Barak Obamanın məktubu Azərbaycanın bölgədə əsas söz sahibi olmasını təsdiqləyir

 

Aydın MİRZƏZADƏ: Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı siyasət dünya ictimaiyyətinin diqqətini çəkir"

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin olunan səfir Ceyms Uorliklə bağlı məktub ünvanlayıb. Məktubda yeni həmsədrin bu işə təyin olunmasının tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin göstəricisi olduğu vurğulanır.

Məktubda deyilir: "Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcəkdir. Mən gələn aylar ərzində Ermənistan ilə birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib".

ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladğı məktubuna və iki ölkə arasında olan münasibətlərə aydınlıq gətirən politoloqlar, bunu yüksək dəyərləndirirlər. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, dünyanın aparıcı dövlətlərindən olan ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə ünvanladığı məktubunda Dağlıq Qarabağ məsələsinə diqqət yetirməsi təsadüfi deyil. Onun fikrincə, Azərbaycanın günü-gündən artan nüfuzu ölkəmizin problemlərinin hər zaman dünya siyasətinin gündəliyində qalmasına səbəb olur. Eyni zamanda, Azərbaycan regionda sabitliyin təmin edilməsində əsas rol oynayır.

Ən vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycanın dövlət quruculuğunda qazandığı təcrübə bəzi ölkələr üçün gözəl nümunə ola bilər: "Bu baxımdan ABŞ Prezidentinin məktubunda Dağlıq Qarabağ məsələsinin həllinə ciddi fikir verilib. Bu problem dünyanın bir çox ölkələrini narahat edən başlıca məsələyə çevrilib. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı siyasət dünya ictimaiyyətinin diqqətini çəkir. Təbii ki, Dağlıq Qarabağ məsələsində Ermənistan hər zaman olduğu kimi, beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Problemin belə nöqtədə qalması Ermənistanın iqtisadiyyatına da mənfi təsir edir".

A.Mirzəzadənin fikrincə, yeni həmsədrin regiona səfəri münaqişə ilə bağlı ABŞ-ın daha da yaxşı məlumatlanması üçün unikal imkan olacaq.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 5.