Azərbaycan Tibb
Universitetinin Tədris-Cərrahiyyə Klinikasının
açılışı olmuşdur
Prezident
İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 12-də Azərbaycan Tibb
Universitetinin Tədris-Cərrahiyyə Klinikasının
açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə
iştirak etmişlər.
Dövlət
başçısı klinikanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Prezident
İlham Əliyevin sərəncamı əsasında Azərbaycan
Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə
Klinikasının müasir səviyyədə inşası
dövlətimizin bu nüfuzlu ali təhsil ocağının
inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə
diqqət və qayğısının əyani göstəricisidir.
Klinikada tədrislə yanaşı, əhaliyə yüksək
diaqnostik və cərrahi müalicə-tibbi yardım da
göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə,
uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi,
oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər
şöbələr fəaliyyət göstərəcəkdir.
Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar
aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən
müasir avadanlıqla təchiz edilmişdir.
Azərbaycan
Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov dövlət
başçısına klinika barədə məlumat verdi.
Bildirildi ki, tibb ocağının inşaat işləri
"Azərinşaat Qranit" MMC tərəfindən həyata
keçirilmişdir. Ümumi ərazisi 45 min kvadratmetr olan
klinikanın binası orijinal memarlıq üslubunda inşa
edilmişdir. On üç mərtəbəli binanın həyətində
geniş abadlıq işləri görülmüşdür.
Azərbaycan
Prezidentinə klinikadakı kafedralar və şöbələr
haqqında məlumat verildi. Bildirildi ki, burada cərrahi
və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə
fəaliyyət göstərir. İl ərzində burada 2 min
800 tələbənin, 400-dən çox rezidentin, 20-dən
artıq doktorantın cərrahi ixtisaslı fənlər
üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə
fəlsəfə doktoru məşğul olacaqdır.
Diqqətə
çatdırıldı ki, klinikada imtahan və kompyuter
zalları da müasir avadanlıqla təchiz edilmişdir.
Burada kursların və dövlət imtahanlarının
keçirilməsi üçün kompyuterlə təchiz
olunmuş zallar da vardır.
Yüksək
zövqlə inşa edilən binanın foyesində Heydər
Əliyev guşəsi yaradılmışdır. Guşədə
ümummilli liderin Azərbaycan səhiyyəsinin
inkişafı və universitetin həyatında əvəzedilməz
rolu barədə məlumat verilir. Burada Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın bu tibb ocağında keçirilən tədbirlərdə
iştiraklarını əks etdirən fotostend vardır.
Qeyd edildi ki,
klinikanın şöbələrində ən müasir tibbi
avadanlıq quraşdırılmışdır. Bu cihazlar
müayinə və müalicə işini ən yüksək
səviyyədə həyata keçirməyə tam imkan
verir. Klinikanın həkim, dərs və kompyuter otaqları
bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Burada həmçinin ictimai tədbirlərin
keçirilməsi üçün xüsusi akustika və
müasir multimedia sistemlərinin
quraşdırıldığı 250 yerlik konfrans zalı da
vardır. Ümumilikdə klinikada hər biri 100 nəfərlik
olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ
üçün treninq otağı
yaradılmışdır. Klinikanın şöbələrində
quraşdırılan avadanlıq dünyanın aparıcı
şirkətlərinin istehsalıdır. Bu cihazlar vasitəsilə
qısa müddətə müayinələrin nəticələrini
daha dəqiq əldə etmək mümkündür.
Məlumat
verildi ki, klinikanın mərkəzi laboratoriyası yüksək
səviyyədə qurulmuşdur. Ölkənin yeganə
universitet klinikası olan bu bölmədə biokimya,
mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr
fəaliyyət göstərir. Laboratoriyada dünya universitetlərinin
referens laboratoriyalarında istifadə olunan tam
avtomatlaşdırılmış, ən müasir biokimyəvi,
mikrobioloji, immunoloji, genetik və digər analizatorlar vardır.
Bu isə istənilən laborator müayinələri maksimum
az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir.
Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə
Təşkilatının qəbul etdiyi "CLSI"
standartlarına uyğun biokimyəvi və immunoloji analizlər
aparılacaqdır. Pasiyentlər dünyanın istənilən
ölkəsindən şəxsi kodları ilə klinikanın
saytına daxil olaraq laborator analizlərinin nəticələrini
əldə edə biləcəklər.
