Bakıda «Birgə Cəmiyyətlər-2014» Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı keçirilir

 

Sentyabrın 5-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Madrid Klubunun və İsgəndəriyyə Kitabxanasının birgə təşkilatçılığı ilə beynəlxalq toplantı işə başlamışdır.

Latviya, Finlandiya, Niderland,   Mavritaniya və digər ölkələrin keçmiş dövlət və hökumət başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçirilən Yüksək Səviyyədə Görüşün məqsədi "Birgə Cəmiyyətlər-2014" Forumuna hazırlıqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirin açılış mərasimində çıxış edərək cari ilin mayında Bakıda  keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətini və  onun  ölkəmizdə təşkil olunan tədbirlər arasında özünəməxsus yerini qeyd etmişdir.  

 Tədbirinin əhəmiyyətindən söz açan N.İbrahimov demişdir ki, müxtəlif ölkələrin  müəyyən təcrübəyə malik keçmiş dövlət və hökumət başçılarının iştirak etdikləri bu  görüş beynəlxalq aləmdə böyük  marağa səbəb olmuşdur.  Toplantının məqsədi  gələn il Bakıda keçiriləcək ikinci Cənubi Qafqaz Forumuna hazırlıq, gələcək fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın dünyada daha da yaxından tanınmasına  kömək etdiyini söyləyən komitə sədri gələn il forumun "Cənubi Qafqaz Forumu" deyil,  "Açıq Cəmiyyət Forumu" adı altında keçiriləcəyini də diqqətə çatdırmışdır. 

N.İbrahimov vurğulamışdır ki, bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Bu da təbiidir.  Çünki tolerantlıq və qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Ölkəmizdə yaşayan bütün xalqlar, onların hamısı etnikya dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayırlar. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülhün və əmin-amanlığın, dostluq, qardaşlıq və əməkdaşlığın bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş milli-dini siyasətin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Hazırda Azərbaycan başqa sahələrdə olduğu kimi, tolerantlıq baxımından da bir sıra ölkələr üçün  çox yaxşı nümunədir.

Qeyd olunmuşdur ki, bu gün dünyada qlobal problemlərlə məşğul olan təşkilatların Bakını özlərinə mərkəz seçməsi heç də təsadüfi deyildir. Son illər respublikamızda baş verən sürətli inkişaf prosesi  Azərbaycanı maraqlı və cəlbedici ölkəyə çevirmişdir.

N.İbrahimov Bakının  beynəlxalq mərkəzə çevriləcəyinə inamını ifadə etmiş, toplantı iştirakçılarına uğurlar arzulamışdır.

Latviya Respublikasının sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun üzvü xanım  Vayra Vike-Frayberqa hər bir ölkənin, müxtəlif dinlərə, icmalara mənsub insanların özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulamış,  bu məsələdə immiqrasiya proseslərinin rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu proseslər cəmiyyətlərin çoxdinli, çoxmədəniyyətli olmasına şərait yaratmışdır. Cəmiyyətlərin inteqrasiyasında iqtisadiyyatın, xüsusən də ticarətin tarixi rolunu diqqətə çatdıran sabiq prezident hər bir dövlətin siyasi liderinin doğru qərar qəbul etməklə inteqrasiyanı düzgün istiqamətləndirə biləcəyini vurğulamışdır.

Bildirilmişdir ki, iqtisadi inkişaf cəmiyyətin paylanmasına kömək edir. Siyasi plüralizmin mövcudluğu müasir cəmiyyətimizdə əhəmiyyətli amillərdən biridir. Bu baxımdan hər bir dövlət üçün seçki sisteminin təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə hökumətin üzərinə düşən məsuliyyət milli səyləri dəstəkləməkdən ibarətdir. Strategiyanın hər hansı bir təhlükənin qarşısını almaq üçün müzakirələrin aparılmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran V.Freyberqa sülh, təhlükəsizlik və  sabitliyin dövlət başçıları tərəfindən təmin edilməsinin vacibliyini də vurğulamışdır. 

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantının maraqlı keçəcəyinə, faydalı müzakirələrin aparılacağına əminliyini bildirərək demişdir ki, tədbirdə sabiq dövlət və hökumət başçılarının iştirakı bu görüşün əhəmiyyətini daha da artırır. Bu gün qloballaşan  dünyada insanlar öz aralarında olan mədəniyyət fərqlərinə, gender bərabərliyinə, gələcəkdə davamlı cəmiyyətin formalaşdırılmasına dair məsələləri müzakirə edirlər.  İnanıram ki, ənənəvi forumların keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcəkdir.

İ.Serageldin tədbirin keçirilməsinə yaradılan şəraitə görə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 Finlandiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin və Madrid Klubunun üzvü xanım Tarya Halonen Azərbaycana yenidən səfər etməkdən məmnunluğunu bildirmiş, ölkəmizdə güclü inkişafın şahidi olduğunu vurğulamışdır. Azərbaycanın maraqlı ölkə olduğunu söyləyən Tarya Halonen qeyd etmişdir ki,  ölkədəki iqtisadi artım inkişaf üçün bir çox imkanlar yaradır.

Finlandiyalı qonaq dayanıqlı inkişafın aspektlərindən, ekoloji təsirin azaldılması istiqamətində görülən vacib işlərdən, alternativ və bərpa olunan enerji mənbələrindən, insan kapitalından, xüsusən də gənclərin potensialından geniş istifadə edilməsinin vacibliyindən danışmışdır. 

Niderland Krallığının sabiq baş naziri, Madrid Klubunun prezidenti  Vim Kok yenidən Bakıda toplaşdıqları üçün məmnunluğunu bildirmiş, dörd ay əvvəl  Azərbaycanda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətindən, uğurlu nəticələrindən söz açmışdır. V.Kok növbəti foruma hazırlıq məqsədi daşıyan bu tədbir çərçivəsində aparılacaq müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini, müasir dünyada bu mövzuların aktuallığını və vacibliyini vurğulamışdır.

Dialoq, müzakirə və debatların keçirilməsi baxımından forumların  əhəmiyyətinə toxunan Niderland Krallığının sabiq baş naziri Bakıda təşkil edilən belə mötəbər tədbirlərdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin, baş nazirlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulamışdır.

Sonra toplantı işini "Qadınlar və birgə cəmiyyətlər", "Dini azlıqlar və birgə cəmiyyətlər", "Cənubi Qafqazda münaqişələrin həlli" mövzularında sessiyalarla davam etdirmişdir.

Bakıda "Birgə Cəmiyyətlər-2014" Forumuna hazırlıq məqsədi ilə keçirilən  beynəlxalq toplantı sentyabrın 6-da başa çatacaqdır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.-  S. 10.