Adı dillərdə gəzirdi

 

Ellərin oyanış dövrü idi. Elm-təhsil ocaqları əlvan çiçəklər kimi yavaş-yavaş hər yanı bürüyür, Firidun bəy Köçərli demişkən, yeni alışan "mərifət çıraqları" tədricən işıq saçırdı.

1885-ci ildə belə bir nur çeşməsi Qazax qəzasının İkinci Şıxlı kəndində yarandı. Həmin ili Qori seminariyasının Azərbaycan şöbəsini üç nəfər bitirmişdi. Onlardan biri 23 yaşlı İsabəy Abakarov idi. Zaqatala bölgəsindən gəlmişdi. Deyirlər, arxasız, imkansız adam olub. Gənc müəllim bu yerlərdə qalıb işləməyi qərara aldı. İkinci Şıxlıda yer tapdı, yeni tipli məktəb açdı, tədrisin bünövrəsini qoydu. Onun xarakterinə, xoş işinə rəğbət bəsləyən, gəlib-gedən çox idi. İlk vaxtlardan şagirdlərin sayı əlli nəfərə çatırdı. Gördülər dəyərli işdir, əl tutan, kömək edən çoxaldı. Kənd koxası Nəsib bəy Tontuyevin köməyi ilə səfalı guşədə çaylaq daşından onotaqlı bina tikildi.

İsabəyin məktəbi hər yanda tanınırdı. Bu çırağın işığına yaxın, uzaq kəndlərdən çoxlu adam yığışırdı. İsabəy Abakarov hər il təmənnasız olaraq Qori seminariyası üçün gənclər hazırlayırdı.

Bəzi yerlərdə təhsil-tərbiyə işlərinin yarıtmaz vəziyyətindən ürək ağrısı ilə danışan Firidun bəy Köçərli bu müqəddəs işdə nümunə olan İsabəy kimi şəxslərin adlarını iftixarla çəkərək deyirdi: "Kənd müəllimlərinin içində İsabəy Abakarov, Əhməd ağa Mustafayev kimi bir neçə möhtərəm şəxs var ki, həqiqətdə millət xadimi olub, cani-dildən təlim və tərbiyə işlərinə ömürlərini sərf ediblər. Bunlardan hər biri illər boyu müəllimlik etməkdədir. Bunlar qulluq sarıdan artıq bir tərəqqi etməyiblərsə də, camaatın hörmətini, məhəbbətini qazanıblar. Hansı kənddə müəllimlik ediblərsə, orada mərifət çırağını yandırıb, əhalinin gözlərini açaraq mənəvi tərəqqiyə nail olublar".

Böyük maarif fədaisi Firidun bəy cəfakeş kənd müəlliminin bir sıra xeyirxah işlərini xüsusi qeyd edirdi. "İsabəyin tərbiyəsindən yüzlərcə rəiyyət balaları çıxıb, kamali-təhsil edib, çörək sahibi olubdur. İsabəy çox fəqir şəxslərin övladına atalıq edib, azacıq məvacibindən onlara çörək və pul-para verib, oxudubdur. İmtahan mövsümündə onları öz xərci ilə Tiflisə, Gəncəyə apararaq kimisini sənət məktəbinə, kimisini seminariyaya və hətta bir neçəsini gimnaziyaya qoyubdu. İsabəyin haqqı bizim üstümüzdə çoxdur".

Əvəzsiz xidmətlərinə görə İsabəyi məşhur Pestavlossi ilə müqayisə edərək deyirdi ki, belələri çox azdır, beş-on nəfər ancaq tapılar. İohan Pestavlossi İsveçrənin görkəmli demokrat pedaqoqu idi. O, əməklə təhsili birlikdə aparmaq ideyasını irəli sürmüşdü. İsabəy belə bir nəcib işi öz məktəbində həyata keçirirdi. Ona şöhrət gətirən ən ülvi keyfiyyətlərdən birixalqla, valideynlərlə məktəb arasında əlaqə - ünsiyyət yarada bilməsi, camaatla qaynayıb-qarışması idi.