Diqqətə
çatdırıldı ki, buradakı avadanlıq tibbi
müayinələrin görüntülərini də yüksək
səviyyədə əldə etməyə imkan verir. Klinikada
həmçinin "Tesla" maqnit rezonans tomoqrafı, 128 kəsikli
kompyuter tomoqrafı, iki yüksək
tezlikli rəqəmsal rentgen qurğusu, universal tipli angeoqraf,
4D rejimli ultrasəs müayinəsi
aparatı quraşdırılmışdır.
Üçüncü
mərtəbədə 20 çarpayılıq 5 reanimasiya
zalı, 18 əməliyyatxana yaradılmışdır.
Reanimasiya zallarında Avropa istehsalı olan
çoxfunksiyalı elektrik yataqlar, mərkəzləşdirilmiş
qaz sistemləri, monitorlar, süni tənəffüs
cihazları quraşdırılmışdır. Burada çətinliyindən
asılı olmayaraq, reanimasion-intensiv terapiya xidmətləri
xaricdə təhsil almış təcrübəli reanimatoloqlar
tərəfindən icra edilir. Burada
quraşdırılan xüsusi çoxfunksiyalı
işıqlandırma sistemi və kamera vasitəsilə əməliyyat
prosesləri dərs otaqlarına, tədris və konfrans
zallarına, həmçinin xaricdəki yüksəkixtisaslı
mütəxəssislərə ötürülə bilir və
tibb müəssisəsinin arxivinə yüklənir.
Klinikanın hər
cür lazımi avadanlıq, o cümlədən yumşaq və
bərk inventarla təchiz edilmiş palataları müasir səviyyədədir.
Binanın müxtəlif mərtəbələrində
palatalar fəaliyyət göstərəcəkdir.
Bu tibbi mərkəzdə
tələbələrin, rezidentlərin və doktorantların
təhsili və biliklərini artırmaları
üçün mühazirə
zalı, müxtəlif sahələrə aid bacarıq
laboratoriyası vardır. Gənc mütəxəssis
hazırlığını dünya standartları səviyyəsində
aparmaq üçün MDB məkanında analoqu olmayan
bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj
simulyantlar quraşdırılmışdır. Buradakı bir
çox avadanlığın üstünlüyü
ondadır ki, bu cihazlara kompyuterə yüklənmiş məlumatlarla
yanaşı, xəstənin də maqnit rezonans, rentgen,
kompyuter tomoqrafiyasından alınan görüntülərini
yükləmək olur. Dünyanın yalnız bəzi
aparıcı ölkələrinin tibb müəssisələrində
olan bu avadanlıq tələbələrin nəzəri və
praktiki biliklərini təkmilləşdirməkdə müstəsna
əhəmiyyətə malikdir. Klinikanın bütün
avadanlığı tibb elminin ən son nailiyyətlərinə
cavab verir və yerli "ARASH Medical" şirkəti tərəfindən
quraşdırılmışdır.
Klinikada
yaradılan şəraitlə tanış olan Prezident
İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə
kollektivi ilə görüşdü.
* * *
Görüş
iştirakçılarını salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Bu gün
çox əlamətdar bir gündür. Biz Bakı şəhərində
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikasının açılışına
toplaşmışıq. Bu gözəl hadisə münasibətilə
sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin
bütün professor-müəllim heyətini, bütün tələbələri
təbrik edirəm.
Gözəl mərkəzdir,
gözəl tibb ocağıdır. İndi mərkəzin
müxtəlif bölmələri
ilə tanış oldum. Bir daha görürəm ki, Azərbaycanda
artıq səhiyyə sahəsində işlər ən
yüksək səviyyədə görülür.
Xatırlayıram
ki, üç il bundan əvvəl bu klinikanın təməl
daşını qoyduq. O vaxt - üç il bundan əvvəl
Tədris-Terapevtik Klinikanın
açılışını da qeyd etdik. O vaxt rektor və
professor-müəllim heyətinin nümayəndələri
müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının
tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin
ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra
dövlət büdcəsi hesabına bir neçə il ərzində
bu gözəl tibb mərkəzi yaradılmışdır.
Deyə bilərəm
ki, Azərbaycanda son illər ərzində yaradılmış
tibbi mərkəzlər arasında bu gün bu mərkəzin
xüsusi yeri vardır. Öz gözəlliyi,
memarlığı və funksional cəhətləri ilə
seçilən bir klinikadır.
