Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti Bakı Dövlət Universitetində olmuşdur

 

Sentyabrın 7-də Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti İvo Slaus, akademiyanın idarə heyətinin sədri Garri Ceykobs Bakı Dövlət Universitetində (BDU) olmuşlar.

Bakı Dövlət Universiteti Mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb barədə məlumat vermiş, təhsil müəssisəsinin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrantproqramlardan danışmışdır.

İvo Slaus Dünya Elm və Mədəniyyət Akademiyasının 1969-cu ildən fəaliyyət göstərdiyini və hazırda dünyanın ən nüfuzlu 675 alimindən ibarət elm mərkəzi olduğunu söyləmişdir.

Sonra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş və Bakı Dövlət Universiteti ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında əlaqələrin yaradılması, birgə konfrans və simpoziumların keçirilməsi, proqram və layihələr üzrə aparılması qərara alınmışdır.

Qonaqlar BDU-nun Heydər Əliyev Muzeyi, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə də tanış olmuşlar.

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 8.