Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə təhsil işçilərinin  sentyabr konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransda BŞTİ müdirinin müavini Məhəmməd Bayramov gündəlikdəki məsələlər barədə məlumat vermişdir.

Sonra M.Bayramovun  "2012-2013-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycanda təhsil sistemi tam yeni bir mühitdə fəaliyyət göstərir. Müstəqil dövlət quruculuğunun mühüm amillərindən biri olan milli təhsil sahəsində beynəlxalq standartlara uyğun fundamental islahatların aparılmasına, təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsinə geniş imkanlar yaradılmışdır. Ölkə iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Hazırda BŞTİ-nin tabeliyində 311 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi) və sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 məktəb vardır. Bu məktəblərdə 318 min 750 şagirdin təlim-tərbiyəsi ilə 29 min 949 müəllim məşğul olur.

Ölkəmizdə təhsilə dövlət səviyyəsində diqqət və qayğının nəticəsidir ki, təkcə ötən tədris ilində Bakı şəhərində 880 və 640  yerlik 4 yeni məktəb binası inşa edilmiş, 76 məktəb binasında əsaslı təmir işləri aparılmış, şagird sıxlığının aradan qaldırılması üçün 20 məktəbdə əlavə korpus  istifadəyə verilmişdir. Həmçinin 5 məktəbin idmanakt zalları tamamilə yenilənmişdir. Yeni tədris ilinədək 164 məktəb binasının cari təmir işləri başa çatdırılacaqdır.

M.Bayramov demişdir ki, ümummilli lider Heydər Əliyevin "Mən müəllim adından yüksək ad tanımıram" kəlamı müəllim əməyinə verilən ən yüksək qiymətdir. Prezident  İlham Əliyevin müvafiq sərəncamı ilə son beş ildə, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başlanan dövrdən, Bakı şəhəri üzrə 127 məktəb (respublika üzrə 43,2 faiz) "Ən yaxşı ümumtəhsil məktəbi", 270 müəllim (respublika üzrə 46,6 faiz) "Ən yaxşı müəllim" adını qazanmış, eyni zamanda, 58 müəllim "Tərəqqi" medalına, 103 müəllim isə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Birinci sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna uyğun olaraq aparılmışdır. Son illər ümumtəhsil məktəblərinin birinci  siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. Belə ki, 2012/2013-cü dərs ilində I sinfə 36 min 431 şagird qəbul olunmuşdur. 2013/2014-cü dərs ilində də birinci siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir. Bu günədək 35 min uşaq birinci sinfə qəbul olunmuşdur.

M.Bayramov bildirmişdir ki, xüsusi istedadı ilə fərqlənən uşaq və gənclərimizə daim diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev Fondu elmimizin, təhsilimizin inkişafı üçün bir çox uğurlu layihələr həyata keçirmiş, bu sahədə genişmiqyaslı işlər görmüşdür. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  fəaliyyətinin bir istiqamətini də məhz xüsusi istedada malik uşaqların yaradıcılıq imkanlarının artırılması, onlara bu işdə dəstək təşkil edir. İstedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması və onların potensial imkanlarının daha da inkişaf etdirilməsi BŞTİ-nin də fəaliyyətinin əsas istiqamətlərindən biridir.

M.Bayramov yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş, onlara  uğurlar arzulamışdır.

Sonra Azərbaycan təhsilinin inkişaf və uğurlarından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Konfransda 220 nömrəli tam orta məktəbin direktoru Almaz Əsgərova, 2012/2013-cü tədris ilində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 42 nömrəli məktəbin müəllimi Natəvan Hacıyeva, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin direktoru Elçin Mehdizadə,  builki ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış Məhəmməd İsmayılov və başqaları  ölkəmizdə elmin, təhsilin inkişafına daim göstərilən dövlət qayğısından söhbət açmışlar.

Sonda məruzə və çıxışlar ətrafında fikir mübadiləsi aparılmış, təklif və iradlar səsləndirilmişdir.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, məktəb direktorları, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunlar, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.