O
vaxt belə bir klinikanın yaradılması iki məqsədi
güdürdü. İlk növbədə qarşıda Azərbaycan
Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə
qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda
bütün cərrahiyyə yönümlü kafedraları
bir yerə yığmaq məsələsi
qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda Azərbaycanda
yeni, müasir tibb mərkəzinin yaradılması da təmin
edilmişdir. Yəni burada həm təhsil, həm səhiyyə
- ölkəmiz üçün vacib olan iki sahə birləşir.
Burada bütün işlər ən yüksək səviyyədə
təşkil edilmişdir. Ən müasir avadanlıq
quraşdırılıb, çox gözəl şərait
vardır, çox gözəl binadır. Həkimlər, tələbələr
üçün burada ən gözəl şərait
yaradılmışdır. Belə də olmalıdır.
Çünki Azərbaycan uğurla və sürətlə
inkişaf edir. Ölkə qarşısında duran
bütün vəzifələr icra edilir. O cümlədən
səhiyyə, təhsil sahələrində qarşıda
duran vəzifələr icra edilir. Son illər ərzində Azərbaycanda
500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər
ölkəmizin bütün bölgələrini əhatə
edir. On beş şəhərdə diaqnostika mərkəzi
yaradılmışdır. Bu gün, demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli
tibbi xidmət almaq üçün gözəl imkanlar vardır.
Səhiyyənin maddi-texniki bazası möhkəmlənir,
güclənir. Əminəm ki, yaxın bir-iki il ərzində
artıq bütün şəhərlərimizdə ən
gözəl klinikalar yaradılacaqdır.
Təkcə
son iki həftə ərzində ölkəmizin bir neçə
şəhərində müasir xəstəxanalar
açılmışdır. Deyə bilərəm ki,
bölgələrdə, rayonlarda istifadəyə verilmiş xəstəxanalar
da ən müasir avadanlıqla təchiz edilir və ən
yüksək standartlara malikdir.
Azərbaycan
Tibb Universiteti ölkəmizdə həkim kadrların
hazırlanmasında xüsusi rol oynayan ali məktəbdir. Bu ali məktəbin böyük tarixi, gözəl ənənələri
və əminəm ki, gözəl gələcəyi
vardır. Çünki bu gün müstəqil Azərbaycanda
səhiyyə sahəsinə ayrılan xərclər artır,
səhiyyənin maddi-texniki bazası möhkəmlənir.
Belə olan halda, əlbəttə ki, tibbi xidmətin səviyyəsi
də artmalıdır.
Universitetdə
çox böyük təcrübəyə, biliklərə
malik olan professor-müəllim heyəti vardır. Əlbəttə
ki, sizin bilikləriniz gənc nəslə ötürülür.
Elə etməliyik ki, gənc nəsil, gənc həkimlər
dünyada səhiyyə sahəsində gedən bütün
prosesləri yaxından izləyə bilsinlər. Bunu etmək
üçün burada imkanlar, kompyuter otaqları vardır.
Əminəm ki, müxtəlif ali məktəblərlə
canlı bağlantı da yaradıla bilər. Əməliyyatların
izlənməsi üçün gözəl şərait
vardır.
Beləliklə,
bizim gənc həkimlərimiz dünyada səhiyyə sahəsində
gedən bütün mütərəqqi yenilikləri bilməlidirlər.
Çünki bu gün dünyada səhiyyə elmi çox
sürətlə inkişaf edir. Siz həkimlər bunu
hamıdan yaxşı bilirsiniz.
Bu gün vaxtilə müalicəsi mümkün olmayan bir
çox xəstəliklər əgər vaxtında
aşkarlanarsa, müalicə edilir. Diaqnostika cihazları, o
cümlədən burada quraşdırılan kompyuter
tomoqrafları, MRİ, müasir rentgenlər imkan verir ki, istənilən
xəstəlik ilkin mərhələdə aşkarlansın və
düzgün diaqnoz qoyulsun. Artıq bu cihazların
mövcudluğu düzgün diaqnozun qoyulmasında da
mühüm bir addımdır və əlbəttə ki,
müalicə də düzgün aparılmalıdır.
