Barak Obamanın məktubu Amerikanın Azərbaycanı regionda etibarlı və strateji tərəfdaş kimi dəstəklədiyini sübut edir

 

Rasim MUSABƏYOV: «İki dövlət arasında münasibətlər qarşılıqlı maraqlara  bərabərhüquqlu əməkdaşlığa əsaslanır»

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda yeni səylərin göstərilməsinin vacibliyi vurğulanıb. Barak Obama qeyd edib ki, tərəflər birbaşa dialoq imkanlarından yararlanmalı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməlidirlər. Onun fikrincə, danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində yeni səylərin göstərilməsi regionda sülhün bərqərar olunmasını təmin edə bilər.

Qeyd edək ki, ABŞ Prezidentinin təyin etdiyi ATƏT-in Minsk qrupunun yeni həmsədri səfir Ceyms Uorlik həm zəngin təcrübəyə malik, həm də situatsiyalarda çevik manevr etməyi bacaran bir şəxs kimi təqdim olunur.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, ABŞ prezidentinin dövlətimizin başçısına ünvanladığı məktub eyni zamanda tərəfləri Minsk qrupunun prinsipləri zəminində güzəştə getməyə çağırıb. Deputatın sözlərinə görə, Barak Obama  Minsk qrupuna həmsədr göndərilməsi ilə bağlı ilk dəfədir ki, Azərbaycan Prezidentinə müraciət edir. "Barak Obamanın məktubu onu göstərir ki, Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bir vasitəçi kimi diqqətdə saxlayır. Ancaq bu ölkənin danışıqlar prosesinə bundan sonra nə dərəcədə kömək edəcəyini zaman göstərəcək". 

Deputat bildirib ki, yeni həmsədr Ceyms Uorlikdən öncə də ATƏT-in Minsk qrupuna yeni təyin olunan ABŞ-ın bəzi həmsədrləri ilk açıqlamalarında münaqişənin həlli ilə bağlı ciddi bəyanatlar veriblər.   

Barak Obamanın tərəflərin dialoq imkanlarından yararlanmasının vacibliyi ilə bağlı fikrinə də münasibət bildirən Rasim Musabəyov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daim dialoqdan qaçan Ermənistan hakimiyyəti olub. Azərbaycan isə ərazi bütövlüyünün təmin olunma şərti ilə istənilən dialoqa hazır olduğunu dəfələrlə bəyan edib. Ona görə də kompromisə dəvət edilməyə daha çox ehtiyacı olan Ermənistandır. Çünki təcavüzkar dövlət odur. Deputat hesab edir ki, həmsədr ölkələr daim danışıqlardan qaçan işğalçı ölkəni konstruktiv addım atmağa məcbur etməlidirlər.

Rasim Musabəyov onu da vurğulayıb ki, Barak Obamanın Azərbaycan Prezidentinə göndərdiyi məktub həm də Amerikanın Azərbaycanı regionda etibarlı və strateji tərəfdaş kimi dəstəklədiyini, əlaqələrin müxtəlif istiqamətlər üzrə davamında maraqlı olduğunu sübut edir.  İki dövlət arasında münasibətlər qarşılıqlı maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanır.

 

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 8.