Ancaq hələ
də məktəblərdə yaşayanlar vardır. Bax burada yaşayan insanlar əvvəllər məktəbdə
yaşamışlar. İndi Bərdə
rayonunun bütün məktəbləri boşalır,
köçkünlər köçürülür, amma digər
rayonlarda hələ məktəblərdə yaşayanlar
vardır. Bakının özündə, Sumqayıtda
uşaq bağçalarında yaşayanlar vardır. Tədricən bu məsələlər də öz
həllini tapacaq və müvəqqəti də olsa, sizin məişət
probleminiz həll olunacaqdır.
Ancaq əsas məsələ ondadır ki,
biz köçkünlərimizi öz dədə-baba
torpaqlarına köçürək.
Əminəm ki, biz onu da həll edəcəyik, çünki
başqa yol ola bilməz. Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etməlidir və
edəcəkdir. Bu məsələ ölkəmiz,
xalqımız üçün ən vacib məsələdir.
Bu ədalətsizliyə son qoyulmalıdır.
Ölkəmizin ərazi bütövlüyü
bərpa edilməlidir. Haqq-ədalət bərpa
edilməlidir. Əminəm ki, biz buna da
nail olacağıq. Bu gün artan iqtisadi, hərbi
gücümüz bunu təmin edəcəkdir. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan
öz ərazi bütövlüyünü tam şəkildə
bərpa edəcək, köçkünlər Dağlıq
Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada, Ağdamda, digər şəhərlərdə
bundan da gözəl binalar tikiləcəkdir.
Səfurə HÜSEYNOVA: Ancaq Sizin sayənizdə
bu arzumuza çata bilərik, cənab Prezident. Çox sağ olun. Sizə minnətdaram.
Allah ulu öndər
Heydər Əliyevə rəhmət etsin. Sizin
ayağınız çox ruzilidir. Mən
inanıram ki, Sizin ayağınız bu evə dəyibsə,
biz daha da firavan həyat sürəcəyik. Fürsətdən
istifadə edib balanızın, - o, bizim də
balamızdır, - Heydərin ali məktəbə
daxil olması münasibətilə Sizi təbrik edirəm.
Arzu edirəm ki, o, babasının və Sizin
davamçınız olsun. Biz Sizi çox
sevirik. Siz öz balanızın məhz Azərbaycanda
təhsil almasını istədiniz. Sizə
bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq.
Prezident İlham ƏLİYEV: Sağ olun,
bu, doğrudan da vacib məsələdir. Mən
çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda
təhsil alsınlar. Mənim oğlum da orta məktəbdə
Bakıda oxuyub, ali məktəbdə də
Azərbaycanda oxuyacaqdır. Düzdür, mənim bir neçə
il bundan əvvəlki təşəbbüsümlə
biz gəncləri oxumaq üçün xaricə göndəririk,
vəsait də ayrılır. Bu binaların tikintisi
üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni
zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait
ayırır.
Gənclər də gedib xaricdə
oxuyurlar. Mən bunu
alqışlayıram. Ancaq o vaxt da
demişəm, bu gün də demək istəyirəm və
öz nümunəmlə bunu təsdiq edirəm ki, elə
şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil
alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə
yüksək olmalıdır ki, heç kim
daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən
biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu
sahədə də hesab edirəm, bir yol göstərirəm.
Xaricdə oxumağın müsbət tərəfləri
kimi, mənfi tərəfləri də vardır.
Uşaqlar Vətəndən, ailələrindən
ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin
səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr
Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli
köklərindən ayrılmasınlar, milli ruhda
böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə
oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə
qəbul olunacaqlar. Bizə vətənpərvər
gənclər lazımdır.
Səfurə HÜSEYNOVA: Balaca Heydərimiz
bütün gənclərə sübut etdi ki, Azərbaycanda təhsil almaq
lazımdır. Bəzən bu gənclər
Bakıya gedirlər, mən təəccüb edirəm ki, nəyə
görə?! Prezidentimiz bütün
rayonları abadlaşdırıb. O cümlədən
Ağdamımızın kiçik bir kəndini böyük
bir şəhərə çevirib. Allah
atanıza rəhmət etsin. Sizə uzun
ömür, cansağlığı arzulayıram. Həmişə
dua edirəm ki, Allah, Prezidentimizi qoru!