Yəni
dünya səhiyyə elminin uğurlu inkişafı
insanların sağlamlığına bilavasitə bir töhfədir.
Biz çalışmalıyıq ki, dünyada bu sahədə
gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq
olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki
baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin
peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər
daim öz fəaliyyətləri, işləri ilə elə
etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda
istənilən ən ağır əməliyyat
aparıla bilsin. Son
illərdə, deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu
gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları,
orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki,
bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə
üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna
ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət,
ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm
dövlət tərəfindən aparılan siyasət, yeni
tibb ocaqlarının yaradılması, müasir
avadanlığın mövcudluğu və həm də həkimlərin
peşəkarlığı, təkmilləşməsi bizi bu
məqsədə nail olmağa gətirib
çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə
bağlı fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, elə etməliyik
ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac
duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi
elə olmalıdır ki, burada ən yüksək təhsil
almaq üçün imkan olsun. Səhiyyə
sahəsində də həmçinin biz o səviyyəni, əlbəttə
ki, təmin etməliyik.
Əminəm ki, biz buna nail olacağıq.
Çünki son illərdə səhiyyə sahəsində
aparılan islahatlar uğurludur, bununla bərabər hələ
çox iş görülməlidir. Ancaq beynəlxalq
təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı
Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək
qiymətləndirir. Bir müddət əvvəl
Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi
Azərbaycanda gedən islahatları
vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə
hər bir rayonda müasir xəstəxanalar, tibb mərkəzləri
tikilir. O ki qaldı Bakıya, son illərdə
Bakıda, demək olar ki, əsas elmi-tədqiqat səhiyyə
müəssisələrimiz yenidən qurulmuşdur, əsaslı
təmir edilmişdir, bir neçə böyük xəstəxana
tikilmişdir. Yəni bu sahədə biz öz
ardıcıl siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz
üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim
zamanı açılan xəstəxanalar, su xətləri,
ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi
güdür - Azərbaycanda insan sağlamlığı
qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan,
şərait olsun. İndi bütün
bölgələrdə və yaxın zamanlarda hər bir
şəhərdə dializ mərkəzləri tam şəkildə
fəaliyyətə başlayacaqdır. Əksər
şəhərlərdə biz artıq buna nail
olmuşuq. Biz bunun müsbət tərəfini
görürük. Vaxtilə xəstələr
100 kilometrlərlə məsafəni qət etməli olurdular,
böyük şəhərlərdə müalicə
alırdılar. İndi hər bir bölgədə,
deyə bilərəm ki, təxminən hər bir şəhərdə
müasir dializ mərkəzləri vardır. Ona görə insanların
sağlamlığını təmin edən tibbi xidmət bu
gün, əlbəttə ki, daha da yüksək səviyyədədir.
İnsan sağlamlığını şərtləndirən
digər amillər Azərbaycanda, əlbəttə ki,
vardır. Bu sahəyə diqqət
yetirilir. Statistik göstəricilər, - yəqin
ki, həkimlər bunu hamıdan yaxşı bilirlər, - onu
göstərir ki, Azərbaycanda insanların ömrünün
uzunluğu artır, uşaq ölümü azalır.
Bu, səhiyyənin
səviyyəsini göstərən əsas amillərdən
biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan
Tibb Universitetinin böyük tarixi, ənənələri,
gözəl bugünü, gözəl gələcəyi
vardır. Deyə bilərəm ki, biz
həkimlərin bütün xahişlərini
çalışırıq ki, yerinə yetirək. Belə
gözəl klinikalar həm tədris, tibb mərkəzləridir,
eyni zamanda həkimlərin iş yeridir. Hər yerdə, hər
şəhərdə, hər rayonda həkimlərin iş yeri
də bax belə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, bu
gözəl klinikanın açılışı
böyük əlamətdar hadisədir.
Mən çox şadam ki, son illərdə biz
sizinlə bərabər bu gözəl hadisələri qeyd
etmişik. Tibb Universitetinin
ardıcıllıqla klinikaları yaradılır. 2002-ci ildə stomatoloji, 2007-ci ildə onkoloji, 2010-cu
ildə terapevtik klinikaları açılmışdır və
indi cərrahiyyə klinikası artıq fəaliyyətə
başlayır. Bir daha sizi bu gözəl
hadisə münasibətilə ürəkdən təbrik edirəm.