Xalq şari Osman Sarıvəlli deyirdi ki, o da İsabəyin məktəbində oxuyub. İsabəy çox xeyirxah adam idi. Bütün yayı imkansız uşaqlarla pulsuz məşğul olur, onları imtahanlara hazırlayır və Qori şəhərinə apararaq seminariyaya qəbul elətdirirdi. Onlardan biri də "Can yanğısı" romanının müəllifi Abdulla bəy Divanbəyoğludur. Onu öz hesabına Qoriyə apararaq seminariyaya qəbul elətdirmişdi.

İsabəy Abakarovun yetirmələrindən biriİkinci Şıxlı kəndinin sakini, seminariyanın məzunu, ölkənin müxtəlif bölgələrində geniş pedaqoji apararaq Naxçıvanda xalq maarif komissarı vəzifəsinə kimi ucalan Əli Hüseynov idi. O, bilavasitə İsabəyin köməyi ilə 1897-ci ildə Qori seminariyasının hazırlıq sinfinə daxil olmuşdu.

İlk təhsilini Tiflisdə alan Səməd bəy Acalovun xatirəsi daha maraqlıdır. Səməd bəy yazır ki, "1890-cı ilin avqustunda biz bir dəstə gənc seminariyaya daxil olmaq üçün Qoriyə yola düşdük. O vaxt hər birimizin 14-15 yaşı ancaq olardı. Yolda həmin məqsədlə Qoriyə gedən bir neçə uşağa rast gəldik. Danışıqlarından məlum oldu ki, onlar qazaxlıdırlar, öz müəllimləri Abakarovla Qoriyə imtahana gedirlər. Bu əhvalat bizi çox şad elədi. Qərara aldıq ki, hamımız bir mehmanxanaya düşək. Ertəsi gün İsabəy Abakarov bizim hamımızı seminariyaya apararaq vəziyyətdən xəbər tutandan sonra məlumat verdi ki, avqustun 24-də həkim müayinəsi olacaq. O özü ilə gətirdiyi tələbələrə və bizə çox kömək elədi. Avqustun 25-də səhər saat 10-da hamımızı rus dilindən imla yazmağa çağırdılar. Səhəri günü məlum oldu ki, hamımız siyahıda varıq. Necə mehriban, necə yanımcıl insan idi İsabəy. Belə qayğıkeş adamı kim unuda bilər?!"

Əməkdar müəllim Əhməd Əhmədov sevimli müəllimi haqqında danışarkən deyirdi: "İsabəy müəllim kəndlilərə hər cür kömək edən, yüksək əqidəli, hümanist bir müəllim, xalq balalarına varını, dövlətini və həyatını əsirgəməyən böyük vətənpərvər bir insan idi. Valideynlər öz uşaqlarını məmnuniyyətlə İsabəyə oxumağa verirdilər. Onun kəskin və ciddi xarakterindən çəkinən dindarlar İsabəylə münaqişəyə o qədər də həvəslə girişmədilər".

Əhməd müəllimin və qeyrilərinin xatirələrindən aydın olur ki, Şıxlı kəndində rus dilində ilk dəfə danışan məhz İsabəy olmuşdur. O, uşaqlara rus və Azərbaycan ədəbiyyatından çoxlu şeir və hekayə oxutdururmuş. Ehtimal var ki, özü də hərdən hekayələr, rəvayətlər yazırmış.

İsabəy Şıxlı kəndində 12 il işləyib. Həmin müddət ərzində onun tövsiyəsi ilə Qori seminariyasına 15 nəfər qəbul olunub. Şıxlıdan ayrılan İsabəy, bəzi məlumatlara görə, bir ara Batumda və Türkiyədə yetimlər evinin müdiri olub, sonra isə uzun müddət Ağdaşda dərs deyib, Zaqatalaya gedib orada  kənd təsərrüfatı texnikumunda işləyib.

