Azərbaycan polisi seçkilər zamanı qanunla üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcəkdir

 

Sentyabrın 12-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirmişlər ki, qonaqları salamlayan nazir asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, prezident seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, prezidentliyə namizədlərin təhlükəsizliyinin qorunması, səsvermə hüququ olan bütün vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmin olunması və digər vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə DİN  tərəfindən xüsusi tədbirlər planı hazırlanmış və icrası üçün ərazi polis orqanlarına göndərilmişdir.

Bununla yanaşı, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər də diqqət mərkəzindədir.

Avropalı deputatların nəzərinə o da çatdırılmışdır ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər də operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Bunun nəticəsidir ki, son 5 ilcari ilin ötən dövrü ərzində vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalar, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1.407 əməkdaş cəzalandırılmışdır. Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalmışdır.

Daxili işlər naziri qonaqları əmin etmişdir ki, polis seçkilər zamanı qanunla üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcəkdir.

Robert Uolter və AŞ PA-nın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının digər üzvləri səmimi görüşə, ətraflı məlumata görə minnətdarlıqlarını bildirmişlər. 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış, nazir Seçkiqabağı Missiyanın üzvlərini maraqlandıran sualları ətraflı cavablandırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.