* * *
Azərbaycan Tibb Universitetinin rektoru
Əhliman ƏMİRASLANOV dedi:
- Möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
İcazə verin Tibb Universitetinin
professor-müəllim heyəti, tələbə kollektivi
adından Sizi ürəkdən salamlayım və Tibb
Universitetinin bu möhtəşəm, böyük
klinikasına xoş gəlmisiniz deyim.
Bu gün yeni tədris ilinin
başlaması ərəfəsində, möhtərəm
Prezident, Sizinlə bir yerdə olmaq bizim üçün
çox böyük qürur mənbəyi və sevincdir.
Siz son illərdə artıq
üçüncü dəfədir ki, universitetimizə gəlirsiniz.
Bu, universitetimizə olan hörmətin,
etimadın, qayğının nəticəsidir. İcazə verin bu etimada, bu qayğıya görə
bir daha Sizə dərin təşəkkürümü və
səmimi minnətdarlığımı bildirim.
Mən ayrıca olaraq qeyd etmək istərdim
ki, Azərbaycanda elmin, səhiyyənin, təhsilin, mədəniyyətin,
incəsənətin böyük hamisi olan, vaxtilə
universitetimizdə təhsil almış, Heydər Əliyev
Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva da bu
üç görüşün üçündə də
iştirak edibdir. Mən ona da bütün
kollektiv adından dərin təşəkkürümü və
minnətdarlığımı bildirirəm. Tibb Universiteti fəxr edir ki, - düzdür,
universitetimizi bitirməyibdir, - vaxtilə Mehriban xanım bizim
universitetdə təhsil alıbdır.
Möhtərəm cənab Prezident, ulu
öndər Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə Tibb Universitetinə böyük
qayğı və diqqətlə yanaşmışdır.
Təkcə ikinci dəfə Azərbaycanda
hakimiyyətə gələndən sonra ulu öndər iki dəfə
bizim universitetdə oldu. O ağır, çətin
dövrdə universitetin 11 mərtəbəli möhtəşəm
tədris binası və stomatoloji klinikası ulu öndərin
Tibb Universitetinə çox sanballı bir töhfəsi kimi
yaddaşlara həkk olunubdur. Universitet
klinikalarının yaranması ideyası da ulu öndərə
məxsusdur. Ancaq bu ideyanı, bu universitet
klinikalarının yaranmasını Siz
reallaşdırdınız və Sizin sərəncamlarınızla
bu gün Tibb Universitetinin üç klinikası fəaliyyət
göstərir. Bayaq mən Sizə məruzə
etdiyim kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə verildikdən
bir qədər sonra Sizə tədris-terapevtik klinikanın
yaradılması ilə bağlı müraciət etdik.
Bu gün burada qeyd etdiyiniz kimi, çox çəkmədi
ki, Siz sərəncam imzaladınız. Onun
həm təməl daşının qoyulması, həm də
açılış mərasimlərində Siz Mehriban
xanımla bir yerdə iştirak etdiniz. Universitet
kollektivinə töhfələrinizi verərkən elə
oradaca qeyd etdiniz ki, Tibb Universitetinin daha bir klinikaya
böyük ehtiyacı vardır - cərrahi klinikaya. Siz
cərrahi klinikanın tikilməsi ilə bağlı qərar
verdikdən düz beş il sonra biz bu
klinikanın açılışına
toplaşmışıq.
Hesab edirəm ki, Tibb Universiteti 83 illik
şərəfli tarixinin bu gün ən yaddaqalan, bəlkə
də o tarixə qızıl hərflərlə həkk oluna
biləcək bir gününü, hadisəsini yaşayır.
Çünki bu klinika doğrudan da istər tədris,
istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika
nöqteyi-nəzərindən son dərəcə geniş
imkanlara malik olan, dünyanın bir çox universitetlərinin
klinikaları ilə bir səviyyədə dayana biləcək
bir klinikadır.
Möhtərəm Prezident, böyük məmnuniyyətlə
istərdim Sizə məruzə edim ki, son illər Tibb
Universitetində bu klinikalarda uğurla çalışa biləcək
kadr potensialı yetişibdir və yetişməkdədir. Ona görə, Sizi əmin edirəm ki, bu
klinikanın kadr potensialı ilə bağlı da bir
problemimiz olmayacaqdır. Bu gün tədris-terapevtik
klinikasında dünyanın müxtəlif aparıcı
klinikalarından dəvət olunmuş 10 nəfər korifey sənətkar
çalışır. Bu sənətkarlar
həm tədrislə, həm müalicə işləri ilə
məşğul olurlar, bu və ya digər sahənin
inkişaf etdirilməsi üçün bizə son dərəcə
kömək edirlər. Bu da Sizin göstərdiyiniz
qayğının nəticəsidir.
