Vladimir KULİŞOV: «MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 70-ci iclası çərçivəsində 7 məsələ müzakirə edilmiş, 21 qərar qəbul olunmuşdur»

 

"MDB-nin iştirakçısı olan ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 70-ci iclasında 7 məsələ müzakirə edilmiş, 21 qərar qəbul olunmuşdur".

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, RF  Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov sentyabrın 10-da Sərhəd Qoşunları Komandanları Şurasının 70-ci iclasının yekunlarına dair mətbuat konfransında məlumat vermişdir.

V.Kulişov bildirmişdir ki, MDB ölkələrinin nümayəndə heyətləri Bakıya səfər çərçivəsində bir sıra  obyektlərdə, o cümlədən Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasında olmuşlar.  V.Kulişov demişdir: "Hazırda bu təhsil müəssisəsi mütəxəssislər yetişdirmək üçün çox ciddi bazaya malikdir. Əminəm ki, bu, dövlət sərhədində xidmət edən insanların peşəkarlıq səviyyəsini artırmağa imkan verəcəkdir. Biz isə hərtərəfli, o cümlədən təhsil müəssisələri xətti ilə mükəmməl əlaqələndirmə işləri aparmalıyıq".

Rusiya Sərhəd Xidmətinin rəhbəri demişdir ki, tədbir çərçivəsində şuranın fəaliyyəti təhlil edilmiş, xüsusi əməliyyatların  nəticələri qiymətləndirilmişdir. Bu il Xəzər dənizi, Qara dəniz və Azov dənizində birgə səylərlə həyata keçirilmiş profilaktiki tədbirlərdən də danışılmışdır. V.Kulişov demişdir: "Tərəfimizdən  7 məsələ nəzərdən keçirilmiş, fəaliyyət istiqamətlərimizlə bağlı 21 qərar qəbul edilmişdir. Bundan əlavə, MDB sərhədlərində yarana biləcək böhranlı vəziyyətlərin aradan qaldırılması üzrə işlərin əlaqələndirilməsinə dair razılaşma əldə olunmuşdur".

MDB-nin iştirakçısı olan ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının 70-ci iclasında  Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın  sərhəd xidmətlərinin, Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin, MDB  Antiterror Mərkəzinin, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.