Əməkdar elm xadimi, akademik İmam Mustafayev bir müddət İsabəy Abakarovun tələbəsi olub. İmam Mustafayev yazır ki, "1922-ci ildə Zaqatalada keçmiş sənət məktəbinin əsasında sənaye və kənd təsərrüfatı texnikumu təşkil olunmuşdu. Mən də həmin texnikumun ilk tələbələrindən biri idim. Biz tam internat şəraitində yaşayır və təhsil alırdıq. Saçı-saqqalı ağarmış nurani, qocaman bir müəllimimiz vardı - İsabəy Abakarov. O, texnikumun həyətində işçi-qulluqçular yaşayan binada birotaqlı mənzildə qalırdı. Dərsdən sonra da tələbələrlə bir yerdə olardı. Onları müxtəlif dərnəklərə cəlb edərdi. İ.Abakarov hərtərəfli inkişaf etmiş, çox mülayim xasiyyətli bir insan olduğu üçün tələbələr onu öz ataları, babaları kimi sevər, hörmətini saxlardılar. O, bizə taxtadan, ağacdan, dəmirdən müxtəlif əşyalar düzəltməyi öyrədərdi. İsabəy həm də foto çəkməyi, kitab cildləməyi, bayram fişəngləri düzəltməyi və başqa sənətləri öyrədərdi. İstirahət günləri bizi şəhərin ətrafında olan dağlara və meşələrə gəzməyə aparardı".

İsabəy Abakarov tələbələrə elmi biliklər aşılamaqla bərabər onların mədəni inkişafına da xüsusi fikir verərdi. Müəllim Əli Abbasovla birlikdə dram dərnəyi təşkil etmişdi. "Ölülər" və "İblis" kimi əsərlərlə çıxış edərdik. Hətta birsimli orkestr də yaratmışdı. İsabəy xüsusilə fərqlənən tələbələrə musiqi alətləri, rəsm və cizgi ləvazimatları alıb verərdi. İ.Məmmədov adlı bir tələbəyə skripka, Ağazadəyə isə böyük kameralı "Tseys" markalı fotoaparat bağışlamışdı.

Akademik İ.Mustafayev bir faktı da xüsusi vurğulayır: "O zaman Zaqatalada qızlar üçün darülmüəllimat təşkil edilmişdi, müdiri Badisəba xanım idi. O, görkəmli maarifçi, ədəbiyyatşünas Firidun bəy Köçərlinin həyat yoldaşı idi. İsabəyi tez-tez qızlarla söhbətə çağırardılar. Onun maraqlı söhbətləri ilə bu iki məktəb arasında müəyyən əlaqə, ünsiyyət yaranmışdı".

İ.Mustafayev 1927-ci ildə texnikumu bitirib əvvəl Balakən rayonuna, sonra Ağdama, Tərtərə getdi. Hər dəfə Zaqatalaya gələndə sevimli müəllimi İsabəyi axtarıb tapırdı.

Əməkdar elm xadimi Mirəli Axundovun da xatirəsi maraqlıdır. Onu bizə əməkdar jurnalist Vaqif Musayev təqdim edib. Professor M.Axundov yazır ki, "İsabəy müəllimin adını ilk dəfə 1923-cü ildə Bakı Darülmüəllimində oxuyarkən məşhur maarifçi Soltan Məcid Qənizadədən eşitdim. Elimizin görkəmli pedaqoqlarından söz düşəndə dedi ki, Azərbaycanda İsabəy Abakarov adlı məşhur bir müəllim var. Öz işinin kamil bilicisidir. Mən bu adlı-sanlı müəllimi görmək arzusu ilə yaşayırdım. Bakı Darülmüəllimini bitirib öz xahişimlə Zaqatalaya getdim. O zaman 21 yaşım var idi. Məni sənaye kənd təsərrüfatı texnikumuna işə dəvət etdilər. İsabəy Abakarovla burada tanış oldum. Elə ilk vaxtlardan həqiqi dostluğumuz başlandı. O, məktəbin bir otağında yaşayırdı. Hər dəfə növbətçi olanda onun yanında qalardım. O, gözəl yeməklər hazırlayar məni qonaq edərdi.