Möhtərəm cənab Prezident, bu
gün bu klinikanın müxtəlif şöbələrini gəzərkən
mən bütün bunların hamısını Sizə məruzə
etdikcə, digər klinikalar barəsində
danışdıqca dedim ki, bunların hamısının səbəbi
son on ildə baş vermiş hadisələrdir, ulu öndər
Heydər Əliyev siyasətinin ölkəmizdə uğurlu
davamı və bu uğurlu davamın aparıcısı kimi
Sizin xidmətlərinizdir. Bu gün Tibb
Universitetindəki bu möhtəşəm işlər Azərbaycanda
görülən işlərin cüzi bir hissəsidir. Budur Heydər Əliyev siyasətinin Azərbaycana
verdiyi töhfələr. Buna görə
bizim əsasımız vardır bu gün deyək, bir daha
vurğulayaq ki, ulu öndərin siyasəti Azərbaycan
xalqını xoşbəxt günlərə aparan yeganə və
alternativi olmayan bir siyasətdir. Azərbaycan
xalqının mütləq əksəriyyəti kimi, Tibb
Universitetinin professor-müəllim heyəti, tələbələri
Heydər Əliyev siyasətini dəstəkləyir və bu
siyasətin davamlı və daimi olması üçün əlindən
gələn bütün işləri edəcəkdir.
Möhtərəm Prezident, son olaraq icazə
verin bu möhtəşəm klinikanı Tibb Universitetinə hədiyyə
etdiyiniz üçün professor-müəllim heyəti, tələbə
kollektivi adından bir daha Sizə dərin təşəkkürümü,
səmimi minnətdarlığımı bildirim. Sizi əmin
edirik ki, bu klinika Azərbaycan xalqının
sağlamlığının keşiyində möhkəm
duracaq, Sizin qarşıya qoyduğunuz
bütün məsələləri yerinə yetirəcəkdir.
Ayrıca olaraq mən Mehriban xanıma da
kollektiv adından bir daha dərin təşəkkürümü
bildirirəm. Sağ olun. Təşəkkür
edirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun!
* * *
Sonra akademik Adilə NAMAZOVA
çıxış edərək dedi:
- Həyatda ən çox sevdiyimiz insan
İlham müəllim! Bu, dördüncü
klinikadır ki, Siz bizə bəxş edirsiniz. Siz bununla bizi xoşbəxt etmisiniz. Doğrudan da çox gözəl binadır. Mənim xəstəxanada əyləşdiyim
otağın pəncərəsi bu binaya baxır. Bu binanın bünövrəsi qoyulandan
axırıncı daşının rənglənməsinə
qədər bütün prosesi izləmişəm. Biz bu klinikalara və bunların ən müasir
avadanlıqla təmin olunmasına görə Sizə minnətdarıq.
Siz bizə çox gözəl şərait
yaratmısınız. Biz hamımız -
burada əyləşənlər və burada olmayanlar təsdiq
edə bilərlər ki, həm özümüz gözəl,
komfort şəraitdə işləyirik, həm də tələbələri,
gələcək həkimləri hazırlayırıq. Onlar nəinki Bakıda, müxtəlif rayonlarda, -
indi rayon demək düzgün deyil, çünki rayon mərkəzlərinin
hamısı indi şəhərdir, - müxtəlif şəhərlərimizdə
işləyirlər. Bax bütün bu
şəraitə görə biz Sizə minnətdarıq.
Mən burada oturan və burada olmayan əməkdaşlarımız,
tələbələrimiz adından Sizə böyük təşəkkürümü
bildirirəm. Sizə möhkəm
cansağlığı, uzun ömür arzulayıram. Biz Sizə çox minnətdarıq. Minnətdarıq ki, ulu öndərimizin
qarşıya qoyduğu məsələlər həyatda
öz reallığını tapır. Buna
görə biz Sizə minnətdarıq.
