Astanada MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilmişdir

 

Qazaxıstan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilmişdir. İclasda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak etmişdir.

Qazaxıstanın daxili işlər naziri Kulmuxanbet Kasımov iclas iştirakçılarını salamlayaraq, MDB ölkələri daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. O xatırlatmışdır ki, şuranın bundan əvvəlki iclası ötən ilin sentyabrında Azərbaycanda keçirilmişdir.     

İclasda 2020-ci ilə qədərki dövrdə MDB ölkələri daxili işlər orqanları arasında inkişaf konsepsiyası təsdiq edilmiş, MDB ölkələrinin daxili işlər orqanları yanında Elmi Məsləhət Şurası haqqında Əsasnamənin layihəsi müzakirə olunmuşdur.

Nazirlər 2014-2018-ci illər üçün cinayətkarlıqla birgə mübarizə üzrə dövlətlərarası proqramın və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq proqramının layihəsini də nəzərdən keçirmişlər.

İclas çərçivəsində Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında 2014-2016-cı illər üçün qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanmışdır. Sənəd qeyri-qanuni silahlı birləşmələrlə, terrorçuluq və digər ekstremist fəaliyyətlə mübarizə sahəsində, həmçinin nəqliyyat infrastrukturu obyektlərində birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Şuranın iclasında ümumilikdə səkkiz məsələ müzakirə olunmuşdur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB-nin daxili işlər nazirlərini qəbul etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Astana

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 5.