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən
Ağdam rayonunda da dəfələrlə olmuşam. Orada da quruculuq, abadlıq işləri
aparılır. Quzanlı kəndi indi
şəhər olmuşdur. Orada
infrastruktur layihələri həyata keçirilib, sosial obyektlər,
xəstəxana, idman qurğuları, yollar tikilib, qaz xətləri
çəkilib. Ağdam rayonunun
işğaldan azad olunan yerlərində qəsəbələr
tikilmişdir. Ağdam rayonunun sakinlərinin
təxminən yarısı, bəlkə də yarıdan
çoxu yeni qəsəbələrdə yaşayır.
Ağdam şəhəri azad olunandan sonra biz onu
yenidən quracağıq. Çünki vəhşi,
mənfur düşmənlər Ağdamı yerlə-yeksan
etdilər. Ağdamın indiki
görüntüləri, şəkillər,
videogörüntülər vardır. Şəhəri
yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir.
Bizim tarixi abidələrimiz, məscidlərimiz,
tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu
kim edib? Ermənilər - vəhşilər
ediblər.
Əlbəttə ki, bu vəhşilik
cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Çünki müxtəlif
amillər vardır. Birincisi, inkişaf edən
Azərbaycandır, tənəzzülə gedən Ermənistan.
Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan
getdikcə zəifləyir. Azərbaycanın
iqtisadi, hərbi gücü artır, Ermənistan isə
artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini
təmin edə bilmir və son hadisələr bunun əyani
sübutudur. Dünya mətbuatı da bunu
qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin
edə bilmədiyi üçün müxtəlif addımlara
əl atır. Ancaq biz tam şəkildə
özümüz öz hesabımıza yaşayırıq,
öz inkişafımızı da, təhlükəsizliyimizi
də özümüz təmin edirik. Ondan
sonra demoqrafiya məsələləri vardır. Mən bu məsələni dəfələrlə
vurğulamışam. Bizim əhalimiz
müharibə dövründən bəri nə qədər
artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş
vardır. Ermənistanda isə azalıbdır.
İndi iki milyondan azdır. İndiki
Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan
nə qədər hakimiyyətdə qalsa, bizim
torpaqlarımız o qədər də tez azad olar.
Çünki o adam və onun ətrafındakılar
Ermənistanı uçuruma aparıblar. Artıq
uçurumdadırlar. Çünki
iqtisadiyyat çöküb, əhali qaçır. Elə
onların özlərinin rəsmi statistikasına görə,
hər il 80 min erməni bu ölkəni
birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra
orada bir milyondan az adam qalacaqdır. İndi təmas xəttində bizim mövqelərimiz
qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini
təmas xəttini qorumaq üçün canlı qüvvə
yoxdur. Boşluqlar vardır. Bu proses tədricən
daha da sürətlə gedəcəkdir. Çünki
həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı
müəyyən qədər təcrid vəziyyətində
saxlayırıq. Tam təcrid deyil, çünki
onların digər qonşularla sərhədləri
açıqdır. Ancaq Azərbaycan və
Türkiyə sərhədləri bağlı olduğu
üçün bu, müəyyən mənada onlara ciddi
iqtisadi zərbədir. Əlbəttə
ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət
belə olacaqdır, belə də olmalıdır.
Səfurə HÜSEYNOVA: Bizim Sizin kimi
Prezidentimiz vardır. Prezidentlərdən ən
birincisi Sizsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çalışıram ki, xalqın
etimadını doğruldum və xalq üçün
çalışım.
Səfurə HÜSEYNOVA: Cənab Prezident,
Siz ailəliklə Azərbaycan üçün işləyirsiniz.
Biz Leyla Əliyeva ilə, Mehriban xanımla fəxr
edirik ki, bütün ailə üzvləriniz ancaq Azərbaycan
xalqı üçün, Azərbaycanın inkişafı
üçün çalışır. Azərbaycan
artıq Avropa dövlətlərini keçibdir.
Prezident İlham ƏLİYEV: Bu
yaxınlarda Dünya İqtisadi Forumu yeni bir hesabat dərc
edib. Orada ölkələrin rəqabətqabiliyyətliliyi
əks olunur. Azərbaycan dünya
miqyasında 39-cu yerdədir, bu gün çox inkişaf
etmiş ölkələri geridə buraxıb. MDB məkanında birincidir, dünya miqyasında
39-cudur. Bax, budur bugünkü reallıq.
