Gənclər Azərbaycanın daha uğurlu gələcəyi naminə birləşir

 

Avqustun 30-dan sentyabr ayının 1-dək Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) XI Yay Forumu keçirildi. Dünyanın 45 ölkəsindən 600 nəfərin iştirak etdiyi tədbirdə gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər, riyaziyyatçılar, bioloqlar və bir çox digər ixtisaslara malik peşəkar gənclər var idi. Bu gənclər təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında tamamlamış, bir qismi isə hal hazırda davam etdirməkdədirlər.

Forum zamanı onların ASAİF-in fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik.

 

Bakı forumu ASAİF-i bir addım da irəli apardı

 

 

Rüfət ƏZİZOV,

 

ASAİF-in həmtəsisçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru:

 

- ASAİF-in hər il keçirilən forumlarının 11-cisi Bakıda baş tutdu. Bu forum digər toplantılardan çox fərqləndi. Burada müzakirə olunan mövzular, keçirilmə formatı və iştirakçıların sayının 600-dən çox olması ASAİF-in təşkil etdiyi gənclər birliyinin səmərəli fəaliyyətinin təzahürüdür. ASAİF-in məqsədi xaricdə təhsil alan və məzunu olan azərbaycanlı tələbələrin şəbəkəsini yaratmaq və ölkəmizin milli maraqlarını xaricdə yüksək səviyyədə təbliğ etməkdir. Eləcə də həmin gənclərlə dövlət məmurları, orqanları arasında bir körpü rolunu oynamaqdır ki, bu da keçirdiyimiz forumlarda özünü göstərib. İstənilən tələbə istədiyi dövlət rəsmisinə öz müraciətini ünvanlaya və cavab ala bilir. Builki forum çox sərbəst keçirildi. Hesab edirəm ki, bu forum ASAİF-i bir addım da irəli aparacaq və təşkilatın daha da genişlənməsinə, digər gənclər təşkilatları ilə əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq.

ASAİF yarananda nəzərdə tutduğu planların əksəriyyəti həyata keçirilib. Yeniləşən dünyada ASAİF yeni layihələr, proqramlar həyata keçirməyə çalışır. Azərbaycan bu gün inkişaf etməkdə olan ölkələr sırasındadır və hər gün yeniliklər baş verir. ASAİF də dinamik tərəqqi naminə qarşısına yeni hədəflər qoyur və onları həyata keçirməyə çalışır. Bu illər ərzində ASAİF öz məqsədlərinə nail olmuşdur. Müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi, Azərbaycanın problemlərini dünya ictimaiyyətinə yeni formatda, onların başa düşəcəyi dildə təqdim olunması kimi addımlar atılır. Bu, ASAİF-in missiyasıdır və gələcəkdə də davam etdiriləcək.

 

 

Bakı forumu gənclərimizin ASAİF-ə inamını daha da artırdı

 

Vüsal QURBANOV,

 

ASAİF-in baş katibi, Çinin Tsinghua Universitetinin beynəlxalq hüquq fakültəsinin magistri:

 

- ASAİF-in Bakı Forumu xaricdə təhsil alan gənclər üçün bir karyera forumu olmaqla yanaşı, onların təhsil aldıqları ölkələrdə tək olmadıqlarını bir daha sübut etdi. Bakıya toplaşan gənclər hiss etdilər ki, ASAİF hər zaman onlara dəstəkdir və istənilən məsələnin həllində yardımçı olmağa hazırdı.

Hesab edirik ki, Azərbaycanda son 10 ildə gənclərin xaricdə təhsil almaları üçün şəraitin yaradılması ölkənin gələcək inkişafına verilən ən böyük töhfədir. Bu gün azərbaycanlı gənclər zəruri ixtisaslar üzrə xaricdə təhsil alır. Onların ölkənin inkişafına töhfə verməsini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət proqramının reallaşdırılmasının başlıca məqsədi neft kapitalının insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsini təmin etməkdir. Hazırda uğurla həyata keçirilən dövlət proqramı, eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. ASAİF bu tələbələrin şəbəkələşməsi üçün əlindən gələni əsirgəmir və qurumun fəaliyyəti demək olar ki, müsbət qiymətləndirilir. Bu gün xaricə gedən hər bir azərbaycanlı gənc düşünməlidir ki, onlar Azərbaycanın gələcəyini uğurlu inkişafa aparan gənclərdirlər. Məhz buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik məsələlərdir.  Biz ASAİF-çilər hesab edirik ki, xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Bu gün xaricə gedən hər bir gənc yalnız təhsildə deyil, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanda baş verən siyasi proseslərdə fəal olmalıdır. Təhsildə uğurlardan danışan zaman Azərbaycanın da artıq xaricdən gələn tələbələr üçün bir arzu olmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı nəticəsində bu gün Azərbaycanda yaradılmış elm və təhsil müəssisələri dünyanın ən qabaqcıl elm mərkəzləri ilə rəqabətə girməyi bacarır.