Mən onun şəxsində sözün əsl mənasında həqiqi bir pedaqoq, qayğıkeş insan gördüm. O, klassik bir pedaqoq idi. Bütün hərəkət davranışına, tədris prosesinin təşkilindəki məharətinə valeh olmuşdum. Mən ondan müəllim işinin ən incə sirlərini öyrənirdim, özümü ona oxşatmağa çalışırdım. İsabəy təhsil üçün lazım olan fənləri - riyaziyyatı, təbiəti, coğrafiyanı s. kamil surətdə bilirdi. Onun əlindən hesab elminə dair bir məsələ, bir misal qurtarmazdı.

İsabəy müəllim hər il yay tətilində Avropaya səyahət edərdi. Mənim üçün o, canlı coğrafiya kitabı idi. Çoxlu maraqlı adamla görüşmüşdü. Tez-tez Lev Tolstoyla məktublaşmasından onun yanında olmasından danışardı. Böyük ədib məşhur "Hacı Murad" povestini yazarkən həmyerlimizin verdiyi məlumatlardan da istifadə etmişdir. Bu cür dəyərli insanların gərək qədrini bilək, adlarını təbliğ edək, əməllərini yaşadaq".

İsabəy Abakarov 1942-ci ildə doğma Güllük kəndində vəfat edib. Son vaxtlara qədər qəbri məlum deyildi. İndi məlumdur, kənd məscidinin yanında uyuyur.

Deyirlər ki, iki sandıqdan ibarət zəngin arxivi var idi. Müharibə vaxtı yandırılıb. Əhvalat belə olub: İsabəyin qardaşı oğlu Əbdül Lağarov kənddə aqronom işləyirmiş. Bir dəfə söhbət zamanı cəbhədə vəziyyətin gərgin olduğundan gileylənir. Kimsə söhbəti şişirdilmiş şəkildə lazımi yerlərə çatdırır. Əbdül Lağarov həbs edilir. Ailə üzvləri şübhə doğuracaq sənədləri, o cümlədən İsabəy Abakarovun bütün arxivini təndirdə yandırırlar.

Bu günlərdə İsabəyin məktəbində olduq. Damın divarı uçsa da, yeri-yurdu aydın bilinir. Xeyli adam yığışdı. Çoxu bu qədim təhsil ocağı barədə xoş xatirələr söylədi. Qonşuluqda yaşayan hərbçi, mayor Qurban Mikayılov dedi ki, İsabəyin məktəbi yetmişinci illərə kimi fəaliyyət göstərirdi. Bir vaxtı xalq şairi Osman Sarıvəlli, xalq yazıçısı Mehdi Hüseyn  digər tanınmış adamlar burada təhsil alıblar. 1924-cü ildə Səməd Vurğun bu məktəbin müdiri olub. Sonralar biz burada oxumuşuq. İndi kəndin müasir quruluşlu təzə məktəbi olsa da, İsabəyin məktəbi bizim üçün doğmadır, əzizdir. Bu ilkin təhsil ocağında yüzlərlə adlı-sanlı mütəxəssis, alim, qəhrəman, deputat yetişib. Gərək belə məbədi bərpa edək, qoruyaq. Burada bəlkə təhsilin inkişafını əks etdirən yığcam bir muzey düzəldək. Ən baxımlı yerdə xatirə lövhəsi vuraq. Qoy bu ilkin işıq çeşməsi tarixin yadigarı kimi yaşasın.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 7.