Hər bir vətəndaş, hər bir ailə
üzvü, mən dəfələrlə deyirəm, bir məqsədə
qulluq etməlidir ki, ölkə daha da güclü olsun,
müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da
artsın və biz tezliklə işğala son qoyaq. Mən çox şadam və fəxr edirəm ki, mənim
ailə üzvlərim bu işdə fəal iştirak edirlər.
Leylanı qeyd etdiniz. Onun təşəbbüsü
ilə "Xocalıya ədalət" kampaniyası
bütün dünyada nəyə gətirib
çıxardı?!
Artıq beş ölkə Xocalı soyqırımını
rəsmən soyqırımı kimi tanıyır.
Yəni bu, "Xocalıya ədalət"
kampaniyasının nəticəsidir. Çünki
bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən
açığını deməliyəm, dövlət
qurumları - nazirliklər, diaspor təşkilatları da bu
ictimai hərəkata qoşuldu və böyük bir hərəkat
yarandı.
Müxtəlif ölkələrə məktublar,
təqdimatlar göndərildi. Bu
gün artıq bu proses gedir. Xocalı
qırğınını soyqırımı kimi tanıyan
ölkələrin sayı getdikcə artacaqdır. Biz düşmənə hər tərəfdən təzyiq
etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən
öz siyasətimizi aparacağıq. Çünki bizim
bir əsas məqsədimiz vardır: ərazi
bütövlüyümüzün bərpası,
köçkünlərin öz doğma torpaqlarına
qayıtması və tarixi ədalətin bərpası.
Hər bir vəzifəli şəxs, vəzifəsindən
asılı olmayaraq, öz davranışı,
addımları ilə yol göstərməlidir.
Əgər dövlət o məsuliyyəti onun
üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı
ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət
üçün bir nümunə olmalıdır. Yəni rəhbər kadrlar nümunə
olmalıdırlar. Hər sahədə
öz işi, bacarığı, insanlara olan münasibəti,
şəxsi nümunəsi ilə yol göstərməlidir.
Belə olmalıdır. Belə
olmasa, onda onlar o yerlərdə olmamalıdırlar.
Bir daha demək istəyirəm, mən elə
özüm dövlət başçısı kimi təşəbbüs
irəli sürdüm ki, xaricdə oxumaq üçün belə
bir proqram icra edilsin. Ancaq
indiki mərhələdə hesab edirəm ki, yeni bir yol,
yanaşma olmalıdır. Əminəm ki,
vəzifəli şəxslər bundan ibrət götürəcəklər.
Səfurə HÜSEYNOVA: Cənab Prezident,
biz Sizin çıxışınıza həmişə
baxırıq. Sizinlə fəxr edirik. Sizi televizorda görəndə elə bilirik ki,
bütün dünyanı bizə bəxş edirsiniz. Sizin öz ad günlərinizi xalq içində
keçirməyiniz hamıya nümunədir. Hamı nümunə götürsün. Dəbdəbəli toylar edirlər. Onun da haqqında danışmısınız.
Sizin bu addımlarınız o qədər ürəyimizcədir
ki!
Prezident İlham ƏLİYEV: Belə də
olmalıdır. Bilirsiniz, bəzi vəzifəli
şəxslər əvvəllər özləri
üçün təmtəraqlı yubileylər, bir neçə
gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər
dəvət edirdilər. Bunlar yolverilməz
şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir.
Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən
azad edəcəyəm. Ona görə, hesab edirəm
ki, bu da dərs oldu. Cəmiyyətdə
normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun
aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri,
milli dəyərləri vardır. Böyük-kiçik,
davranış qaydaları vardır. Biz
bunu poza bilmərik. Bizi əsrlər boyu
bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur.
Böyük-kiçik münasibətləri, normal davranış
qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən
və göstərən amillər bunlardır. Ona
görə də yersiz hərəkətlər, təmtəraqlı
tədbirlər olmamalıdır. Vəzifəli
şəxslər təvazökar, xalqa xidmət edən,
dövlətə, dövlətçiliyə sədaqət
göstərən şəxslər olmalıdırlar.
Mən sizə minnətdarlığımı
bildirirəm. Siz böyük qəhrəmanlıq
göstərmisiniz. Siz təkbaşına
övladlar böyütmüsünüz. Buna
görə sizə minnətdaram. Burada
rahat yaşayın və əminəm ki, gün gələcək
biz sizinlə Ağdamda görüşəcəyik.
Səfurə HÜSEYNOVA: İnşallah. Bircə arzumuz budur. Ulu Tanrı Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 3.