Möhtərəm Prezident, Siz bizə
çox qayğı göstərmisiniz, bizim həyatımızı
çox dəyişdirmisiniz. Mən Sizdən
bir xahiş etmək istəyirəm. Bizim
Tibb Universitetində on pediatrik kafedramız vardır. On altı tibb elmləri doktoru, professor
çalışır. Pediatriya üzrə
50-yə yaxın dosentimiz vardır. İki
yüzdən çox tibb üzrə fəlsəfə doktoru
çalışır. Burada
doktorantların, dissertantların sayını deyib
vaxtınızı almaq istəmirəm. Üçüncü
ildir ki, biz rezidentlərlə məşğuluq. Yəni
onları qəbul edib dörd il müddətində
biz Sizin köməkliyinizlə xalqa gözəl, yüksək
səviyyəli həkimlər verəcəyik. Bizim
bu kafedralar, bu işçilər, demək olar ki, Bakı
şəhərinin bütün rayonlarına səpələnibdir.
Prezident İlham ƏLİYEV: Mən
başa düşürəm siz söhbəti nəyə
aparırsınız.
Adilə NAMAZOVA: Siz bizə belə bir
pediatrik klinika bəxş etsəniz, bizi də, respublikanın
uşaqlarını da çox xoşbəxt etmiş
olarsınız. Bilirsiniz ki, respublikamızda əhalinin
sayı artıb, bu gün 9 milyon 400 mindir. İnşallah, gələn payıza 10 milyon
olacaqlar. Deməli, respublikada doğum
çoxalıb. Tək-tək yox, əkiz,
üçəm uşaqlar doğulur. Beləliklə,
respublikamızda uşaqların sayı 43-44 faizə
çatıbdır. Onların keşiyində
durmaq üçün bizə savadlı pediatrlar
lazımdır.
Siz bilirsiniz ki, atalar, analar, babalar, nənələr
uşaqları nə dərəcədə çox istəyirlər.
Biz istəyirik ki, Sizin köməyinizlə
onların qayğısına daha yaxından qalaq, onları
sağlam böyüdək. Mən Sizə
söz verirəm ki, respublikamız üçün çox
yaxşı pediatrlar yetişdirəcəyik. Çünki belə şəraitdə işləmək
özü böyük xoşbəxtlikdir. Allah Sizə cansağlığı versin,
ömrünüz uzun olsun və bu işləri daha da yeniləşdirəsiniz,
- çünki Siz novatorsunuz, - bizə də kömək edəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Adilə xanım çox gözəl təklif verdi
və sonra o təklifi də gözəl əsaslandırdı.
Mən hesab edirəm ki, biz bu təklifə
baxmalıyıq. Hesab edirəm ki, bu təklifə
müsbət cavab verilə bilər. Xahiş
edirəm ki, siz yeri seçin. Təklifi rəsmi
qaydada göndərin. Pediatrik klinikanın tikintisinə də
müsbət münasibət ola bilər.
Doğrudan da bu gün Azərbaycanın
imkanları böyük dərəcədə
artmışdır. Hətta
o vaxt imkanlarımız məhdud olanda da ulu öndər Heydər
Əliyev məhz Tibb Universitetinin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün çox vacib
addımlar atmışdır, qərarlar vermişdir. O
vaxt dövlət büdcəmiz indikindən 20 dəfə az idi. O vaxt hələ bizim əsas energetika,
neft-qaz layihələrimiz icra edilmirdi. Ona görə
büdcədə kifayət qədər problemlər var idi.
Gəlir mənbələrimiz o qədər də
çox deyildi. Ancaq buna baxmayaraq, hətta
o vaxt səhiyyə məsələlərinin həllinə,
Tibb Universitetinin fəaliyyətinə böyük diqqət
verilirdi. Əlbəttə ki, bu gün Azərbaycan
güclü dövlətə çevrilibdir. Son illər ərzində ulu öndərin siyasətinə
sadiq qalaraq biz ölkəmizi böyük dərəcədə
inkişaf etdirə bilmişik. Bu gün
dünyada yaşanan böhranlara baxmayaraq, Azərbaycan öz
yolu ilə gedir. Bölgələrdə
olarkən mən bir fikri tez-tez vurğulayıram ki, bu gün
bir çox inkişaf etmiş ölkələrdə tibbi mərkəzlər
tikilmir. Çünki maliyyə
böhranı yaşanır. Azərbaycanda
tikilir, özü də təkcə Bakıda deyil, hər yerdə.