Azərbaycan nadir ölkələrdən biridir ki, təhsil sisteminin, elmin inkişafı üçün bu qədər işlər görülür. Yalnız son dövrlərdə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Gənclər Fondunu xüsusi qeyd etmək lazımdır. Məhz bu fondların ayırdığı qrantlar hesabına azərbaycanlı gənclərin təhsil almaları, öz potensiallarını üzə çıxarmaları üçün şərait yaradılıb. İnanıram ki, məhz ölkə rəhbərliyinin qayğısı nəticəsində bizim uğurlarımız daha da artacaq. Hesab edirəm ki, Bakı forumu gənclərimizin ASAİF-ə olan inamını daha da artırdı

 

ASAİF perspektivli gənclərin vahid platformasıdır

 

Elbin Quliyev,

 

Ukraynanın Xerson Dövlət Universitetinin tələbəsi, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xerson nümayəndəliyinin sədri:

 

- ASAİF-in xaricdə təhsil alan tələbələrin qayğıları üzərində rolu danılmazdır. Çünki bu təşkilat hazırda perspektivli və kreativ gənclərin vahid platformasıdır. Onun hər il keçirdiyi ənənəvi forumlar gəncləri şəbəkələşdirmək baxımından  müsbət qarşılanır. ASAİF minlərlə gənci əhatə edir. Görülən işlər göz qabağındadır. Azərbaycanı xaricdə təmsil edən bir şəxs kimi, deyə bilərəm ki, xaricdə təhsil alan hər bir tələbə gənc səfir missiyası daşıyır. Biz çalışırıq ki, bu missiyanı layiqincə yerinə yetirək, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və adət-ənənələrini müsbət mənada təbliğ edək.

Bununla bərabər, əsas amalımızdan biri də qan yaddaşımız olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinə çatdırmaqdır. ASAİF çalışır ki, bu problemi, yəni Azərbaycan həqiqətlərini, erməni terrorunu, xalqımıza qarşı törədilən soyqırımları xaricdə təhsil alan tələbələrimiz oxuduqları universitetlərdəki yoldaşlarıyla paylaşmaqla yanaşı, müxtəlif təbliğat vasitələri ilə həmin ölkədə yaya bilsinlər. Ona görə də bu qurumun fəaliyyəti bizi çox qane edir. Çalışırıq ki, əlaqələrimiz daha da genişlənsin, şaxələnsin və dünya Azərbaycanın haqq səsini eşitsin. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət həqiqətən ölkəmizin dünyada tanıdılması istiqamətində ciddi uğur hesab olunur. Bunu biz kənardan daha aydın şəkildə görürük və fəxr edirik.

 

 

ASAİF-in hər forumu yeni başlanğıc, yeni həyəcan, yeni təcrübədir

 

 

 

Rəna Axundlu,

 

Böyük Britaniyanın "York" Universitetinin  məzunu:

 

- Son üç ildə ASAİF-in tədbirlərinə qatılıram. ASAİF mənə nələr verdi? İlk olaraq diaspor fəaliyyətində mənə çox kömək göstərdi. Daha sonra ölkəmizi vətəndən kənarda, xüsusən də Böyük Britaniya kimi bir ölkədə təmsil etməkdə dəstək oldu. Bununla bərabər, şəbəkələşirik, xeyli savadlı, dünyagörüşlü dostlar qazanırıq. Onlarla fikirlərimizi paylaşırıq. İnanıram ki, bunların hamısı mənim gələcək karyeramda çox müsbət rol oynayacaq. ASAİF-in hər forumu yeni bir başlanğıc, yeni həyəcandır və zəngin təcrübədir. ASAİF bizləri bir araya yığmaqla nəinki gücümüzün birlikdə olduğuna, həmçinin bir-birimizi tanımaqla əslində nə qədər savadlı və kreativ gəncliyə malik olduğumuza əminlik yaradır və bununla da qürürlandırır. XI Yay Forumu mənə çox şeylər qazandırdı.

Bu forumda dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri ilə üz-üzə dayanıb söhbət etmək, onlarla fikirlərini bölüşmək, eləcə də məsləhətlər almaq şəxsən mənim böyük təcrübə toplamağıma səbəb oldu. Hesab edirəm ki, ASAİF-in hər il təşkil etdiyi bu forumların dövlətimiz üçün uğurlu nəticəsi olacaq və gələcəkdə məhz bu gənclər Azərbaycanı daha da irəli aparacaqlar. 

 

 

ASAİF xaricdə təhsil alan hər bir azərbaycanlı gəncin stimuludur

 

Natiq XƏLİLOV,

 

Çin Xalq Respublikasının Renim (Xalq) Dövlət Universiteninin hüquq fakültəsinin V kurs tələbəsi:

 

- ASAİF-in keçirdiyi bütün forumlarda böyük məmnuniyyətlə iştirak edirəm. Hesab edirəm ki, ASAİF Azərbaycan gəncliyini birləşdirən qurumdur və xaricdə təhsil alan hər bir azərbaycanlının fəaliyyətinə stimul verən təşkilatdır. Bu forumda iştirak edən gənclər şahid olurlar ki, Azərbaycanın böyük dəyərləri var. Eyni zamanda bütün tələbələr bu forumlarda Azərbaycanın xaricdə təmsilçiliyinin hansı formada həyata keçirilməsini öyrənirlər.

Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi inkişaf etməkdə olan ölkəmizi xaricdə layiqincə təmsil edir. Bunu keçirilən tədbirlər, forumlar da təsdiqləyir. Təhsil aldığım Çin Xalq Respublikasında Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməklə məşğul oluruq. Eyni zamanda çalışırıq ki, Çində Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri də tələbə həmkarlarımıza olduğu kimi çatdıraq. Bu missiyanı həyata keçirməklə üzərimizə düşən öhdəliyi yerinə yetiririk. İnanıram ki, Azərbaycan gəncliyi inkişaf etməkdə olan ölkəmizi xaricdə layiqincə təmsil edir.

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 5.