Biz bu gün gizlətmirik ki,
işğalçı Ermənistanın ağır sosial-iqtisadi durumunun səbəbkarı
Azərbaycandır
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovun APA-ya müsahibəsi
- Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
cəmi 1 ilə 7 pillə irəliləyərək "Qlobal Rəqabətlilik 2013-2014
hesabatı"nda 39-cu yerdə qərarlaşıb. Bu mövqeyin çəkisini
necə izah edərdiniz?
- Bu mövqe dünyanın bir nömrəli iqtisadi forumu tərəfindən Azərbaycana verilən
qiymətdir. Dünyanın iqtisadiyyat
üzrə ən güclü analitiklərinin
apardıqları ciddi araşdırmalar da Azərbaycanda neft gəlirlərinin
insan kapitalına çevrilməsi prosesinin sürətləndiyini qeydə
alıb. Hər şey müqayisədə
bilinir. Baxın, İranda
adambaşına düşən neft-qaz həcmi
Azərbaycandan 2,5-3 dəfə, Qazaxıstanda 1,7 dəfə, Rusiyada isə 1,3 dəfə çoxdur,
ancaq Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətinə görə hər 3 ölkəni geridə qoyub. Bu o
deməkdir ki, neft-qaz
resurslarından həmin ölkələrlə müqayisədə
daha effektiv istifadə
olunur. Hətta Cənubi Avropa
ölkəsi olan İtaliyanı bu hesabata əsasən
üstələyirik. Sözsüz ki, bu
yüksək nəticə asanlıqla əldə olunmayıb,
bunun arxasında son 10
ildə Azərbaycan iqtisadiyyatını 3 dəfə
böyütməyə müvəffəq olan
cənab Prezident İlham
Əliyevin zəhməti, müstəqil iqtisadi
siyasət kursu dayanır. Son 10 ildə əsas məqsəd
iqtisadiyyatın şaxələndirilməsi olub.
Odur ki, hazırda Azərbaycanın
neft və qazını beynəlxalq bazarlara çıxaran 7 neft-qaz
boru kəməri mövcuddur.
Bununla paralel qeyri-neft sektorunun sürətli
inkişafına yönəlmiş iqtisadi
inkişaf modelinin uğurla həyata keçirilməsi öz sözünü deyir. Təkcə bu ilin 1-ci yarısında qeyri-neft
sektoru təxminən 11 faiz
artıb. Bu, dünya miqyasında
nadir göstəricilərdən sayıla
bilər. 2013-cü ilin 6 ayında ölkə
iqtisadiyyatına yatırılan 12,6 milyard
dollar sərmayənin 5 milyardı xarici sərmayə olub. Bu isə Azərbaycanın xarici
investorlar üçün
cəlbedici, rəqabətqabiliyyətli ölkə kimi əhəmiyyətinin
artdığını əyani nümayiş
etdirir. Ümumiyyətlə, son 10 ildə Azərbaycan iqtisadiyyatına 138 milyard dollar investisiya qoyulub. Bunun nəticəsidir ki, əhalisinin,
demək olar ki,
yarısı yoxsulluq şəraitində yaşayan ölkə 10 il
sonra - 2013-cü ildə yoxsulluq
səviyyəsi 6 faiz təşkil edən
dövlətə çevrilib. Təkcə
bu ilin altı
ayında ölkə əhalisinin pul gəlirləri
7 faizdən çox artıb. Buna baxmayaraq inflyasiya sabitdir. "Qlobal Rəqabətlilik 2013-2014 hesabatı"
da göstərir ki,
Azərbaycan inflyasiya dərəcəsinin
aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir.
- Bu rəqəmlər ölkə
iqtisadiyyatının yeni bir
mərhələyə hazırlaşdığını
göstərir. Hədəf nədir?
- Ən böyük hədəf Azərbaycanı inkişaf etmiş ölkəyə
çevirməkdir. Cənab Prezident bunun üçün
2020-ci ilədək vaxt müəyyən edib. İndi ölkədə
bilik iqtisadiyyatı qurulur.
Aparılan bütün siyasətin təməlində
Azərbaycan vətəndaşı, onun
rifahı dayanır. Növbəti 10 il ərzində
qeyri-neft sektorunu 2 dəfə
artırmaq planlaşdırılır. Təsəvvür edin, "Şahdəniz-2" və bu layihə ilə bağlı olan
digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib
çıxaracaq. Biz qarşıdakı
illərdə Azərbaycanın "Qlobal
Rəqabətlilik hesabatı"nda yerinin
daha da irəli gedəcəyini
proqnozlaşdırırıq. Artıq bu tendensiya müşahidə olunur.
Rəqabətqabiliyyətlilik reytinqində Azərbaycanın mövqeyi 2010-2011-ci illərdə 57-ci yer olduğu halda, ölkəmiz 2011-2012-ci illərdə
55-ci yerdə, 2012-2013-cü illərdə 46-cı yerdə və
2013-2014-cü illərdə isə 39-cu yerdə qərarlaşıb.
Bilirsiniz ki, hətta
iqtisadi və maliyyə böhranı
zamanı Azərbaycan iqtisadiyyatı artmaqda
davam edib. Neftin qiymətləri kəskin surətdə
aşağı düşdüyü zaman da bu
inkişaf dayanmayıb. Bundan
əvvəl "Fitch", "Standard & Poor's",
"Moody's" kimi əsas
kredit reytinqi təşkilatları
Azərbaycanın kredit reytinqini
yaxşılaşdırıblar. Ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan
biri olub. Büdcə
xərcləri təxminən 19 dəfə artıb. Cənubi
Qafqazda ikinci bir dövlət yoxdur ki, Azərbaycanla rəqabətə girmək
imkanında olsun.
- "Qlobal Rəqabətlilik 2013-2014
hesabatı"nda Ermənistanın bəzi Afrika
ölkələrindən də geridə olduğu
görünür...
- Ermənistandakı
vəziyyət hamıya aydındır. Bu gün
biz gizlətmirik ki,
işğalçı Ermənistanın bu
ağır sosial-iqtisadi durumunun,
regional layihələrdən təcrid
olmasının səbəbkarı Azərbaycandır. İşğal davam etdikcə,
İrəvan təcavüzkar siyasətdən əl çəkməyincə
biz Ermənistana təzyiqləri
artırmaqda davam edəcəyik.
Artıq heç kəs nəinki Ermənistanı,
hətta bir çox
bölgə ölkələrini Azərbaycanla müqayisə etmir, Ermənistanla Azərbaycanın inkişaf səviyyəsi heç
bir müqayisəyə gəlmir. Hətta
Ermənistanla Gürcüstanın birgə götürülmüş
iqtisadi gücü Azərbaycanın
təkcə qeyri-neft sektorunun
cəmi 70 faizini təşkil edir. Bu gün
Azərbaycan bölgənin nəinki coğrafi,
siyasi, mədəni mərkəzidir, həm
də, Dünya İqtisadi
Forumunun da qeyd etdiyi kimi,
"iqtisadi ürəyi"dir.
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 6.