Bax təkcə son 2-3 həftə ərzində
Cəlilabadda, Lənkəranda, Astarada, Yevlaxda, Ağcabədidə,
digər şəhərlərdə yeni gözəl xəstəxanalar
açılmışdır. Ona görə biz
düşünülmüş iqtisadi siyasətimizlə özümüzü siyasi və
iqtisadi cəhətdən dünyada gedən bütün mənfi
meyillərdən qoruya bildik. Bizim büdcəmiz
ildən-ilə artır. Büdcəmiz həm
investisiya, həm sosialyönümlüdür. Büdcədə sosial məsələlərin həlli
üçün xüsusi yer vardır. Bu il
səhiyyə məsələlərinin həlli
üçün bir milyard manata yaxın vəsait ayrılmışdır.
Ona görə hazırda maliyyə vəziyyətimiz
imkan verir ki, biz bundan sonra da səhiyyə infrastrukturunun
yaradılmasına vəsait ayıraq. Pediatrik
klinikanın tikintisi də, güman edirəm ki, gələn
ilin investisiya proqramına salına bilər.
* * *
Daha sonra tələbə, Prezident təqaüdçüsü
Xatın MƏMMƏDOVA dedi:
- Möhtərəm cənab Prezident, Siz
daim elmə, təhsilə, səhiyyəyə və biz gənclərə
xüsusi diqqət və qayğı göstərirsiniz. Elə
həmin diqqət və qayğının nəticəsidir
ki, respublikamızda hər il keçirilən
qəbul imtahanlarında mükəmməl təhsil
almış yüzlərlə Azərbaycan gənci yüksək
nəticələr göstərir və Prezident təqaüdünə
layiq görülür. Bu gün mən Azərbaycan Tibb
Universitetinin Prezident təqaüdünə layiq
görülmüş bir tələbəsi kimi əminliklə
deyə bilərəm ki, universitetimizdə təhsil alan hər bir tələbə daim Sizin biz tələbələrə,
təhsilə və səhiyyəyə göstərdiyiniz diqqət
və qayğının şahidi oluruq. Belə ki,
universitetimizin ayrı-ayrı korpuslarında, eləcə də hər
cür müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikalarında
yaradılmış mükəmməl şərait və
professor-müəllim heyətinin səyi nəticəsində
biz təbabətin ən müxtəlif sahələrində gələcəyin
savadlı kadrları kimi
yetişirik. Buna görə də həm
öz adımdan, həm universitetimizin bütün tələbələri
adından, həm də digər təhsil ocaqlarında gələcəyin
savadlı kadrı kimi yetişən hər bir tələbə
adından Sizə öz təşəkkürümü və
minnətdarlığımı bildirirəm.
Hörmətli Mehriban xanım, Siz həm
Heydər Əliyev Fondunun rəhbəri, həm UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri, həm də respublikamızın
birinci xanımı kimi daim biz gənclərə, elmə, təhsilə,
səhiyyəyə qayğı göstərirsiniz. Azərbaycan
xalqının
milli mədəni irsinin, incəsənətinin,
milli musiqisinin dünya səviyyəsində tanınması
üçün əlinizdən gələni əsirgəmirsiniz
və bunun üçün çox böyük işlər
görürsünüz. Buna görə də
Sizə, hörmətli Mehriban xanım və Sizə, cənab
Prezident, öz dərin təşəkkürümü və
minnətdarlığımı bildirirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun,
biz hələ gələcəkdə çox
görüşəcəyik. Çünki hələ
görüləcək işlər çoxdur,
açılışlar da olacaqdır. Bir
daha fürsətdən istifadə edərək sizi ürəkdən
təbrik etmək istəyirəm. Bir daha
Azərbaycanın bütün həkimlərinə öz
salamlarımı, hörmətimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, mən həkim ailəsində
böyümüşəm. Xoşbəxtlikdən
bizim uşaqlarımız da həkim ailəsində
böyüyüblər. Ona görə həkim
peşəsi bizim üçün çox əzizdir,
doğmadır. Sizi bir daha salamlayıram,
öz hörmətimi və məhəbbətimi bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, mən
bundan sonra da səhiyyə məsələlərinin həllinə
diqqətimi əsirgəməyəcəyəm.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 13 sentyabr.- S.
1-2.